Xəlilli kəndində
1700 nəfərə qədər əhalisi olan Gəraybəyli inzibati ərazi dairəsinə daxil olan Xəlilli kəndi RİH-nin başçısı Mirdaməd Sadıqovun növbəti görüş yeri idi. 2 aprel 2013-cü il tarixində Eyyubbəyli, Gəraybəyli və Xəlilli kəndindən olanlar Xəlilli məktəbinə gəlmişdilər. Onlar rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd müəllimi görmək, başlanan böyük işlər, həyata keçiriləcək inkişaf proqramı barədə informasiyanı özündən almaq, həm də mövcud problemləri qaldırmaq istəyində idilər.
İclas zalına daxil olan Mirdaməd müəllim sakinləri səmimi salamladıqdan sonra dedi:
– Mən cənab Prezident İlham Əliyevə minnətdaram ki, məni sizinlə birgə işləməyə, həyat fəaliyyətinizdə sizə yardımçı olmağa göndərib. Sizin çətinliklərinizi bildiyim, işgüzarlığınıza, dövlətə sədaqətinizə bələd olduğum üçün məmnuniyyətlə rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə gəldim. İndi bir yerdəyik. Fikirləşək, nə edək ki, daha çox inkişafa nail olaq? Yaşamaq üçün özümüzə güvənək. Müasir iqtisadi idarəetməyə əsaslanıb yeni iş quraq. Biznes-layihələr hazırlayaq. Özümüz işləməklə ətrafdakılar üçün də iş yeri yaradaq. Yeni düşüncə tərzinə yiyələnək, ideyaları layihələndirməyi bacaraq. Nəzərə alın ki, bu gün işdən aralananlar gəncliyə pis nümunə göstərirlər. Hər şeyi hazır gözləmək zamanı çoxdan keçib. Siz böyük taxılçılıq təsərrüfatı yarada bilərsiniz. Dövlət də sizə bu sahədə yardımçı olar. RİH-i biznes-plan hazırlamaqda, kredit almaqda kömək edə bilər.
Mirdaməd müəllimin çıxışından sonra bir sıra vacib məsələlər qaldırıldı. Şahsuvar Mehdiyev Eyyubbəyli kəndində məktəbin olmamasını, Əlican Mahmudov taxıl terminalının işə salınmadığını, Vaqif Məmmədov 50 hektar torpağın qrunt sularından təmizlənməsi zəruriyyətini, Taleh Şirəliyev Xəlilli kənd kitabxanasının uçmaq təhlükəsi altında olduğunu, Əlipənah Nuriyev su təchizatının aşağı səviyyədə olduğunu dedi. Hər bir məsələ ilə əlaqədar cavabdeh şəxslərə konkret tapşırıq verildi, icra müddəti müəyyənləşdirildi.
Xəlilli kənd sakini Tahir Məmmədov imkansızlıqdan evinə qaz çəkə bilmədiyindən şikayətləndi. Mirdaməd müəllim həmin evə təcili qaz çəkilməsi barədə rayon qaz istismar sahəsinin rəisi E.Səlimzadəyə tapşırıq verdi.
Onu da qeyd etmək vacibdir ki, haqlı, obyektiv şikayətlər və narazılıqlarla bağlı verilən tapşırıqlar mütləq həll olunur.
Qubaxəlilli kəndi
Görüş-qəbula gəlmək istəyənlərin hamısı mədəniyyət evinin zalına sığışmırdı. Hər bir kənd sakini istəyirdi ki, İsmayıllının, Qubaxəlillinin sabahının necə olacağı, bu gün hansı böyük işlərə başlandığı barədə məlumatı bilavasitə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdan eşitsin. Xəlillidən fərqli olaraq icra strukturlarına aid olmayan, şəxsin özünə aid olan məsələlərlə bağlı gələnlər də var idi.
Mirdaməd müəllim kənd sakinlərinə müraciət edərək dedi:
– Mən rayona gələn kimi RİH başçısının müavini Həsən Həsənovu göndərdim ki, sizin problemlərinizi öyrənsin. Kəndinizin keçmişi, böyük taxılçılıq, heyvandarlıq təsərrüfatı olması barədə məlumatlıyam. Bir çox sahədə Respublikamız üçün nümunə idiniz. Çox təəssüf ki, özəlləşdirmə adı ilə dağıtmağa, sökməyə üstünlük vermişsiniz. İnsan tarixən torpaqla, əməklə bağlı olub, onunla yüksəlib. Sizdə isə son illər bu sahədən uzaqlaşma meylləri yaranıb. 2-3 ildə müxtəlif təşkilatlara 130-a qədər ərizə göndərmisiniz. Bəs yeni qaydada iş qurmaq, iş yeri yaratmaq üçün nə etmisiniz? Heyvandarlığın, taxılçılığın müasir iqtisadi idarəetmə əsasında bərpasına cəhd edən olubmu? Geniş torpaq imkanlarına malik Qubaxəlilli zonasında aqropark yaratmaq barədə düşünən varmı?
Qubaxəlillidə yaşayıb, başqa yerlərdən kənd təsərrüfatı məhsulları gözləmək olmaz. İstehsal sahələri yaradılmalı, iş yerləri açılmalıdır. Fərdi təsərrüfatçılıqla nəyəsə çatmaq çətindir. Torpaqlar birgə becərilməlidir. Birgə təsərrüfatlar, kooperativlər, birliklər, şirkətlər üçün çoxlu güzəştlər nəzərdə tutulur. Bazar iqtisadiyyatı, yeni iqtisadi sistem yeni təsərrüfatçılıq metodlarının tətbiqini tələb edir.
Kəndin sosial problemlərinin həllinə daha çox diqqət yetirəcəyik. Xəstəxana binası yüksək səviyyədə təmir olunmalı, xəstəxananın fəaliyyəti bərpa edilməlidir. İçməli su çəkilişi bu il öz həllini tapmalıdır. Məktəb funksiyasını daha səmərəli həyata keçirməli, təhsilə meyli artırmalı, kəndin ehtiyaclarına uyğun kadr yetişdirməlidir.
Ona tam əmin olun ki, rayonda hökmran qanun olacaq. Bütün fəaliyyət istiqamətlərində şəffaflıq təmin ediləcək. ASAN xidmət yaranandan sonra vətəndaşlar hər bir sənədin alınması üçün əlavə vaxt itirməyəcək, kiminsə bürokratik və düzgün olmayan mövqeyi ilə rastlaşmayacaq.
RİH-nin başçısı Mirdaməd Sadıqov arzusu, təklifi, şikayəti, narazılığı olan hər bir kəsi səbrlə, səmimiyyətlə dinlədi, müvafiq strukturlara icra barədə ciddi tapşırıqlar verdi.
Mirdaməd müəllim məktəbə iki kompüter bağışladı: ən yaxşı müəllim və ən yaxşı şagirdə.
V.Salehov