Çox böyük həvəslə Buynuz kəndinə gələrək böyük əraziləri hasarlayıb, malikanələr ucaldanlar buranın sosial problemlərinə az da olsa diqqət yetirsəydilər, yığıncaqlar, toplantılar Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə inşa edilən məktəbin darısqal dəhlizində keçirilməzdi.
RİH-nin başçısı Mirdaməd Sadıqov Qalacıqdakı görüş-qəbuldan sonra Buynuz kəndinə gəldi. Buradakı toplantıda da bütün xidmət təşkilatlarının rəhbərləri iştirak edirdi. Bu tədbir də məktəbdə baş tutdu.
Mirdaməd müəllim qəbul-görüşə gələnlərə müraciət edərək dedi:
– Nədən başlamalıyıq? Nəzərə alın ki, ərazinizdə meşələr qorunmayıb, torpaqlardan istifadədə bərabərlik pozulub. Meşə əraziləri ayrı-ayrı şəxslər tərəfindən hasarlanıb. Buynuzun sosial problemlərinə az diqqət yetirilib. Yay otlaqlarına gedən yollar bağlanıb.
Ali təhsil alıb kəndə gələn gənclər gözləmə mövqeyində qalırlar. Kimsə biznes-layihə hazırlayıb iş qurmaq istəmir. İradlarımı ona görə bildirirəm ki, bundan sonra bu kimi hallar təkrar olunmayacaq. Hər işdə dövlətimizin dəstəyini görəcəksiniz. Daha yaxşı yaşamağa haqqınız çatır. Bu haqq sizindir. Sizinlə birgə elə işləyəcəyik ki, hər evə vəsait daxil olsun. Kiminsə haqqına-hüququna toxunulmasın. Kimsə çətinlikdə qalmasın.
RİH-nin başçısı Mirdaməd müəllim arzu, təklif və şikayəti olan hər bir şəxsi dinlədi. Haqlı şikayətlərlə əlaqədar müvafiq idarə müdirlərinə konkret tapşırıqlar verdi.
Rəvan İsgəndərli