Son illərdə Respublikamızda çoxlu sayda yeni körpülər, yolötürücü qovşaqlar, yeni yollar tikilmiş, yol şəbəkəsi inkişaf etdirilmişdir. Bu inkişaf regionlarda, məhz rayonumuzda da özünü büruzə verir. İsmayıllı rayonunu ətraf rayonlarla birləşdirən magistral yollar yenidən qurulur və insanların rahat gediş-gəlişi təmin olunur. Bu işlərin yerinə yetirilməsində idarəmiz də öz səy və bacarıqlarını əsirgəmir. Tərəfimizdən bu il aparılan təmir işləri əsasən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarında və yerli əhəmiyyətli yollarda yerinə yetirilmişdir.
Muğanlı-İsmayıllı avtomobil yolu seysmik ərazidə yerləşdiyindən həmin yolun 0-12, 22-29-cu kilometrlərində mütəmadi olaraq torpaq sürüşmələri, qabarmalar, çökmələr əmələ gəlir, suötürücü boruların giriş-çıxışlarına və digər yol qurğularına ciddi ziyan dəyir. Xidmət etdiyimiz avtomobil yollarında nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün iş proqramı hazırlanmış və təxirəsalınmaz tədbirlər görülərək rahat gediş-gəliş təmin olunmuşdur. Sınmış, köhnəlmiş, istismar müddəti başa çatmış yol nişanları yeniləri ilə əvəz olunmuş, sürüşmə baş verən ərazilərdə torpaqlar maşın-mexanizmlər vasitəsilə yoldan kənarlaşdırılmışdır.
9-10 iyul 2012-ci il tarixdə yağan güclü leysan yağışları nəticəsində rayonun yol təsərrüfatına xüyli ziyan dəymişdir. Belə ki, leysan yağışları nəticəsində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 40-43-cü kilometrlərində yolun sağ və sol kənarlarında dərin yarğanlar əmələ gəlmişdi. Yolun çiyinləri yuyulmuş, asfalt örtüyü dağılmışdı. Sel suları yolun hərəkət hissəsinə külli miqdarda lil, daş və ağac qırıntıları toplamışdı. Narahatçılığa səbəb olan bu vəziyyət qısa müddətdə aradan qaldırıldı, intensiv gediş-gəliş təmin olundu.
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 24, 40-43-cü kilometrlərində suötürücü borulara, yolun 45-ci kilometrliyində Göyçay çayının üzərindəki körpünün sol sunizamlayıcı bəndinə dəyən ziyan aradan qaldırılmışdır. Aramsız yağışlar səbəbindən İsmayıllı-Muğanlı avtomobil yolunun 0-12, 22-29-cu kilometrlərində torpaq sürüşmələri aktivləşmişdir. Sel suları yolların çınqıl örtüyünü yumuş, digər yol qurğularının bərpasını zəruri etmişdir. Tərəfimizdən görülən tədbirlər nəticəsində təbii fəlakətin yaratdığı problemlər aradan qaldırılmış və avtomobil yollarında nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 40-43-cü kilometrlərində yolun kənarları boyu əmələ gələn yarğanlar daş və çınqılla doldurulmuş, nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunmuşdur.
Rayondaxili – Qarakolluq-Şükürçü-Yenikənd, Qalınçaq, Quşencə-Zoğallıq, Basqal, Zeyvə, Xankəndi, Tircan-Sərdahar, Ağbulaq-Qoşakənd-Gənzə, Keyvəndi, Sumağallı-Qalacıq avtomobil yollarında təmir işləri aparılmış, yolların çınqıl örtüyü bərpa olunmuşdur. 2012-ci ilin 9 ayında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun çiyinlərinə çınqıl tökülmüş, bərkitmə işləri aparılmışdır. Muğanlı-İsmayıllı avtomobil yolunun 0-12-ci kilometrlərində baş vermiş torpaq sürüşməsinin nəticələri aradan qaldırılmışdır.
“Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq bu il Sumağallı-Qalacıq avtomobil yolunda qəzalı vəziyyətdə olan körpü sökülərək yerində yeni, 4 aşırımlı körpü tikilib istifadəyə verilmişdir. Növbəti layihələrdən biri də Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 0-29 kilometr hissəsinin tikintisidir ki, həmin yolun tikintisi 2013-2014-cü illər üçün nəzərdə tutulmuşdur.
Eyni zamanda, Tircan-Sərdahar, Qoşakənd, Diyallı, Talıstan, Cülyan, Quşencə kənd yollarının təmiri növbəti illərin iş planına daxil edilmişdir. Xidmət etdiyimiz avtomobil yollarının payız-qış mövsümünə hazırlığı ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Avtomobil yollarına qış aylarında səpilmək üçün lazımi miqdarda duz və qum ehtiyatı yaradılmışdır. Yolda çalışan fəhlə və mexanizatorlar isti qış geyimləri ilə təmin olunmuşlar. İdarə binasında isə istilik və elektrik xətləri təmir olunmuş, saz vəziyyətə gətirilmişdir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar xidmət etdiyimiz avtomobil yollarında yerləşən körpü keçidlərindəki çayların məcraları, boruların giriş-çıxışları, küveytlər təmizlənmiş, selə qarşı hazırlıq işləri görülmüşdür. Yolların maillik çox olan ərazilərinə qum toplanmış və sürüşkənliyə qarşı tədbirlər görülmüşdür.
Bundan sonra da rayonumuzun inkişafı, onun abadlaşdırılması yolunda var qüvvəmizlə çalışacaq, öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün qüvvələrimizi səfərbər edəcəyik.
Məhəmməd Musayev,
10 saylı Yol İstismar Sahəsinin rəisi