Kürdmaşı kənd Sovetinə sədr seçiləndə 29 yaşım var idi və heç zaman düşünməzdim ki, ömrümün ən yaddaqalan ili, günü məhz sovet sədri işlədiyim bu dövrdə olacaq.
1981-ci ilin yayı – təsərrüfat işlərinin ən qızğın çağı idi. Səs yayıldı ki, Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev İsmayıllıya gəlir. Rəhbərin bizim təsərrüfata gəlişi şəksiz idi, çünki təsərrüfatımız rayonun ən iri və ən varlı sovxozlarından idi, əhali yaxşı əmək haqqı alırdı, firavan yaşayırdı.
Həqiqətən düşündüyümüz kimi oldu. Ölkə rəhbəri sovxozumuzda çox təntənəli qarşılandı. Yenicə tikilmiş müasir və gözəl üzümçü evində keçirilən görüşdə mən də çıxış etdim. Kəndimizin sosial obyektləri və camaatın dolanacağı barədə rəhbərə geniş məlumat verdim. Sovxozda çalışanların əmək haqlarının yüksək olduğunu, idarə və xəstəxana işçilərinin, müəllimlərin isə təsərrüfatda işləyən fəhlələrdən az əmək haqqı aldıqlarını dedim. Onların əmək haqqının qaldırılmasına kömək etməyi rəhbərdən xahiş etdim. Güldü: ”Bəs deyirdin, hamının əmək haqqı yüksəkdir, nə oldu?” – dedi.
Onsuz da həyəcandan zorla danışırdım, bu sualdan özümü lap itirdim, yarpaq kimi əsirdim. Bunu hiss edən Heydər Əliyev bir ata məhəbbətilə çiyinlərimi qucaqladı, ürəkdən və ucadan xeyli güldü. Yaxşı ki, rayon partiya komitəsinin birinci katibi Qəşəm Aslanov köməyimə çatdı, nə demək istədiyimi rəhbərə səbirlə izah etdi, mən də dərindən nəfəs aldım.
Heydər Əliyev kəndimizi başdan-başa gəzdi, camaatın istifadəsinə verilmiş sosial obyektlərlə tanış olanda isə heyrətini gizlətmədi: “ Şəhəri kəndə köçürmüsüz ki”, – dedi. Bu böyük insan təsərrüfatımızdan da, kəndimizdən də, gördüyümüz işlərdən də, gənc kadrların, xüsusilə qadınların irəli çəkilməsindən də çox razı qaldı.
Respublikamızın birinci şəxsinin rayonumuza, təsərrüfatımıza gəlişi bizə də çox şey verdi.
İnsan həyatı unudulmaz anlarla zəngin olur. Əlçatmaz-ünyetməz uşaqlıq illəri, məktəb həyatı, tələbəlik illəri – hərəsinin bir cür unudulmaz, kövrək xatirəsi var. Ümummilli liderlə olan o unudulmaz görüşün, Heydər Əliyevlə bağlı o bir neçə saatın, o bircə günün ömür kitabımda xüsusi yeri, xüsusi rəngi vardır. O xatirələrin xatirəmdə yeri tamam başqadır. Və o xatirələr heç vaxt silinməyəcək, o rənglər heç vaxt solmayacaq.
4 övladım, 11 nəvəm var. Oğlumun biri 4 il birinci Qarabağ savaşında olub, müharibə əlilidir. Övladlarım da, nəvələrim də Vətəni, Azərbaycanı canlarından çox sevirlər, ümummilli liderə rəğbətləri də sonsuzdur.
Sənubər Zeynalova