Miras Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyi mədəni irsimizin Azərbaycanda və dünya ölkələrində təbliğində böyük rol oynayır. Birliyin əsas məqsədi mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğinə kömək etməkdir. Birlik milli və mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği, tarixi abidələrin təmiri və bərpası, yaddan çıxmış adət – ənənələrimizin öyrənilməsi və gənc nəslə çatdırılması sahəsində böyük işlər görür. Bu məqsədlə müxtəlif konfranslar, seminarlar, dəyirmi masalar, müsabiqələr təşkil edir. Birliyin müraciəti əsasında AMEA arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət ekspedisya orta əsr Ağsu şəhərində tədqiqat aparmış və yer altında zəngin mədəniyyətə malik şəhər xarabalıqalrı aşkar etmişlər. Ağsu qazıntıları zamanı 2012-ci ilin martında aşkar edilən pullar tariximiz üçün qiymətli mənbədir. 2013-cü ilin fevralında Miras Birliyi “Xocalı faciəsinin 21-ci il dönümü” münasibətilə müsabiqə keçirmişdir. Müsabiqədə on nəfər şagirdimlə iştirak etdik. Fevralın 25-də Bakıda 219 saylı məktəbdə müsabiqənin yekun mərhələsi keçirildi. Şagirdim Ülkər Piralızadə respublika şagirdləri arasında I yerə layiq görülərək Diplom və hədiyyələrlə təltif edildi. Yeddi nəfər şagirdim – M.Kərimova, E.Babayev, M.Qəniyev, G.Abdullayeva, G.Alıyeva, M.Əbdürrəzaqova və M.Bəşirli xüsusi təşəkkürnamələr və hədiyyələrlə mükafatlandırıldılar. Müsabiqələrdə iştirak şagirdlərimizin vətənpərvərlik və milli qürur hissinin müstəqillik, yaradıcılıq keyfiyyətlərinin, fəal vətəndaşlıq mövqeyinin formalaşmasında böyük rol oynayır.
Təranə Məmmədova,
İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi