Dekabr ayının 13-də İsmayıllı rayon İcra Hakimiyyəti Şura üzvlərinin Lahıc qəsəbəsində səyyar yığıncağı və qəbul keçirildi.
Şura iclası 2012-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuşdu.
Şura yığıncağında rayon İcra Hakimiyyətinin Şura üzvləri ilə yanaşı, millət vəkili Novruzəli Aslanov, hüquq-mühafizə orqanlarının, xidməti idarə və müəssisələrin rəhbərləri, eləcə də qəsəbə ictimaiyyətinin fəalları iştirak edirdi. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov açdı və Lahıc qəsəbəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
Sura iclasında çıxış edən RİH başçısının müavini, sosial-iqtisadi təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rövşən Ağayev son beş ildə Lahıcın əhalisi, əhalinin təbii artımı, burada bağlanan nikahlar,yaşamağa gələn və gedənlər barədə müsbət nəticəli rəqəmləri diqqətə çatdırdı. R.Ağayev qeyd etdi ki, Lahıcda ötən 5 il ərzində hepatit və vərəm xəstəliyinə yoluxmalar, ana və uşaq ölümü, eləcə də boşanmalar olmamışdır.
Əhalinin kənd təsərrüfatı ilə məşğulluğuna gəldikdə, natiq meyvə və tərəvəz yetişdirilməsində əldə olunan nailiyyətlərin qəsəbənin sosial-iqtisadi inkişafına müsbət təsir göstərdiyini söylədi.
Turizmin inkişafı üçün Lahıcın əhəmiyyətli coğrafi mövqəyə və qədim tarixə malik olmasını vurğulayan R.Ağayev son 5 ildə Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin qeydiyyat kitabında muzeylə maraqlananların sayının 6681-dən 9985-ə çatdığını bildirdi.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Əliağa Bədəlov çalışdıqları sahə üzrə Lahıc qəsəbəsi ilə bağlı olan vacib məsələlərə toxundular.
Çıxışlardan məlum oldu ki, qəsəbədə müasir stsandartlara cavab verəcək xəstəxana binasının tikintisi başa çatdırılmaq üzrədir.
Qəsəbədə müasir məktəb binasının tikilməsinə ehtiyac olduğu barədə fikir səsləndı.Yeni məktəb binası tikilənə qədər mövcud binada istilik sistemi qurulacağı açıqlandı.
Lahıc qəsəbəsinə turist axınının durmadan artması da nəzərə alınmışdır. Qəsəbədə Lahıcın şöhrətini daha qənaətbəxş formada yaya biləcək Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinə qarşıdan gələn ildə başlanacaqdır.
RİH başçısının Lahıc qəsəbə İƏD-i üzrə nümayəndəsi Fikrət Haqverdiyev son bir neçə ildə Lahıcın infrastrukturunda baş verən yeniliklərə görə burada yaşayanlar adından Prezidentə, onun rəhbərliyi altında fəaliyyətini əhalinin sosial rifahının yüksəlməsinə yönəltmiş rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirdi.
Şura iclasında çıxış edən millət vəkili Novruzəli Aslanov Lahıcın ümumilikdə bir mədəniyyət abidəsi kimi həmişə diqqət mərkəzində olmasından qürur duyduğunu bildirdi. Burada yaşayan insanların adət-ənənələrə, elmə, mədəniyyətə, təhsilə, hər birimizi şərəfləndirən digər sahələrə bağlılıqlarından fərəhlə söz açdı. Millət vəkili ölkədə gedən mədəni, sosial-iqtisadi inkişafın Lahıcda geniş vüsət almasından məmnunluğunu açıqladı. Bu inkişafın davamı və daha sürətli olacagına əminliyini bildirdi.
Fürsətdən istifadə edən deputat seçicilərini qarşıdan gələn Azərbaycanlıların Beynəlxalq Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik etdi.
Natiqlərin qeyd etdiyi məsələlərə münasibət bildirən rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov aidiyyəti idarələrin rəhbərlərinə bəzi tövsiyyə və tapşırıqlarını verdi. Başçı Lahıcdakı müasirləşmənin respublikada gedən sürətli inkişafın ayrılmaz hissəsi olduğunu bildirdi.
Bu yığıncaq İsmayıllı RİH-nin təcrübəsində ilk səyyar Şura iclası olsa da, çox uğurlu alındı. Yığıncaqdan sonra qəsəbə sakinlərinin razılıqları bu fikri söyləməyə əsas verir.
***
Səyyar Şura iclası başa çatdıqdan sonra RİH başçısı Nizami Ələkbərov qəbula gələnləri dinlədi:
Vüsalə Qasımova müsabiqədən keçərək, Lahıc qəsəbə tam orta məktəbindəki vakant yerə ədəbiyyat müəllimi təyin olunmasını söylədi. O həmçinin qeyd etdi ki, rayon mərkəzindən uzaqda, ucqar yerlərdə çalışan müəllimlərə şamil edilən imtiyazlardan istifadə edə bilmir.
Məktəbin kimya müəllimi Gülnarə Qafarova da demək olar ki, eyni fikri səsləndirdi. O bildirdi ki, iki uşaq anasıdır, müəllim kimi çalışmaq üçün Bakı şəhərindən gəlmişdir. Həyat yoldaşı maliyyə işçisidir. Burada müvafiq qaydalar üzrə gənc ailənin yaşamasına şərait yaradılarsa, həmişəlik qalmağa və işləməyə razıdırlar.
Qəbula gəlmiş Dilimə Əliyeva adına verilmiş pay torpaqla bağlı problemin olduğunu söylədi.
Qəbulda səslənən fikirlərlə bağlı RİH başçısı N.Ələkbərov aidiyyəti təşkilatların rəhbərlərinə onların həlli ilə bağlı tapşırıqlar verdi.
Ş.Soltanov