Bu günlərdə mətbuatdan öyrəndik ki, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə həmyerlimiz Qafar Cəfər oğlu Cəbiyevə də “Əməkdar jurnalist” fəxri ad verilmişdir. Biz də onun sevincinə şərik olur və onu səmimi qəlbdən təbrik edirik. Çünki, həm müəllim, həm jurnalist, həm alim , həm də cəfakeş bir ziyalı kimi, keçdiyi həyat yolu mənim də gözümün önündə bu gün bir daha canlanır. Fikirləşirəm ki, Qafar müəllimin Vətənə, torpağa bağlılığı elə Talıstandan başlanır, onun tərbiyə aldığı zəhmətkeş və cəfakeş ailədən başlanır.
Onun həyatının bir anı. 22 yanvar 2003-cü il tarixdə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin olunub.Bu, sadə sərəncam deyil, axı onu ulu öndər Heydər Əliyev imzalamışdır. Həm də bu pilləni Qafar müəllim 30 illik gərgin əməyi ilə fəth etmişdir.
Qafar müəllim haqqında, onun yaradıcılığı haqqında bir sinif yoldaşı, həmkarı kimi söz demək mənim üçün də xoşdur. Q.Cəbiyev 40 illik pedaqoji, elmi və publisistik fəaliyyəti ilə özünü respublikada kifayət qədər tanıda bilmişdir. Bu illər ərzində onun qələminin məhsulu olan “Arxeologiya və romantika”, “Azərbaycan keramikası (XIV-XVII əsrlər), “Can Azərbaycan”, “Bura Vətəndir – İsmayıllı abidələri” və sair əsərləri işıq üzü görmüşdür. Qafar müəllim həm də Azərbaycan Milli Elmlər Akademiyasının Ağsu arxeoloji ekspedisiyasının rəhbəri kimi səmərəli fəaliyyət göstərir.
Səmərəli yaradıcılıq fəaliyyətinə görə “Qızıl qələm” mükafatı alan Qafar müəllim prinsipiallığı ilə seçilir. Bu mükafat ona halaldır.
Keçən əsrin 70-ci illərində Talıstan kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayan Qafar müəllimin yolu tezliklə akademiyanın tarix institutunun aspiranturasına düşür. O, elmi mövzusunu bitirərək onu müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır – 1985-ci ildə – özü də Ukraynada Arxeologiya İnstitutunda.
150-dən çox elmi məqalənin müəllifi olan Q.Cəbiyev “Ustad sənətkar” ali jurnalist mükafatı laureatıdır. Hazırda tarix elmləri doktorudur. Onun “Can Azərbaycan” adlı kitabına müxtəlif illərdə respublika mətbuatında dərc edilmiş məqalələri toplanmışdır.
Q.Cəbiyev vətənpərvər ziyalıdır. Yazılarında da bunu çox aydın görmək olar. O hər birimizi Vətənimizin ulu tarixini öyrənməyə, onun zəngin mədəniyyətini yaşatmağa çağırır. Bu onun ürəkdən gələn çağırışıdır. Müəllifin “Qarabağ boyda dərdi, problemi olan bir xalqın başqa məsələlər barəsində düşünməyə, yazmağa haqqı varmı? Sualı oxucunu düşündürməyə bilməz.
“Həyat” qəzetindəki 17 may 1991-ci il tarixli “Sahibsizlik” başlıqlı məqaləsini oxuyun və görün ki, Gürcüstanla olan 207 kilometrlik sərhəddimizin 177 kilometrini müəyyən edən Alazan çayı axarını dəyişəndə qonşu gürcülər necə hərəkət edib, bizimkilər necə?
Qafar müəllim hərtərəfli biliyə malik, kəsərli qələmi olan ziyalıdır. O, tarixçi salnaməçidir, əsil peşəkar jurnalistdir. İxtisasca tarixçi, – arxeoloq olsa da, uzun müddət İsmayıllıda rayon qəzetində müxtəlif vəzifələrdə, “Azərbaycan” qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərmişdir. Onun əldə etdiyi nailiyyətlər zəhmətinin bəhrəsidir, o, zəhməti ilə tanınır. Qafar müəllimdən gələcəkdə daha sanballı tarixi əsərlər gözləyirik. Ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Xalid Mürşüdov,
Talıstan kənd tam orta məktəbinin direktor müavini