Sinəmdə çox söz var, çiçək ətirli,
Söz də var boranlı qışadı, dostlar.
Necə ki, bir yerdə ağ ilə qara,
Xeyir də şər ilə qoşadı, dostlar.
Ömür gethagetdə, dəyişir fəsil,
Dalğa çox olsa da, yalqızdı sahil.
Heç kəs başqasıyçün yaşayan deyil,
Babam da ömrünü yaşadı, dostlar.
Dözürəm, deyirlər: bir qədər də döz,
Sabahı görəydim, kor olmamış göz.
Bəzən insanlara deyəcəyim söz,
Ağaca, torpağa daşadı, dostlar.
Ömrümü bəxş etdim bir təmiz ada,
Odur ki, gen düşüb məndən qan-qada.
Bir-iki dərdim var mənim dünyada,
Onlardan biri də Şuşadı, dostlar.