Yazıçı, millət vəkili Aqil Abbasın eyni adlı romanı əsasında çəkilmiş film ərsəyə gəlmişdir. Rejissor Elxan Cəfərovun çəkdiyi filmin bölgələrdə nümayişi başlayıb. Filmin ilk təqdimatı Bakıda “Nizami” kino-teatrında jurnalistlər üçün keçirilmişdir. İkinci baxış isə filmin əsasən çəkildiyi məkanda – İsmayıllıda olmuşdur. 8 sentyabrda baş tutmuş təqdimat həm də rayon müəllimlərinin konfransı gününə təsadüf etmişdir. Dəqiq demək olar ki, filmə rayonun əksər kəndlərindən gəlmiş adamlar tamaşa edə bilmişlər.
Filmin yaradıcı heyəti ilk öncə rayon ictimaiyyəti və Qarabağ müharibəsi əlilləri və veteranları ilə birgə rayonun Şəhidlər xiyabanını ziyarət etmiş şəhidlərin ruhuna dualar oxumuşlar.
Rayon Gənclər Mərkəzində baş tutmuş təqdimatda RİH aparatının, hüquq-mühafizə orqanlarının, digər ictimai təşkilatların nümayəndələri, müəllimlər və məktəblilər iştirak etmişlər.
Mərkəzdəki iclas zalının səhnəsinə qalxan yaradıcı kollektiv tamaşaçıların gurultulu alqışları ilə qarşılanmışdır. İlk öncə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov filmin uğurlu alınmasından danışmış və bildirmişdir ki, Qarabağ döyüşlərini ekranlaşdırmaq xalqımızın vətənpərvərlik əzminin yüksəlməsinə böyük təkandır.
Filmin rejissoru Elxan Cəfərov da öz növbəsində həm Bakıda, həm də İsmayıllıda tamaşaçıların “Dolu”ya böyük maraq göstərdiklərini və filmi alqışlarla qarşıladıqlarını xüsusi qeyd etmiş, hər kəsə minnətdarlığını bildirmişdir.
Ssenarist yazıçı Aqil Abbas çəkilişlər zamanı İsmayıllı camaatının qrupa göstərdikləri köməyə görə minnətdarlıq etmiş, burada onlar üçün yaradılmış ab-havadan, şəraitdən çox razı qaldığını bildirmişdir. O bildirmişdir ki, bu köməyi, bu dəstəyi hər yerdə, hər kəsdən gördük. Yazıçı rayonun tibb işçilərindən, yanğınsöndürənlərindən, sadə adamlardan və polis işçilərindən razılıqla söhbət açmışdır. Millət vəkili İsmayıllı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Nizami Qocayevin onlara göstərdiyi köməyi xüsusilə vurğuladı. Bir daha hamıya təşəkkürünü bildirmişdir.
Təqdimatda iştirak edənlər – operator Nadir Mehdiyev, rəssam Rafiq Nəsirov, səs operatoru Bəkir Bəkirzadə, montajçı Elşad Rəhimov, baş rolların ifaçıları – Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, filmdə yeganə qadın rolunun ifaçısı Gülzar Qurbanova, prodüsser Nadir Əliyev də filmin çəkilişində onlara göstərilən qayğı və köməyə görə minnətdarlıq etmişlər. Filmin musiqisini bəstəkar Polad Bülbüloğlu yazmışdır.
Döyüş-müharibə janrında olan bu film əsasən İsmayıllıda (70 faizi), Bakıda, Sumqayıtda, Şəmkir, Ağdam və Ağcabədi rayonlarında lentə alınmışdır. İsmayıllılar “Dolu”dakı kütləvi səhnələrdə rol almışlar, filmin ilk təqdimatının burada keçirilməsi də məhz bundan irəli gəlir, bu, yaradıcı kollektivin onlara hədiyyəsidir.
Film başlandı. Kadrlar tamaşaçıları 1991-ci illərə qaytardı, biz həmin ağır, hərc-mərcliklərin bir daha şahidi olduq.
Tamaşaçılar filmdən riqqətə gəldiklərini uzun sürən alqışlarla bildirmişlər. Filmin nümayişindən sonra İsmayıllı RİH başçısı Nizami Ələkbərov yaradıcı heyətlə görüşmüşdür. Film barəsində xoş təəssüratlarını bölüşən başçı nümayiş olunan ekran əsərini müasir Azərbaycan kinosunun nümunəsi adlandırıb.
Kadrlar bir daha sübut etdi ki, harada birlik yoxsa, orada qalibiyyətdən danışmağa dəyməz. Yumruq kimi birləşməyimiz lazımdır. Axı düşmən üzərində qələbə qazanılmayıb, üç rəngli bayrağımız Xankəndidə dalğalanmayıb. Azərbaycan əsgəri son sözünü hələ deməyib. Qələbə gününü gözləyirik.
B.Babayev