“Qonşunun payından güzəran olmaz”.
Mart ayının ilk günündə RİH başçısı Mirdaməd Sadıqovun Gənclər Mərkəzinin iclas zalında rayonun 260 nəfər sahibkarı ilə görüşü oldu. Sahibkarları salamlayan başçı iki iş həftəsində 709 nəfəri qəbul edib dinlədiyini bildirdi. Başçı qəbula gələnlərin 90 faizinin maddi yardım istəməsindən təəccüb və təəssüf hissi keçirdiyini söylədi. Təəssüf doğuran odur ki, yaxın keçmişdə halal zəhməti ilə ad-san, ailəsi üçün ruzi-bərəkət qazanan ismayıllılar bu gün ehtiyac içərisində yaşayırlar. Təəccüblüsü isə odur ki, bu gün özünü sahibkar adlandıranların böyük əksəriyyəti fərdi əməklə, daha dəqiq desək, ticarətlə məşğuldur. Kənd təsərrüfatı sahəsində tək-tək sahibkarlar vardır ki, onlar da ailə təsərrüfatı kimi fəaliyyət göstərirlər.
Rayonun 82 min 500-dən bir qədər artıq əhalisi var. Bunun 25 min nəfəri İsmayıllı şəhər sakinləridir. Kənddə yaşayanların isə əksəriyyəti sanki şəhər mühitindədirlər – mal-qara saxlamır, kənd təsərrüfatının gəlir gətirə biləcək bir sahəsi ilə məşğul olmurlar.
Buradan cavabı hər kəsə bəlli olan bir sual meydana çıxır: Görəsən, bizim rahatlıq və bolluq içərisində dolanmağımız üçün işləyən kim olmalıdır?
Bu gün göründüyü kimi, İsmayıllının kənd təsərrüfatı sahəsindəki vəziyyəti çox acınacaqlıdır. Torpaqlardan səmərəli istifadə unudulmuş məsələlərdən birinə çevrilib. Dözülməz haldır ki, sahibkarlıqla məşğul olan əhali işini iqtisadi tələblərə uyğun qurmamışdır. Bir çoxlarının etiraf etdiyi kimi, nəticədə, “aldım qoz, satdım qoz” alınır. Elə bunun səbəbidir ki, sahibkarların bir qismi vəziyyətdən çıxmaq yolunu vergilərin azaldılmasında görür.
Görüşdə iştirak edən Qəbələ 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahismayıl Bayramov sahibkarların işi, vergilərin ödənilməsi sahəsində mövcud vəziyyət barədə məlumat verdi. Ş.Bayramov həmçinin sahibkarların üzərinə düşən vəzifələrdən də danışdı.
Sahibkarlardan İlyas Kərimov, Ruhiyyə Süleymanova, Əmrah Məsimov, Rüstəm Əhmədov, Arif Qəmbərov, Cəmilə Ağayeva, Ramiz Həsənov, Övşər Mikayılov, Məzahir Salmanov, Dilşad Hüseynova fəaliyyət sahələrindəki problemlərdən danışdılar.
Zalda bir neçə yerdə rəy və təkliflər üçün qutular qoyulmuşdu.
Başçı kənd təsərrüfatı sahəsində çalışan və çalışacaq vətəndaşlara aşağı faizlərlə kreditlər veriləcəyini, sənədləşmə işində çətinliklərlə üzləşən sahibkarlara hüquqi qaydada köməkliklər göstəriləcəyini bildirdi.
Açıq söhbət zamanı bir daha bəlli oldu ki, yaxşı yaşamaq üçün yalnız yaxşı işləmək lazımdır. Fiziki sağlamlıq olan yerdə yardımlar, ianələr dalınca qaçmağın yaxşı hal olmadığını hər kəs aydın dərk etməlidir. Öz zəhmətinə güvənən babalarımız bəlkə də elə bu səbəbdən deyiblər: “Qonşunun payından güzəran olmaz”.
Sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün tədbirdə iştirak edənlərin sırasından rayonun Sahibkarlar Assosiasiyası yaradıldı. Beş nəfərdən ibarət bu tərkibə Ruhiyyə Süleymanova, Neman Bədəlov, Mülküşah Həşimov, Arif Qəmbərov və Rüstəm Əhmədov seçildilər.
Şahməmməd Soltanov