İsmayıllı maarif, təhsil ənənələri olan bir bölgədir. Ali məktəblərə qəbul zamanı orta məktəb məzunlarının bir qayda olaraq yüksək nəticə qazanması bu həqiqəti bir daha sübut edir. Təhsildə inkişaf ənənəsinin əsasını qoyanlardan və onu inkişaf etdirənlərdən biri İsrayıl Aslan oğlu Həsənov olmuşdur.
İ.Həsənov 1912-ci ildə Buynuz kəndində dünyaya gəlmişdir. O zamankı natamam orta məktəbi qurtarıb, Göyçay Pedaqoji Texnikumuna daxil olmuşdur. 1931-ci ildən başlayaraq Göyçayın və İsmayıllının müxtəlif kəndlərində müəllim işləmişdir. 40-cı illərdə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsini bitirmiş, riyaziyyat fənnini bacarıqla tədris etmiş, məktəb direktoru işləmişdir. Pedaqoji fəaliyyətindəki bacarığını görən rayon rəhbərliyi həmin illərdə İsrayıl müəllimi Rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsinə irəli çəkmişdir. İ.Həsənov 1947-ci ildə İsmayıllı qəsəbə orta məktəbinə direktor vəzifəsinə qayıtmış, 1966-cı ilə qədər həmin məsul işi davam etdirmişdir.
Rəhbərlik xalq maarifi sahəsindəki vəziyyəti yaxşılaşdırmaq və irəliləyişə nail olmaq məqsədilə İsrayıl Həsənovu müdir vəzifəsinə gətirmişdir. İşlədiyi 11 il müddətində o özünü əsl təhsil təşkilatçısı, tərbiyə işinin ustası, nəzəri bilikləri praktika ilə uzlaşdıran bacarıqlı pedaqoq kimi tanıtmışdır.
Azərbaycan Respublikasının Xalq Maarif Naziri olmuş akademik Mehdi Mehdizadənin elmi rəhbərliyi ilə İ.Həsənov dissertasiya yazmış, müdafiə etmiş və pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Onun elmi fəaliyyəti əsasən əmək tərbiyəsi əsasında şagirdlərin kompleks-hərtərəfli tərbiyə edilməsindən ibarət olmuşdur. Görkəmli pedaqoq bu məqsədə çatmaq üçün çoxlu təcrübə aparmış, yorulmadan işləmiş, əldə etdiyi nəticələri bir neçə monoqrafiya və metodiki vəsaitdə əks etdirmişdir. İsrayıl müəllimin elmi məqalələri Respublika mətbuatı ilə yanaşı ümumittifaq “ Semya i şkola”, “Sovetskaya pedaqogika”, “Sadovodstvo”, “Matematika v şkole” və digər jurnallarda çap olunmuşdur.
Bacarıqlı müəllim, ustad tərbiyəçi, zamanının çoxsaylı orden və medallarına layiq görülmüşdür. İ.Həsənovun ailəsi də bir pedaqoji və tərbiyə məktəbi idi. Həyat yoldaşı Surə Həsənova 30 il ibtidai siniflərdə dərs demişdir. 3 qızı atasının yolu ilə gedərək, müəllimlik ixtisasına yiyələnmişdir. Oğlu və iki qızı həkimliyi seçmişdir. Rəhim Həsənov tibb elmləri namizədi, ATU-nun dosenti, tanınmış onkoloqdur.
Bunları qeyd edib o nəticəni diqqətinizə çatdırıram ki, rayonun rəhbərliyi keçmişə obyektiv qiymət verir, bu günü dəyərləndirir, gələcək üçün mənəvi səfərbərlik yaradır. Belə münasibət əsas götürülərək bu günlərdə alim pedaqoq, tanınmış təhsil təşkilatçısı İsrayıl Həsənovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, millət vəkili Novruzəli Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetin rektoru Mirdamət Sadıqov, İsrayıl Həsənov adına şəhər 1 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov, Buynuz kənd məktəbinin yetirməsi, hüquq elmləri namizədi Simran Həsənov, jurnalist, yubilyarın şagirdi olmuş İntiqam Mehdizadə, İsrayıl müəllimin təhsilə rəhbərliyindən bəhrələnən veteran müəllim Yavər Hüseynov, İ.Həsənovdan sonra Rayon Xalq maarif şöbəsinin müdiri işləmiş Valeh Salehov, təhsil veteranı Fərman Bəşirov və başqaları çıxış etdilər.
İ.Həsənovun oğlu Rəhim Həsənov ailələri və qohum-əqrəbaları adından çıxış edərək, atası haqqında xoş söz deyənlərə, yubileyini təşkil edənlərə, yubileyə gələnlərə təşəkkürünü bildirmişdir.
Yubiley mərasimində rayonun rəhbərliyi, ictimaiyyətin nümayəndələri, elm adamları, millət vəkilləri, İ.Həsənovun vaxtilə şagirdi olanlar, onunla işləmiş təhsil işçiləri və müəllimlər iştirak etmişlər.
İsrayıl müəllimin nəvə-nəticələri, övladları babalarının timsalında bir daha yəqin etdilər ki, Azərbaycanda heç kim unudulmur, heç şey yaddan çıxmır. Hər kəs dövlətimiz tərəfindən layiq olduğu qiyməti alır.
Qəlb oxşayan mahnı və musiqi nömrələri ilə müşaiyət olunan yubiley mərasimi üçün məkan seçilmiş “Qala” şadlıq sarayını iştirakçılar minnətdarlıqla tərk etdilər.
Valeh Salehov