Macəra sevən, təbiətin “yatmış” sirlərini oyatmaq istəyən, kəşf həyacanını yaşamaq xəyalında olan gənclərin arxeoloq olmaq istəyi hamıya məlumdur. Həmişə yaşlı insanların müəyyən yerlər haqqında danışdığı əfsanələr, xalq arasında yayılan reallığa bənzər əhvalatlar insanın tarixi yerlərə marağını, axtarıcılıq meylini gücləndirir, insanın özündən asılı olmadan belə, onun xəyal gücü bu əfsanələrə sanki inanmağa vadar edir. Şliman Homerin “İliada və Odisseya “ poemasındakı hadisələrə o qədər inamla yanaşdı ki, möhtəşəm Troya sivilizasiyasını kəşf etdi.
“Dönüb geriyə baxmadan yaşamaq, irəliyə getmək mümkün deyil” fikrini əlimizdə əsas tutaraq İsmayıllı tarixini öyrənmək istiqamətində bir yola çıxdıq . Bu yolun növbəti dayanacağı şəhər mədəniyyətinə məxsus cəhətlərini indiyədək qoruyub saxlayan, uzun əsrlər Şirvanın əsas ipək istehsalı mərkəzi olmuş Basqal oldu. Basqal şəhər tipli yaşayış yeridir. Basqalın arxeoloji cəhətdən çox zəif araşdırılmasından irəli gəlir ki, onun hansı əsrdən başlayaraq bir şəhər tipli yaşayış məskəni kimi formalaşması dəqiq məlum deyil. Basqalın ətrafı qala divarları ilə əhatə olunub. Basqalın “Qalabaşı” ərazisində qala divarlarının qalıqları tarixin sınaqlarından keçərək indiyədək varlığını saxlayıb.
Basqal Azərbaycanın mühüm sənətkarlıq, əsas da sənətkarlığın ipəkçilik sahəsi üzrə ixtisaslaşmış ərazilərindən biri olub. E.M.Remark deyirdi: “ Biz pəncərə qarşısında dayanmışdıq, duman şüşələrə sığınır, onların qarşısında qatılaşırdı. Mən hiss etdim ki, orada – duman arxasında mənim keçmişim – dilsiz, görünməz keçmişim gizlənmişdir”. Basqala da qiyabi tamaşa edəndə də hiss edirsən ki, bu tarixi yerin zəngin, amma, bizim üçün qaranlıq qalan səhifələri çoxdur. Basqalın quruluşu da, Lahıcda olduğu kimi, daş döşənmiş məhəllələri də, sənətkarlıq mərkəzləri də, su və kanalizasiya sistemləri də buranın şəhər tipli yer olduğunu göstərir. Çünki, saydığımız elementlər kənd yaşayış yerlərinə xarakterik deyil. Orta əsr şəhərlərində bu elementlər öz əksini tapırdı. Hər bir yerin tarixinə nəzər salanda ilk növbədə diqqət yetirilən məqamlardan biri yaşayış yerinin adının haradan yaranmasıdır. Bu baxımdan Basqal toponimi barədə bir neçə amma tam sübuta yetirilməyən versiya mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətinin birinci cildində (səh. 82) Basqal toponimi “dağ yalı” kimi göstərilib. Tədqiqatçılar belə hesab edirlər ki, Basqal toponimi baskı (mənbə) və yal sözlərindən ibarətdir.
Azərbaycan dilinin dialektlərində basalax, basmax, basna kimi sözlər “nəsil, tayfa”, “çeşid, növ” mənalarında işlənir. Qal/kal/xal komponenti isə kalın sözünün kökü kimi dilimizdə qədimdən “sıx”, “yığın”, “kütlə”, “cəmlənmiş” mənalarını ifadə edir. Həqiqətən də basqallılar yaşadıqları ərazidə kompakt halda öz kiçik cəmiyyətlərini yaratmışdılar. Hətta Krımın Krasnoselskoye yaşayış məntəqəsinin də əvvəlki adı Basalak olmuşdur.
Basqalın hörmətli ziyalılarından biri Miryavər Hüseynovun “ Ulu Vətənim Basqal” kitabında Basqal toponiminin türk sözü olduğunu və “qala qur”, “qala yarat”, “qala ucalt” (“bas qala”) mənası bildirdiyini qeyd edir.
“Basqal” toponimini bəzi tədqiqatçılar “Pəsqala”(“gizli qala”) kimi izah edirlər. Biz bəzi yerli basqallılardan da öyrəndik ki, onlar Basqal toponimini “basılmaz qala” kimi də qəbul edirlər. Amma bunlar tam sübuta yetirilməyən versiyalardir.
Basqallıların ətrafda olan kəndlərin əhalisinə bir qədər yuxarıdan aşağı baxmaları, onları “kənd adamı” adlandırmaları məhz şəhər mədəniyyətindən irəli gəlir. Basqal qeyd etdiyimiz kimi, əsas ipəkçilik mərkəzlərindən biri olub. Basqal kəlağayısı Azərbaycan sərhədlərindən də uzaqlara ixrac olunurdu. Təəssüf ki, bir evdə kustar yolla kəlağayı hazırlanması istisna olmaqla əvvəllər işləyən emalatxanalar daha işləmir. Basqalda diqqətimizi çəkən, qəsəbədəki evlərin təzadlıq təşkil etməsidir. Basqala girəcək hissədə müasir, gözəl villalar, yaşayış evləri tikilib. Amma çayın sol sahil hissəsinə daxil olduqca qədim Basqal başlayır. Burada qədimi evlər, dar küçələr, daş döşənmiş məhəllələr insanı sanki orta əsr şəhər həyatına aparır.
1931-ci ildə İsmayıllı rayonu təşkil ediləndən sonra Basqal 2 il (1932-1933-cü illərdə) rayon mərkəzi olub. 1989 –cu ildə Basqal tarix və mədəniyyət qoruğu elan edilib. 1990-ci ildən isə ona qəsəbə statusu verilib. Şirvanın uzun müddət ipəkçilik mərkəzi olan Basqal haqqında etnoqraf alim Arif Mustafayev yazır: “ Basqal karxana şarbaflığının (ipək məmulatı hazırlayan sənət sahəsi) əsas mərkəzlərindən biri olub. A.De Sent-Ekzüperi yazırdı: “Qala, mən səni insanların qəlbində ucaldacağam”. Bizlərin də məqsədi Basqal kimi qədim, şəhər tipli , zəngin tarixə malik bir tarix parçasını insanlara daha yaxından tanıtmaq, onun təbliği istiqamətində az da olsa töhfəmizi verməkdir. Qeyd edək ki, Basqal Şirvan xanlarının daimi istirahət yerlərindən biri olub. Burada əlverişli imkanlar qurmaqla xarici turistləri Basqal kimi tarixi məkana cəlb etmək, onlarda bu orta əsr şəhəri haqqında zəngin təəssüratlar yaratmaq olar. Biz gənclər də bu istəklərin həyata keçməsi ümidi ilə tarixi Basqaldan ayrılırıq…
Ayrılırıq ki, İsmayıllı tarixinin danışmayan səhifələri ilə tanış olaq. A.A.Bakıxanov demişkən: “Tarix elə danışmayan natiqdir ki, sələflərinin vəsiyyətlərini bütün təfsilat və tərifləri ilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini tərəqqi və tənəzzül yollarını anladır”. İsmayıllı tarixinin şahidləri olan tarixi abidələr də bizə tariximiz haqqında, sələflərimiz barədə məlumatlar verir.
Yolumuz Sulut kəndinədir. Görəsən, qarşıda bizi daha hansı macəralar, tarixin hansı yadigarları gözləyir?
Ardı var…
Sahil Əzimov
Ağbulaq kənd ümumi orta məktəbinin tarix müəllimi