Çox hörmətli Nizami müəllim!
Bir az ucqar, bir az yolu çətin olan Sərdahar kəndində yaşasam da ölkəmizdə, rayonumuzda gedən işlərdən, inkişafdan, yüksəlişdən yaxşı məlumatım var. Rayon ərazisində həyata keçirdiyiniz layihələrin insanlara necə zənginlik gətirdiyinin, əhali tərəfindən necə razılıqla qarşılandığının hamımız şahidiyik. 83 yaşım var. 20 yaşımdan müəllim işləməyə başlamışam. Çox kənd məktəblərində riyaziyyat fənnini tədris etmişəm, direktor olmuşam. Son iş yerim öz kəndim – Sərdahar ümumtəhsil orta məktəbi olub. Bina baxımından buranı məktəb adlandırmaq mümkün deyildi. Neyləməli? Dözürdük. Həm də ardıcıl olaraq rəhbərlikdən yeni bina tikintisini xahiş edirdik. Nəhayət ki, çoxlarından fərqli olaraq Siz xahişimizə daha diqqət və həssaslıqla yanaşdınız. Bu yanaşmanın nəticəsində heç bir ictimai binası olmayan Sərdaharda 80 yerlik məktəb tikildi. Mənim davamçılarım olan müəllimlər bu ildən yeni, müasir binada, illərlə arzu etdikləri siniflərdə dərs keçməyə başlamışlar. Bu fərəh, bu sevinc, inanın ki, məni ahıl çağımda yaşadır, mənə qol-qanad verir.
Düzdür, fəaliyyətim dövründə belə məktəbdə işləmək mənə nəsib olmayıb. Amma indi orada işləyən müəllimlər ən yaxın qohumlarımdır, şagirdlər nəvə-nəticələrimdir. Ona görə də yeni məktəbə görə hamıdan çox sevinən mənəm. Bu xeyirxah əməlinizə, əhaliyə göstərdiyiniz qayğıya görə Sizə minnətdaram. Bütün işlərinizdə Allah Sizə yar olsun. Həmişə alqış qazananlardan olasınız.
Xəlilov İsmayıl İbrahim oğlu,
Sərdahar kənd sakini, pensiyaçı müəllim