Xəlil Rza Ulutürk 20-ci əsr Azərbaycan ədəbiyyatının istiqlal şairi kimi tanınmış görkəmli nümayəndələrindən biridir. Bu gün onun yubiley tədbirlərinin təntənə ilə keçirilməsi Azərbaycanın həqiqətən də müstəqil olmasının bariz nümunəsidir. Bu fikirlər oktyabrın 20-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu rayonda keçirilən yubiley tədbirində səsləndi. Tədbirdə çıxış edən AMEA Nizami adına Ədəbiyyat İnstitunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli şairin gənc nəsilə örnək ola biləcək yaradıcılığından və həyatından söhbət açdı.
“Xəlil Rza Ulutürkun yaradıcılığında Azərbaycanın mədəni irsi“ adı ilə keçirilən tədbirdə daha sonra çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, dosent Nazilə Abdullazadə Xəlil Rza poeziyasını maddi-mənəvi dəyərimiz kimi qiymətləndirdi.
Türkiyənin Bayburt şəhərinin Azərbaycanda səfərdə olan nümayəndə heyətinin üzvü, Bayburt Turizm və Mədəniyyət şöbəsinin müdiri Adnan Okumuş da Xəlil Rza yaradıcılığı ilə tanış olduğunu ifadə etdi və şairin məzarını ziyarət etmələrini səfərin önəmli hadisəsi kimi dəyərləndirdi. Adnan Okumuş tədbir iştirakçılarına həm də Dədə Qorqud şəhəri – Bayburt haqqında məlumat verdi.
İsmayıllı rayonunun 3 saylı tam orta məktəbinin müəllimi Çingiz Muradlı, MİRASın gənc üzvləri Nigar Qaybalıyeva və Əhməd Sərkərli Xəlil Rza yaradıcılığına həsr olunmuş məruzə ilə, Zibeydə Bayramova və İntiqam Həsənli isə, şairin şerləri ilə çıxış etdilər.
Yubiley tədbiri MİRAS musiqi qrupunun və Bayburtdan gəlmiş “Qrup Qri”nin konsert proqramı ilə davam etdi.
Tədbirin sonunda İsmayıllı rayon İcra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əzizə Vahabova, Miras İB-nin sədri Fariz Xəlilli, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, Bayburt şəhərində fəaliyyət göstərən Bilim, Eğitim və Kültür Dərnəyinin rəhbəri Mete Emir çıxış edərək öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, yubiley tədbiri prezident İlham Əliyevin Xəlil Rza Ulutürkün 80 illiyinin qeyd olunması haqqında müvafiq sərəncamına uyğun olaraq gerçəkləşdi.
“İsmayıllı xəbərləri”