Baş verənləri unutmaq olmaz
Fevral ayının 26-da İsmayıllı rayon Gənclər və İdman İdarəsi (Gİİ) Xocalı soyqırımının 21-ci il dönümünə həsr olunmuş tədbiri Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirdi. Tədbiri giriş sözü ilə Gİİ-nin rəisi Elçin Nəcəfli açdı, Xocalıda həlak olanların ruhu bir dəqiqəlik sükutla yad olundu.
21 il əvvəl Azərbaycan xalqına vurulan Xocalı yarasının hələ də sağalmadığına təəssüf edən natiq baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən işlərdən danışdı.
Tarix müəllimi Ramiz Baloğlanov Xocalı şəhərini yerlə-yeksan etməklə ermənilərin xalqımıza qarşı zaman-zaman tutduğu düşmənçilik mövqeyindən danışdı. Ötən müddət ərzində gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində görülən işlər, dövlətimizin gündən-günə qüdrətlənməsi inam verir ki, yaxın gələcəkdə itirdiyimiz torpaqları geri qaytarılacaq, günahsız yerə qətlə yetirilən soydaşlarımızın qisası alınacaqdır.
Tədbirdə iştirak edən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva Xocalı soyqırımının dəhşətlərindən, millətə vurulan mənəvi yaralardan, baş verənlərə 21 il dözməkdə haqqımızın olmamasından danışdı.
Xocalı soyqırımı mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin əhəmiyyəti və nəticələri barədə rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev fikirlərini açıqladı.
Rayon gəncləri adından danışan Mədinə İsmayılova gəncləri fəallığa dəvət etdi. Sosial şəbəkələrdə informasiya yayımı cəbhəsində qələbələr əldə etməyin vacibliyini vurğuladı.
Tədbirin iştirakçılarından Orxan Ağayev, gənc yazıçı Firuzə Çiçək yaşıdlarını baş verənləri unutmamağa və mübarizliyə səslədilər.
Əkrəm Əylislinin “Daş yuxular”ı müzakirə mövzusu oldu və pisləndi.
Sonda inşa yazı müsabiqəsinin qaliblərinə – Samirə İsmayılovaya, Mələk Babayevaya və Pərvanə Əsədzadəyə Gİİ-nin Fəxri fərmanları və qiymətli hədiyyələri verildi.
Şövqi Əhmədov,
Gİİ-nin əməkdaşı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir