Cavanşir qalasına yürüş
Xalq ağır günündə ona dəstək duracaq övladına üz tutdu. Vətənini, millətini sevən, daim dövləti ilə fəxr edən bu övlad Heydər Əliyev oldu. 1993-cü il iyun ayının 15-də H.Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçilməsi ilə millət sözün əsil mənasında ağır vəziyyətdən qurtuldu. Vətəndaşlarımız Milli Məclisin 1997-ci il tarixli qərarından sonra 15 iyun gününü Milli Qurtuluş Günü kimi hər il bayram edir.
Ərazisinə görə Azərbaycanın böyük rayonlarından biri, füsunkar, əsrarəngiz gözəlliyi, tarixiliyi ilə seçilən İsmayıllıda keçirilən builki tədbir möhtəşəmliyi ilə fərqlənirdi. Belə ki, həmin gün rayonun ən qədim tarixi abidələrindən birinə, Cavanşir qalasına yürüş təşkil olunmuşdu. Yürüşdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər, məktəblilər iştirak edirdi. Yürüş saat 10-da başladı. İştirakçıların sırasındakı gənclər əllərində dövlət bayraqları və plakatlar qalaya doğru addımladıqca coşqu, həvəs daha da artırdı. Cavanşir qalasının ən uca zirvəsinə yetişən gənclər buradan İsmayıllının gözəl görüntüsünü seyr edirdilər. Qalanın zirvəsində milli qürur mənbəyimiz olan bayraqlar dalğalanırdı. Gənclər böyük fəxr hissi içində əsrlərin tarixini özündə əks etdirən zirvədən ayrılıb tədbir keçiriləcək meydana, “Səngər yeri”nə endilər.
Yürüşün proqramına Qurtuluş günü və Cavanşir qalası haqqında məlumatların verilməsi də daxil edilmişdi.
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, Talıstan kənd tam orta məktəbinin tarix müəllimi Xalid Mürşüdov, Gəclər və İdman İdarəsinin rəisi Elçin Nəcəflinin çıxışları diqqətlə dinlənilib. Tədbirdə səslənən milli musiqi və rəqslər tədbir iştirakçılarının zövqünü oxşayıb. Gənclər yürüşün yüksək əhəmiyyəti olduğunu bildiriblər.
Çinarə Bəhərçinli