İyul ayının 26-da millət vəkili Novruzəli Aslanovun İsmayıllı rayonunda, Gənclər Mərkəzinin binasında yerləşən ofisində növbəti qəbul günü olmuşdur.
Mütəmadi olaraq seçicilərin qayğıları, problemləri ilə maraqlanan, onların həlli yollarını axtaran, əksər hallarda buna müvəffəq olan deputatın qəbuluna rayonun müxtəlif yaşayış məntəqələrindən gələnlər vardı.
Şəbiyan kəndinin sakini Rafiq Kərimov deputata yaşayış evinin qəzalı vəziyyətə düşməsindən danışdı, əsaslı təmir üçün heç bir imkanı olmadığını söylədi və bu səbəbdən maliyyə köməkliyinə ehtiyacı olmasını dilə gətirdi.
Basqal qəsəbəsindən gəlmiş Fazil Nuriyev üçüncü qrup əlil olduğunu, işsizlikdən ailə vəziyyətinin ağırlaşmasını bildirdi, əlilliyinin sağ qolunun bilək hissəsində aldığı xəsarətlə bağlı olmasını vurğuladı. O bildirdi ki, şikəstliyin bərpası üçün yüksək maliyyə vəsaiti tələb edən ağır əməliyyat aparılmalıdır.
Sumağallı kənd tam orta məktəbində müəllim işləyən Rza Salahov qəbula ali təhsil almış oğlunun müvafiq işlə təmin olunmasında köməklik göstərilməsi xahişi ilə gəlmişdi.
4 yaşından böyrək çatışmazlığına tutulmuş, əziyyətlə 21 yaşına çatmış İsmayıllı kənd sakini Anar İsgəndərov təbii olaraq yaşamağın onun üçün böyük arzu olmasından danışdı və bildirdi ki, müalicə olunmazsa, artıq doya bilmədiyi həyatla vidalaşmalı olacaqdır. Qardaşı böyrəyinin birini ona verməklə donorluq edəcək, lakin əməliyyat üçün tələb olunan 20 min manatın yoxluğu məsələnin həllini çətinləşdirir.
İsmayıllı şəhər sakini Ofeliya Cavanşirova qeyd etdi ki, bir müddət əvvəl qızı xəstələnmişdi. Müalicə məqsədi ilə qəbul etdiyi dərmanlar səhhətindəki narahatlıqları bir qədər də artırdı. Onun müalicəsinə indi xeyli vəsait lazımdır.
İvanovka kəndində doğulub orta təhsil almış Fariz Əsgərov Tver Tibb Akademiyasında oxuduğunu söylədi. Bildirdi ki, ordinatura təhsili almadan cərrah kimi işləyə bilməsi mümkün olmayacaq. Təhsilin bu mərhələsi isə ödənişlidir. F.Əsgərov deputatdan bu məsələdə ona köməklik göstərilməsini xahiş etdi.
İsmayıllı kənd tam orta məktəbinin hərbi müəllimi Əsgər Manafov millət vəkili ilə görüşündə ümumilikdə rayon ictimaiyyətinin, seçicilərin ondan – deputatdan razı olduqlarını qeyd etdi. Ə.Manafov deputata uzun illər hərbi müəllim işləməsindən, 50-yə qədər yetirməsinin Milli Ordumuzda zabit kimi xidmət etməsindən, şagirdlərinin rayon, respublika səviyyəli tədbirlərdə qalibiyyətlərindən, özünün ötən tədris ilində “Ən yaxşı müəllim” adına layiq görülməsindən söz açdı. Müəllim söhbət əsnasında bildirdi ki, şagirdlərlə keçirilən təlim məşqlər zamanı səyyar çadıra ehtiyacları vardır.
Millət vəkili qəbula gələnlərin hər birini böyük səbirlə dinlədikdən sonra narahatlıq doğuran məsələnin həlli istiqamətində vətəndaşların özü ilə hərtərəfli müzakirəyə geniş yer ayırdı. Müraciətlərin qeydə alınması və problemlərin həlli yolları axtarıldı.
N.Aslanovun keçirdiyi qəbullarda demək olar ki, qaldırılan hər bir məsələ, edilən hər xahiş öz müsbət həllini tapmışdır. Elə bu səbəbdən də qəbula gələnlər ondan böyük inam və razılıqla ayrılırdılar.
Ş.Soltanov