Bu günlədə məktəbimizdə Azərbaycan xalqının görkəmli ədibi, tarixi şəxsiyyət Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar təntənəli ədəbi-bədii gecə keçirilib. Tədbirdə bu sətirlərin müəllifi, Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhəbbət Osmanova M.F.Axundzadənin həyat və yaradıcılığı barədə geniş məlumat verib.
Azərbaycan dramaturgiyasının banisi kimi tanınmış böyük şəxsiyyətin ictimai-siyasi, etik və ədəbi tənqidi barədə açıqlamadan sonra 1850-1857-ci illər arasında yazdığı dram əsərləri ilə bağlı fikirlər səslənmişdir. Dramaturqun bir şair kimi yazıb-yaratması da tədbir iştirakçılarına açıqlanmışdır.
Altı dram əsərindən sonra “Aldanmış kəvakib” povestini yazmaqla ədib Azərbaycan ədəbiyyatı tarixində yeni tipli bədii nəsrin, müasir povest janrının əsasını qoymuşdur.
Dramaturq haqqında məlumatların şagirdlərə çatdırılmasında məktəbin ədəbiyyat müəllimlərindən Gilas Musayeva, Fidan, Eminə, Xatirə Orucovalar, tarix müəllimi Fatma Vəliyeva yaxından iştirak etmişlər.
Məktəbin VIII A sinfinin şagirdlərindən Əfsanə Hüseynova, Saqin Şükürlü, Ayşən Osmanlı, Nihat Sadıxlı, Vüsal Məmmədov, Orxan Baxışov, Röyal Mikayılov, Samirə Gərayeva, Emin Mikayılov, Aygün Şükürova, Aysel Babayeva və Məhəmməd Əliyev M.F.Axundzadənin şeirlərini söyləmiş, dram əsərlərindən səhnəciklər göstərmişlər.
Gecənin sonunda məktəbin direktoru Ramil Dadaşov tədbirin təşkilində zəhməti olan müəllim və şagirdlərə təşəkkür etmişdir.
Məhəbbət Osmanova,
məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi