Dostum haqqında bir neçə söz
Sadədən sadədir bu insan. Lahıc qəsəbə xəstəxanasında işlədiyi 48 il ərzində şirin dili, mehribanlığı ilə xəstələrin dərin hörmətini qazanıb. Söhbət feldşer və fəal ictimaiyyətçi dostum Qurbanəli Əhmədovdan gedir.
1942-ci ildə rayonumuzun Ərəgit kəndində dünyaya göz açıb. Lahıc qəsəbə orta məktəbini bitirdikdən sonra ali təhsil almağa can atır. Ancaq atası məşhur bənna Məmmədrza kişi ona məsləhət görür ki, ilk öncə ata-baba sənəti olan bənnalığı öyrənsin, sonra təhsil alsın. Qurbanəli bu sənəti öyrənir və 1962-ci ildə təhsil almaq üçün Bakıya gəlir. Sənədlərini 1 saylı Tibb Məktəbinə verir. Ali təhsil almaq arzusu yarımçıq qalır. Anasının xəstəliyi, kiçik yaşlı bacı və qardaşları onu kəndə qayıtmağa vadar edir. 1964-cü ilin oktyabrından təyinatla Lahıc qəsəbə xəstəxanasına feldşer vəzifəsinə qəbul olunur. İlk gündən öz üzərində çalışması, mütaliəsi, təcrübəli yoldaşlardan öyrənməsi, xəstələrə cani-dildən xidmət göstərməsi ona hörmət qazandırmışdır. Bu işdə təcrübəli həkim olan Sədrəddin İsgəndərovun zəhməti çox olmuşdur. Xəstəxananın baş həkimi kimi gənc kadra hərtərəfli köməklik göstərmişdir.
Qonşu Əhən kənd feldşer məntəqəsinin əhatəsində olan Ximran, Qoydan və Dvoryan kəndlərində profilaktik tədbirlərin aparılmasında fəallıq göstərmişdir. 1993-2001-ci il və 2006- 2008-ci illərdə Əhən feldşer məntəqəsinin müdiri işləmişdir. Onu da qeyd etmək lazımdır ki, Qurbanəli maldar işçilərə yaylaq və qışlaqlarda tibbi xidmət göstərmişdir. O, çoban ailələrinin hər birinin əziz qonağı kimi qarşılanırdı.
Q.Əhmədov həm də fəal ictimaiyyətçi kimi tanınırdı. Qəsəbədə həyata keçirilən iməciliklərdə fəallığı ilə seçilmişdir. Burada inşa edilən tağlı bulaqların tikintisində yaxından iştirak etmişdir.
Dostum Qurbanəlinin bir xüsusiyyətini də qeyd etmək istərdim. O, qədim tarixə malik Lahıcdakı nöqsanların aradan qaldırılması üçün yuxarı təşkilatlara müraciət edər, həmin məsələlərin həllinə çalışardı. Lahıcın bugünkü həyatı, rahat gediş-gəlişi heç də birdən-birə yaranmayıb. Adamlar bunun üçün xeyli əziyyət çəkmiş, müxtəlif qapılar döyməli, məktublar yazmalı olmuşlar. Qurbanəli də onlardan biri olmuşdur. Girdiman çayı üzərində qurulmuş körpülər Lahıcı uzaq-uzaq diyarlarla birləşdirir. Bu gün Lahıcın küçələrində rus, ingilis, alman, fransız və başqa dünya dillərində danışan turistlərə rast gəlmək heç kəsi təəccübləndirmir, bu, adi hala çevrilmişdir. Turistlərin sayı il-ildən artmaqdadır. İndi Lahıca minik maşınları ilə asanlıqla gedib-gəlmək olur.
Bu yolların salınmasında, körpülərin tikilməsinə ulu öndərimizin vaxtilə Lahıca gedəcəyi barədə dediyi sözlər səbəb olmuşdur. Ancaq Moskvaya işə getdiyi üçün Lahıcı ziyarət edə bilməmişdir. Onun tapşırıqları həyata keçirilmişdir. Girdiman çayı üzərində tikilmiş körpünü əhali Heydər körpüsü adlandırıb və onun ruhuna dualar oxuyur.
Dostum Q.Əhmədov indi pensiyaçıdır, qanuni istirahətindədir. Dostum bu gün də gümrahdır, özünü çox yaxşı hiss edir.
Hüseynağa Kamilzadə,
Lahıc qəsəbə sakini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir