Şagird nailiyyətlərinin qiymətləndirilməsi yollarıKompyuter və informasiya texnologiyalarından düzgün istifadə olunması tədris prosesinə yenilik gətirir, şagirdlərin bilik əldə etməyə marağını artırır, müəllimin məşğələyə hazırlaşmasını asanlaşdırır. İnkişafın müasir mərhələsində kompyuter texnologiyaları metodik işdə, məşğələlərin keçirilməsinə hazırlıqda, tərbiyə işində, bilik və bacarıqların təkmilləşdirilməsində uğurla tətbiq olunur.
Müəllim gündəlik təlim prosesində şagirdin fəaliyyətini qiymətləndirmək üçün də sxemlər hazırlayır. Şagirdlər sxemlərlə tapşırığı yerinə yetirməzdən əvvəl tanış olurlar. Bu halda müəllimin onu hansı meyarlara uyğun qiymətləndirəcəyi barədə şagirddə təsəvvür yaranır. Onu öz fəaliyyətində daha diqqətli olmağa şövq edir.
Qiymətləndirmə sxemləri holistik və analitik olur. Holistik qiymətləndirmə sxemləri şagirdin fəaliyyətini bütöv halda qiymətləndirən meyarlardır. Bu növ sxemlər surətli qiymətləndirmə aparmaqla, şagird nailiyyətləri üzrə ümumi mənzərəni təsvir edir.
Analitik qiymətləndirmə sxemləri isə şagirdin fəaliyyətini hissə-hissə təhlil edərək qiymətləndirməyə imkan verir.
Şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir. Amma qiymətləndirmə üçün daha çox vaxt tələb olunur. Şagird nailiyyətlərinin monitorinqi məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri tərəfindən aparılır. Bəhs və bölmələr üzrə yekun (kiçik summativ) qiymətləndirmə hər altı həftədən gec olmayaraq keçirilir. Yarımillər üzrə (böyük summativ) yekun qiymətləndirmə dekabr və may aylarının sonuncu həftəsində xüsusi cədvəl əsasında aparılır. İslahatın əsas məqsədi təhsilin keyfiyyətini yüksəltməkdir. Təhsilin keyfiyyətinin əsas göstəricisi isə şagirdin təlim nəticələridir. Həmin nəticələrin obyektiv qiymətləndirilməsinin nə qədər böyük əhəmiyyətə malik olduğunu görürük.
Müasir şəraitdə müəllimin qiymətləndirmə fəaliyyətinin əsasında şagirdlərdə öz təlim nəticəsinin qiymətləndirmə, öz səhvlərini görmə bacarıqlarının formalaşdırılması durmalıdır. Müəllimin işi sinifdə müəyyən ictimai rəy yaratmaq, şagirdlərin qiymətləndirmə fəaliyyətini inkişaf etdirməkdən ibarətdir. Buna yeni təlim metodlarının tətbiqi nəticəsində nail olmaq mümkündür. Bu məqsədlə də rayon və məktəb səviyyəli öyrədici seminarlardan geniş istifadə edilir.
Yaxın günlərdə İsmayıllı rayonunun Qubaxəlilli kənd tam orta məktəbində “Şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsi yolları” mövzusunda maraqlı seminar keçirildi. Tədbiri maraqlı edən cəhət onun orijinal formada bütün siniflərdə elektron açıq dərslərin qurulması idi. Rəsmiyyə Ərzimanovanın dərs dediyi I sinfində “Həyat bilgisi”ndən, Seyidxanım Abbasovanın II sinfində “Oxu”dan, Janna Hacıyevanın II sinfində “Həyat bilgisi”ndən, Dəstəgül Seyidovanın III sinfində, Gülnar Əbilovanın IV sinfində Azərbaycan dili fənləri üzrə açıq dərsləri oldu. Bu müəllimlər “elektron açıq dərslər” qurdular. Qruplararası qiymətləndirmədən istifadə etdilər. Bir qrupun digər qrup haqqında fikir söyləməsi, nöqsanları tapıb göstərməsi, şagirdlərdə qrup işinə marağı artırır. Yuxarıda adları çəkilmiş müəllimlər summativ qiymətləndirmə üsulundan istifadə edirlər. Qiymətləndirməni hər dərsin deyil, hər fəslin və ya bölmənin sonunda aparırlar. Hər bir şagirdə adı və soyadı yazılan qiymətləndirmə vərəqi verilir. Qiymətləndirmə vərəqində fəslin adı, fəslə aid mövzulara dair şagird bacarıqları və səviyyələri yazılır. Qiymətləndirmə vərəqi ”+” işarəsindən istifadə etməklə doldurulur. Qiymətləndirmə şagirdlərdə daha çox maraq oyadır. Müəllimlər hər şagirdə xüsusi qovluq hazırlayıblar. ”Portfelio” adlanan bu qovluğa şagird haqqında məlumat, işlədiyi iş vərəqləri, anket sorğuları, nailiyyətlər kartı və müxtəlif oyunlar zamanı rənglənmiş xüsusi blanklar yığılır.Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları
Sərbəst vaxtda şagirdlər müxtəlif quruluşlu blanklar doldurmağı, səliqəli olmağa alışırlar. Özlərinin xüsusi sənədlər toplusu olur və bu qovluq yalnız onların özünə məxsus olur. Bu seminarda “Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları” məsələsi geniş müzakirə olundu.
Həmin gün keçirilən açıq dərslərdə rayonun ayrı-ayrı məktəblərindən ibtidai sinif müəllimləri ilə yanaşı, direktorlar və metodbirləşmə rəhbərləri də iştirak etdilər. Qubaxəlilli kənd tam orta məktəbinin direktoru Ramiz Mustafayev qeyd etdi ki, qiymətləndirmə sistemi təlim-tərbiyə prosesində müəllimin şagirdə göstərdiyi əsas təsir formasıdır. Qiymətləndirmədə obyektivlik mühüm şərtdir. Burada müəllim bütün hallarda ədalət təmsilçisi olmalıdır. Təəssüf ki, hər zaman belə olmur. Nəticədə, şagirdlərdə özünə inamsızlıq hissi baş qaldırır. Bundan əlavə, müəllimin pedaqoji qaydalara cavab verməyən mimikası, jestləri də, uşaqda çaşqınlığa, fikrini ifadə edə bilməməsinə gətirib çıxara bilir. Şagirdin aldığı qiymətə həmyaşıdlarının birtərəfli münasibəti də onda psixoloji gərginliyin yaranmasına səbəb olur. Müəllimin irad tutaraq söylədiyi “Çox pis”, “Daha yaxşı hazırlaş”, “Bilmirsən” və.s. kimi ifadələr şagird üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Çünki sinif yoldaşlarının gülüşü və məzəmməti onun daha dərindən sarsılmasına səbəb olur. Belə bir vəziyyətin yaranmasından sonra həmin şagirddə özünəinam hissinin formalaşacağına heç bir ehtimal qalmır. Müəllim və şagird arasındakı ünsiyyəti, dialoqu heç kim və heç bir texnologiya əvəz edə bilməz. Bu dialoq üçün müəllim müxtəlif pedaqoji və tədris materiallarından, texniki vasitələrdən istifadə edir. Müasir müəllimlərdən çeviklik və peşəkarlıq, tədrisə yaradıcı yanaşma, şagirdin fərdi xüsusiyyətlərini nəzərə almağı tələb edir. Hər şagirddə istedad gizlənə bilər. Yalnız strategiyanın köməyi ilə müəllim şagirdin istedadını üzə çıxarar və qarşılıqlı fəaliyyət göstərə bilər.
Müəllim şagirdləri idarə etmir, onları dəstəkləyir. Sinifdə hər bir şagird tədris prosesinin fəal üzvüdür. Qiymətləndirmə şagirdin bilik və bacarıqlarının inkişafına yardım edir. Məsələn, şagirdə “əla” qiymət aldığını demək və onu sinifdə tərifləmək olar. Bununla yanaşı, şagirdə niyə “əla” qiymətə layiq görüldüyünü, nəticələrini daha da yaxşılaşdırmaq üçün nələr etməli olduğunu izah etmək daha düzgündür. Belə yanaşma şagirdi bilik almağa, inkişafa həvəsləndirir.
Müəllim qiymətləndirmə apararkən şagirdin psixoloji aspektlərini nəzərə almalıdır.
Seminarda “Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları” mövzusunda RTŞ-nin metodisti kimi bu sətirlərin müəllifi məruzə etdi. ”Oxu” dərslərində KSQ və BSQ-lərinin aparılması təcrübəsi” mövzusunda ibtidai sinif müəllimləri Rəsmiyyə Ərzimovanın, “Riyaziyyat dərslərində kiçik və böyük summativ qiymətləndirmənin aparılması təcrübəsi” mövzusunda ibtidai sinif müəllimi Afiq Əhmədovun məruzəsi dinlənildi. Məruzələr ətrafında geniş fikir mübadiləsi keçirildi. 3 saylı tam orta məktəbinin 1-ci sinif müəllimi, metodbirləşmə rəhbəri Almaz İsmayılova qeyd etdi ki, gənc nəslin elmli və şəxsiyyət kimi formalaşmasında biz müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Mənim təhsil fəlsəfəm: Öyrənməyi öyrənən, öyrənildiyini həyatda tətbiq edən, hərtərəfli təfəkkürə və dünyagörüşünə malik olan şəxsiyyət yetişdirməkdir. Bütün bunları nəzərə alaraq, dərslərimi fənn kurikulumlarının tələbləri səviyyəsində qururam. Yeni təlim texnologiyalarından istifadə edirəm. Bütün şagirdlərin düşünmə qabiliyyətlərini inkişaf etdirməyə çalışıram. Axı yalnız düşünə bilən insan yeni fikirlər söyləyə bilər. Biz şagirdlərlə apardığımız iş zamanı onların müstəqil fikir söyləmələri, düşünmələri, mühakimə irəli sürmələri, yaradıcılıq bacarıqlarını inkişaf etdirmələri üçün müxtəlif üsul və vasitələrdən istifadə etməliyik.
Bu sahədə iş aparmaq, öyrənməyi öyrətmək, müəllimlərin əsas iş prinsipinə çevrilməlidir. Ən böyük məsuliyyət isə ibtidai sinif müəllimlərinin üzərinə düşür. Çünki təhsilin bünövrəsi ibtidai siniflərdən qoyulur. Şagirdlərin maraq, meyil, yaş səviyyələrini nəzərə alaraq, oyun-tapmaca xarakterli dərslər təşkil edirəm. Sinifdə fəallıq yaradıram. Oyun formasında qurulan dərslər şagirdlərdə fəallıq, çeviklik, əqli itilik kimi keyfiyyətlər yaratmaqla bərabər, başqasını dinləmə, özünənəzarət vərdişləri də formalaşdırır. Dərslərdə apardığımız riyazi oyunlar kiçik yaşlı şagirdlərin düşünmə qabiliyyətini, məntiqi təfəkkürünü inkişaf etdirir. Təşkil olunmuş oyunlar mövzunun məqsədinə çatmaq üçün bir vasitə, açar olmalıdır. Tədris prosesində əyanilik, əyani vəsaitlərdən düzgün istifadə fənlərin təlim keyfiyyətini yüksəldir. Biz təlimdə yüksək nailiyyətlər əldə etmək üçün dərs prosesində həmişə əyaniliyə üstünlük verməliyik. Əyani vəsaitlərdən mümkün qədər çox istifadə etməliyik.
Şəhər 5 saylı tam orta məktəbinin II sinif müəllimi Sevinc Mirzəyeva qeyd etdi ki, müasir dərslərdə fəal təlim əsas yer tutur. Şagird sərbəst düşünməli, fikrini həyatdan, oxuduğu mətnlərdən, nağıllardan, baxdığı filmlərdən nümunələr göstərməklə qarşısındakına çatdırmalıdır. Bu imkanlar yeni tədris proqramının “şah damarıdır”. Hər bir müəllim qarşısındakı şagirdə bir şəxsiyyət kimi baxmalı, şagirdlərin fikrinə hörmət etməlidir.
Mən dərslərimdə yeni təlim metodlarından geniş istifadə edirəm. Müxtəlif metodlardan istifadə etməklə yeni dərsi şagirdin özündən alıram. Bu həm şagird, həm də mənim üçün çox maraqlı olur. Şagird istəyir ki, bugünkü dərsin quruluşu dünənki dərsin quruluşuna oxşamasın. Şagirdlərin arzularını nəzərə alaraq, əvvəlcədən düşündüyüm təlim metodunu dəyişməli oluram. Bu isə şagirdlərin dərsə marağını, özünəinam hissini daha da artırır. Dərslərimdə debat müşahidə kimi metodlardan istifadə edirəm. Şagirdlər qoyulmuş məsələlərə öz münasibətlərini bildirir. Fikirlərini əsaslı şəkildə sübut etməyə çalışırlar. Zəif oxuyan şagirdlər də öz qruplarını müdafiə etmək məqsədi ilə fikirlərini sərbəst söyləməkdən çəkinmirlər. Şagirdlər bu cür söhbətlərdə çox həvəslə iştirak edir və bir-birinin fikrinə tənqidi yanaşırlar. Belə sual-cavab şagirdin yaradıcılıq məhsulunun zəngin olmasına gətirib çıxarır.
Seminarın axırında məktəbin direktoru Ramiz Mustafayev bütün seminar iştirakçılarına və İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucova məktəbin müəllim kollektivi adından təşəkkür etdi və belə seminarların tez-tez keçirilməsinin böyük əhəmiyyəti olduğunu bildirdi. Bu işdə müəllimlərə yeni uğurlar arzuladı.
Ayna Bağıyeva,
İsmayıllı RTŞ-nin mütodisti

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir