2012-ci ilin 9 ayında  rayonun sosial - iqtisadi inkişafı“2012-ci ilin 9 ayında rayonun sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N.H.Ələkbərovun məruzəsi
10 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Prezident İlham Əliyev giriş nitqində bildirmişdir ki, doqquz ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Azərbaycanda aparılan islahatların məntiqi nəticəsi olaraq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Bu, ən vacib göstəricidir, çünki məqsəd məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin.
Kənd təsərrüfatının inkişafına göstərilən diqqət, qoyulan investisiyalar, aparılan islahatların məntiqi özəl sektora diqqət yüksək səviyyədədir. Hər il sahibkarlara həm siyasi, həm də iqtisadi dəstək verilir. Özəl sektor ümumi daxili məhsulda öz yüksək çəkisini saxlamaqdadır. Son məlumata görə ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Bu da öz növbəsində göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olmuşdur.
Bütün bu göstəricilər təsdiq edir ki, iqtisadi sahədə inkişaf çox sürətlidir. Təbii ki, bu inkişaf insanların yaşayış səviyyəsinə də təsirini göstərir. Cənab Prezident qeyd etmişdir ki, bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır. İnflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır. Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər də Azərbaycanda uğurla həll edilir. Bu məsələyə kompleks şəkildə yanaşılır. Daxili imkanlar, daxili bazarın potensialı araşdırılır və qarşıya məqsəd qoyulmuşdur ki, biz özümüzü yerli məhsullarla maksimum dərəcədə təmin edək.
Regionlarda işlər çox uğurla gedir. Bütün bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin icrası uğurla həyata keçirilir. İnfrastruktur layihələri arasında qazlaşdırma, kənd yolları, içməli su, kanalizasiya məsələləri prioritet təşkil edir. Yeni iş yerlərinin açılması prosesi gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən – 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.
Azərbaycan böyük valyuta ehtiyatlarına malikdir. Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir.
Doqquz ayda sosial məsələlərin həlli daim diqqət mərkəzində olmuşdur. Ölkəmizdə icra olunan ünvanlı sosial yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə ayda orta hesabla 112 manat vəsait ödənilir.
İclasda qarşıda duran vəzifələr barədə aidiyyəti təşkilatlar qarşısında konkret vəzifələr qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqların icra edilməsi istiqamətində 2012-ci ilin doqquz ayında rayonda tikinti və abadlıq işləri davam etdirilmişdir.
Respublika və yerli əhəmiyyətli yollarda xeyli iş görülmüşdür. 10 saylı Yol İstismar Sahəsi tərəfindən 971 min manat dəyərində təmir işləri görülmüşdür. İsmayıllı-Lahıc avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Artıq yolun 10 kilometrə qədər hissəsinə asfalt örtük vurulmuşdur. Qalınçaq kəndinin giriş yolunda 38 metr uzunluğunda və Göyçay çayının İstisu kəndindən keçən hissəsində, Qalacıq, Çayqovuşan, İstisu kəndlərinə gedən yolda 68 metr uzunluğunda 4 aşırımlı dəmir-beton konstruksiyalı körpülər tikilib istifadəyə verilmişdir. Kənd yollarının tikintisinə diqqət artırılmışdır.
Cənab Prezidentin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun yenidən qurulmasına başlanmışdır.
Sumağallı kəndində su-elektrik stansiyasında, “Cavanşir qala” otelində, İvanovka çörək zavodunda, 2012-ci ilin 9 ayında  rayonun sosial - iqtisadi inkişafıRayon Polis Şöbəsinin inzibati binasında tikinti işləri davam etdirilmişdir. Şəhərin Nizami küçəsində irimiqyaslı abadlıq işlərinə başlanmışdır. Ə.Mahmudov küçəsində piyadaların təhlükəsiz hərəkət etməsi üçün səkilər yenidən qurulmuş, Cavanşir küçəsində abadlıq işləri, Qala divarlarının tikintisi davam etdirilərək avtomobil dayanacağı yaradılmışdır.
İsmayıllı şəhəri ilə bərabər iri yaşayış məntəqələrində də sosial problemlərin həlli istiqamətində işlər davam etdirilmişdir.
Qalınçaq, Qoşakənd, Tubukənd, Yenikənd, Şükürçü, Sulut kəndlərinə gedən avtomobil yolları təmir edilmiş, İvanovka kəndində 34 min kvadratmetrdən çox asfalt örtük salınmış, mini futbol meydançası tikilərək istifadəyə verilmişdir.
İlin sonunadək Yaponiya Səfirliyi ilə və Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlıqla daha bir neçə kəndin sosial problemlərinin həlli istiqamətində layihələrin icrası nəzərdə tutulur. Azərbaycan Kənd İnvestisiya Layihəsi Buynuz və Ruşan kəndlərində səfərbərlik təlimlərini başa çatdırmış, yaxın günlərdə işlərin icrasına başlanacaqdır.
2012-ci ilin doqquz ayında rayonda faktiki qiymətlərlə ümumi məhsul buraxılışı 89 milyon 660 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 795 min manat çoxdur. Doqquz ayda keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul 8 faiz, sənayedə 3,5 faiz artım əldə olunmuşdur. Müqayisə olunan dövrdə pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 2,5 faiz, bir işçiyə hesablanan nominal orta əmək haqqı 9,8 faiz artmışdır.
Rayon büdcəsinin gəlirlər hissəsi ümumilikdə 12 milyon 838 min manata qarşı 12 milyon 943 min manat və ya 101 faiz, xərclər 12 milyon 838 min manata qarşı 11 milyon 708 min manat və ya 91 faiz icra olunmuşdur. İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 2012-ci ilin 9 ayında istehlakçılara 36 milyon 152 min kilovat/saat enerji verilmiş, ödəniş 82,6 faiz icra olmuşdur. 9 ayda 564 ədəd elektron tipli, 35 ədəd smart tipli sayğac quraşdırılmış, yararsız dayaqlar dəyişdirilmiş, 21 müxtəlif güclü transformator təmir edilmiş və transformator yarımstansiyalarında cari təmir işləri görülmüşdür. 3,2 kilometr hava xətti SİP kabellə əvəz olunmuşdur. Lakin bildirməliyəm ki, enerji sistemindəki köhnəlik rayonun ən aktual problemlərindəndir. İstənilən yaşayış məntəqəsində keçirilən görüşlər zamanı əhali tərəfindən səsləndirilən müraciətlərin əksər hissəsi qəzalı vəziyyətdə olan elektrik dirəkləri ilə bağlıdır.
Cənab Prezident iclasda qeyd etmişdir ki, gələn il elektrik xətlərinin çəkilişi məsələləri prioritet olmalıdır. Bölgələrdə paylayıcı xətlər lazımi səviyyədə deyildir. Bəzi hallarda taxta dirəklər külək əsən kimi aşır, xətt qırılır və insanlar əziyyət çəkirlər. Qeyd olunan nöqsanlar rayonumuzda qabarıq surətdə üzə çıxır. Enerji təsərrüfatının köhnələrək istismar müddətini bitirdiyi üçün hələ də rayon ərazisində dayanıqlı və təminatlı enerjinin verilməsinə nail olunmamışdır. Son günlərdə elektrik enerjisi ilə təchizatda tez-tez fasilələr yaranır.
Hesab edirəm ki, Rayon Elektrik Şəbəkəsi öhdəsinə düşən vəzifələrin həlli üçün səylərini artıracaqdır.
İsmayıllı Qaz İstismar Sahəsi tərəfindən 11083 abonentə xidmət göstərilməklə doqquz ayda istehlakçılara 16,1 milyon kubmetr təbii qaz yanacağı verilmişdir. İstifadə olunmuş qazın dəyəri abonentlərdən 100,7 faiz yığılmışdır. 2012-ci ildə bir sıra yaşayış məntəqələrinin daşıyıcı və paylayıcı qaz kəmərlərində təmir-bərpa işləri aparılmışdır. 4748 qaz sayğacı həyətlərdən küçə şəraitinə çıxarılaraq yenisi ilə əvəz olunmuş, abonentlər üçün 587 ədəd məişət-qaz sayğacı quraşdırılmışdır. May ayında Topçu kəndinə qaz yanacağının verilməsi bərpa olunmuşdur.
Şəhərdə yeraltı qaz kəmərlərinin yerin səthinə çıxarılması və İvanovka kəndində qaz təsərrüfatının yenidən qurulması davam etdirilir. Şəhərdə diametri 200 millimetr olan polietilen borularla 3200 paqonnı-metr daşıyıcı qaz xətti çəkilmişdir. Basqal qəsəbəsi və Tircan kəndlərinin qazlaşdırılması üçün diametri 315 millimetr olan polietilen borularla daşıyıcı qaz kəmərinin tikintisinə başlanmışdır.
Görülən işləri alqışlayırıq. Lakin qaz təminatı ilə bağlı işləri icra edərkən şəhərin estetik görünüşünü də nəzərə almaq lazımdır. Mübariz Orucov küçəsində yerüstü çəkilən daşıyıcı və paylayıcı qaz xətləri küçəyə demək olar ki, eybəcərlik gətirir. Gələcəkdə bu cür halların baş verməməsini Qaz İstismar Sahəsinin rəhbərliyindən bir daha tələb edirəm. Bundan başqa, kənd yaşayış məntəqələrinin qazlaşdırılmasını sürətləndirmək lazımdır. Xüsusilə Qalagah, Soltankənd və Uştal kəndlərini qeyd etmək istəyirəm. Ətrafındakı ərazilərin qazlaşdırılması bu kəndlərin əhalisinin narazılığına səbəb olur.
Hesabat dövründə əhalinin içməli su təminatının yaxşılaşdırılmasına diqqət artırılmışdır. Payız-qış mövsümünə hazırlıqla əlaqədar Xanagah-İsmayıllı su xəttində, şəhərdaxili su və kanalizasiya xətlərində təmir işləri görülmüşdür. Şəhərdə iki sub-artezian quyusunun enerji transformatoru və su nasosu təmir olunmuşdur.
“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə” çərçivəsində Dünya Bankının vəsaiti hesabına İsmayıllı şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Artıq 71 kilometr kanalizasiya, 28 kilometr uzunluğunda su xətti çəkilmişdir.
Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin uçotunda 13596 nəfər pensiyaçı vardır. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 9 ayda ödəniş müəssisələrinə 17 milyon 118 min manat məbləğində vəsait köçürülmüşdür. Vəsaitin 14 milyon 618 min manatı Respublika DSMF-dən daxil olmuşdur ki, bu da ödənilmiş pensiya və müavinət məbləğinin 86,6 faizini təşkil edir. 2012-ci ilin doqquz ayında DSMF tərəfindən sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarının toplanması vəziyyəti
“Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısının 16 dekabr 2011-ci il tarixli 226 saylı Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər planının icrası davam etdirilmişdir. 21 sentyabr 2012-ci il tarixdə rayonda növbəti “Əmək yarmarkası” təşkil olunmuşdur. Əmək yarmarkasında idarə, müəssisə və təşkilatlar tərəfindən 215 boş iş yeri təqdim edilmiş, həmin iş yerlərinə 99 nəfər qeyri-məşğul vətəndaş işə göndərilmişdir. Hesabat dövründə İsmayıllı rayon Məşğulluq Mərkəzinə 474 nəfər qeyri-məşğul vətəndaş iş axtarmaq məqsədi ilə müraciət etmişdir. Onların 303 nəfəri və ya müraciət edənlərin 67 faizi işlə təmin olunmuşdur. Hazırda Rayon Məşğulluq Mərkəzində 508 nəfər işsiz statusu alan vətəndaş rəsmi qeydiyyatdadır.
9 ay ərzində rayon üzrə 398 yeni iş yeri açılmışdır.
Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariyaya qarşı mübarizə aparılması üçün rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi tərəfindən tədbirlər davam etdirilmişdir. Cari ildə əlavə olaraq 17 ədəd iritutumlu metal zibil qutusu hazırlanaraq şəhərin küçələrinə qoyulmuşdur. Mərkəzləşdirilmiş bölgüyə əsasən rayona Çin Xalq Respublikasının istehsalı olan məişət tullantıları daşıyan avtomobil verilmişdir.
Hesabat dövründə Mənzil İstismar Sahəsi tərəfindən Natəvan küçəsində iki 16 mənzilli, M.F.Axundov küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilmiş 27 mənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, Vahab Osmanov küçəsində yerləşən 36 və Natəvan küçəsində 16 mənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə başlanmışdır. Bundan başqa, Heydər Əliyev prospekti 107, Ərəstun Mahmudov 14 ünvanında yerləşən binaların dam örtüyündə əsaslı təmir işləri aparılmışdır.
2012-ci ilin doqquz ayında əhaliyə göstərilən rabitə və poçt xidmətlərinin səviyyəsi də müəyyən qədər yaxşılaşmışdır. Müasir texnologiyalardan və yeniliklərdən istifadə etməklə xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq üçün tədbirlər davam etdirilməlidir. Belə ki, üçüncü rübdə Quşencə, Qalınçaq, Ruşan, Göytəpə, Talıstan və Diyallı elektron ATS-lərin birləşdirici xətləri yeni fibrooptik kabellə əvəz olunmuş, abonentlərin yüksək sürətli, genişzolaqlı internet xidmətlərindən istifadə etmək imkanı yaranmışdır. İsmayıllı Poçt filialında poçt və maliyyə xidmətlərinin keyfiyyəti artmış, kütləvi ödənişlərin əhalidən qəbulunda və kompüter şəbəkəsi vasitəsilə abonentlərin hesabına işlənməsində irəliləyişə nail olunmuşdur.
Rayonumuzda 9 ayda 55 milyon 244 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 72 min manat və ya 8 faiz çoxdur.
2012-ci ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən bu sahələr üzrə Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi fərman, sərəncam və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı xeyli iş görülmüş, ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin yüksəldilməsinə, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə diqqət artırılmışdır.
Cari ildə Kürdeldarbəyli kənd tam orta, Talış və Sərdahar ümumi orta məktəblərinin hər biri üçün 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. İsmayıllı şəhər 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 6 nömrəli, Lahıc, Basqal qəsəbə, Topçu, Təzəkənd, Talıstan kənd tam orta, Gəndov kənd ümumi orta məktəblərində cari təmir işləri aparılmışdır. Qəzalı vəziyyətdə olan Müdri, Pirəbilqasım, Mücü və Yeniyol kəndlərində məktəb binalarının tikintisinə başlanmışdır. Məktəblərin inventar-avadanlıqlarla təminatı yaxşılaşdırılmışdır.
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, şagirdlərin fənn olimpiadalarında və digər müsabiqələrdə iştirakı təmin olunmuşdur. Bu ilin mart ayında keçirilən fənn olimpiadalarının respublika mərhələsində rayonun 9 nəfər şagirdi uğurlu nəticələr əldə etmiş və respublika rayonları arasında ən yaxşı nəticəyə nail olmuşdur.
Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi və idmanın inkişafı diqqət mərkəzində saxlanılmış, “Cəsurlar” hərbi-idman və turizm yarışlarının respublika mərhələsində Təzəkənd tam orta məktəbinin komandası, “Şahin” hərbi-idman yarışlarında isə Diyallı kənd tam orta məktəbinin komandası II yerə layiq bilinmişlər.
Rayonun tam orta və ümumtəhsil məktəbləri üzrə cari ilin iyun ayında keçirilmiş buraxılış imtahanları uğurla başa çatmış, təhsildə qazandığı uğurlara görə şəhər 5 saylı tam orta məktəbin məzunu Bədəlova Badam Ənvər qızı, Təzəkənd kənd tam orta məktəbinin məzunu Şahlarlı Mənsur Elxan oğlu qızıl medala, dörd nəfər IX sinif şagirdi isə fərqlənmə şəhadətnaməsinə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində şəhər 2 saylı, Qubaxəlilli və Tircan kənd tam orta məktəbləri “Ən yaxşı ümumtəhsil müəssisəsi”, şəhər 1 saylı tam orta məktəbin müəllimi Pərvanə Piriyeva, Cülyan kənd tam orta məktəbinin müəllimi Tahir Abdullayev və Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Samir Ağabalayev isə “Ən yaxşı müəllim” adına layiq bilinmişlər.
Məktəbi bitirən məzunlardan 262 nəfəri ali məktəblərə, 110 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Qəbul olunmuş məzunlardan 11 nəfəri 600 baldan çox, 44 nəfəri isə 500-dən çox bal toplamışdır.
Qarşıda duran ən vacib məsələ məktəblərin qışa hazırlığıdır. Lakin məktəblərin bir çoxu hələ də qışa hazırlıqla bağlı tədbirləri başa çatdırmamışdır.
2012-ci ilin ötən dövrü ərzində rayonda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və əhaliyə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması üçün müəyyən tədbirlər görülmüş, Lahıc qəsəbəsində və İvanovka kəndində 15 çarpayılıq yeni xəstəxana binalarında, həmçinin, Tircan və Topçu kəndlərində yeni həkim məntəqələrində tikinti işləri davam etdirilmişdir. Xəstəxananın poliklinika şöbəsində cari təmir işləri aparılmışdır. 2012-ci ilin III rübündə Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işlərinə başlanmışdır. Bu il rayon Mərkəzi Xəstəxanası cərrahi əməliyyatlar aparmaq üçün cərrahi alət dəsti, tibbi mebel dəsti və digər müasir avadanlıqlarla təmin olunmuşdur.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə sanitar-epidemioloji briqadalar yaradılmış, vaxtaşırı kəndlərə göndərilməsi təmin edilmiş və infeksiya ehtimalı olan yaşayış məntəqələrində dezinfeksiya işləri həyata keçirilmişdir. Görülmüş işlərin nəticəsidir ki, 2012-ci ildə yoluxucu xəstəliklərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli azalmışdır.
Aparılan islahatlar nəticəsində mədəni-maarif müəssisələrinin fəaliyyətində dönüş yaradılmışdır. Rayon Mədəniyyət evinin bazasında Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yaradılmış, kənd mədəniyyət evi və klublar isə həmin mərkəzin filialları olmuşdur. Maddi-texniki bazası zəif olan və kifayət qədər oxucusu olmayan kitabxanalar birləşdirilərək kitabxanaların sayı 60-dan 49-a endirilmişdir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, mədəniyyət evləri və klubların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Diyallı kənd mədəniyyət evində, İvanovka kənd kitabxanasında, Uşaq İncəsənət məktəbində, muzeylərdə cari təmir işləri aparılmışdır.
Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən mədəni-kütləvi tədbirlərin keçirilməsinə diqqət artırılmış, tarixi günlər və bayramlar yüksək səviyyədə qeyd olunmuşdur. Hesabat dövründə “İsmayıllı günü” münasibəti ilə avqust ayının 31-də keçirilmiş tədbiri xüsusən qeyd etmək istərdim. Rayonun Qala divarları qarşısında möhtəşəm bayram təntənəsi yaşanmışdır. Qala divarları qarşısında təşkil edilmiş tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin ayrı-ayrı mədəni-maarif müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, milli azlıqların folklor qruplarının çıxışları olmuş, misgərlərin, turizm, kitab, xalçaçı və ipəkçi toxucuların əl işlərinin sərgiləri təşkil edilmiş və milli mətbəx nümunələri nümayiş olunmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Yaponiyanın və Rusiya Federasiyasının ölkəmizdəki Fövqəladəvə Səlahiyyətli səfirləri, Belorus Respublikasından nümayəndə heyəti, Milli Məclisin deputatı Novruzəli Aslanov və digər rəsmi şəxslər iştirak etmişlər. Bayram təntənəsi qonaqlarda unudulmaz təəssürat yaratmışdır. Böyük əhali kütləsinin qatıldığı “İsmayıllı günü”ndə rayonun qədim tarixi, zəngin folkloru, xalq sənətkarlığı, müasir sosial-iqtisadi inkişafı, xüsusilə təhsil, mədəniyyət və turizm sahələrində qazanılan yüksək nailiyyətləri nümayiş olunmuşdur.
Bütün bunlarla yanaşı, təhsil, səhiyyə, mədəni-maarif müəssisələri öz fəaliyyətlərini müasir tələblər səviyyəsində qurmaq üçün daha əzmlə çalışmalıdırlar.
Nəzərinizə çatdırmaq istəyirəm ki, bu ilin 9 ayını təhlil edərkən ideoloji işin qənaətbəxş olmadığı hiss olunur. Rayonda fəaliyyət göstərən ictimai birliklərin fəaliyyəti idarə və təşkilatların onlara göstərdiyi münasibətlər əsasında formalaşır. Çox təəssüf hissi ilə bildirirəm ki, müraciətlərimizə baxmayaraq ictimai birliklərin, xüsusilə “Qızıl Aypara” və Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri İctimai Birliyinin hesabına ianələrin toplanmasında bütün idarə və təşkilatlar iştirak etməmiş və yaxud qismən iştirak etmişlər.
Bir daha idarə və təşkilat rəhbərlərinə ianələrin vaxtında ictimai birliklərin hesabına köçürülməsini, İcra Hakimiyyətinin aidiyyəti şöbəsinə isə nəzarəti gücləndirməklə arayış təqdim etməsini tapşırıram.
Həmişə bizi narahat edən bir problemi yenidən diqqətinizə çatdırmaq istəyirəm. Yığıncaqlarda, tədbirlərdə dəfələrlə deyilməsinə baxmayaraq şəhərimizdə nəqliyyat vasitələrinin idarə olunmasında, sürücülük mədəniyyətində ciddi problemlər var. Bu işdə ictimai nəzarətə daha ciddi ehtiyac var. Son hadisələr, şəhərin daxilində ölümlə nəticələnən avtomobil qəzaları bizi daha çox narahat edir.
Mən hüquq mühafizə orqanları ilə birlikdə hamını avtoxuliqanlara, avtomobildən nəqliyyat vasitəsi kimi deyil, əyləncə vasitəsi kimi istifadə edənlərə qarşı mübarizəyə çağırıram. Heç kəs bu işdə güzəştə getməməlidir. Çünki son nəticədə, zərərçəkən elə biz özümüz oluruq. İnsan taleləri yarımçıq qırılır, şəhərin infrastrukturuna ciddi zərər dəyir.
Qeyd etdiyimiz kimi, Azərbaycan dinamik, sürətli inkişaf yolundadır. Cənab Prezident iclasda qeyd etmişdir ki, bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır. İsmayıllı rayonu da bu tarixi günün yaxınlaşmasına öz töhfəsini verməlidir. Rayonumuzda görüləsi işlər hələ də çoxdur.
Bu işlərin görülməsi, qarşımıza qoyulan bütün vəzifələrin uğurlu həlli üçün Sizə müvəffəqiyyətlər arzulayıram.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir