İyun ayının 22-də Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Şusuke Vatanabe İsmayıllıda olmuş, RİH başçısı Nizami Ələkbərovun xahişi ilə Mican uşaq bağçasına baxış keçirmişdir. Məqsəd qəzalı vəziyyətdə və darısqal olan bağça binasını müasir tipli uşaq bağçası ilə əvəz etməkdir.Səfir onu müşaiyət edən nümayəndə heyəti ilə bağçadakı mövcud vəziyyətlə tanışlıqdan sonra buradakı şəraitin çox acınacaqlı olduğunu vurğulamışdır. Bağçaya gələn uşaqların sayı, istirahəti, həmçinin əylənməsi ilə maraqlanan səfir ərazidə yeni uşaq bağçasının tikintisinə zəruri ehtiyac olduğunu söyləmiş və tikinti öncəsi tələb olunan sənədləşmə işlərinin başlanmasını məqbul hesab etmişdir.Cənab Ş.Vatanabe sənədləşmə işlərinin bu ilin payızında başa çatacağı halda, 2013-cü ilin yazında bağçanın istifadəyə verilə biləcəyini qeyd etmişdir.
Hazırda Mican uşaq bağçasına cəlb olunanların sayı 40 nəfərdir. Daha 140 uşağın bu müəssisənin xidmətlərindən istifadəyə ehtiyac vardır. Bunu nəzərə almaqla bağçanın 125 yerlik olması məsləhət görülmüşdür.
“İsmayıllı xəbərləri”