Vallah, bəzən elə çətin duruma düşürəm ki, çıxış yolu tapa bilmirəm. Əlac qalır qələmə. Çalışıram ki, məndə allergiya yaradan, qədirbilməz, pis, özü nöqsan içində batsa da, başqalarını günahlandıran adamları başa salım. Deyəsən, dəyirman bildiyini edir, çaxçax isə başını ağrıdır. Ancaq çaxçax qəzəblənib işdən qalsa, dəyirman da işləməyəcək.
Baxırsan ki, bu bəd əməlli görüntünün özü günahkardır, amma utanmadan başqasını ittiham edir. Belə situasiyada lahıcların aforizm səviyyəsində bir ifadəsi yada düşür. Bağışlayın, tərcümə edib yaza bilmərəm. Yolunuz Lahıca düşəndə kişilərdən soruşarsınız.
*Adam var ki, palçığa batır, uçurumun kənarına çatır, bilə-bilə qanunları pozur. Çəkindirmək istəyirsən, bəd yoldan çəkilmir. Anlaqsız vəziyyətdə davam edir qeyri-qanuni, vəzifəsi ilə bir araya sığmayan, haqsız, ədalətsiz əməlləri törətməkdə. Bir az da getdikdən sonra görürsən ki, qanun qırdı belə qanmazın belini.
Belədə yada düşür vaxtilə Zanqı kəndində nehrə çalxayan Laləzarla əri-nehrəni sındıran Mərufun dialoqu. Bilmək istəyirsiniz ki, Mərufla Laləzar arasında nə söhbət olub?
Onu məndən yox, Buynuzun yaşlı sakinlərindən soruşun. Onda hər şey sizə aydın olar.
*Az görməmişik ki, özü “cibgirin”, korrupsionerin, talançının, rüşvətxorun birisi fırıldağı baş tutmayanda, məqsədinə çatmaq üçün başqasının adını utanmadan, həya etmədən, qara yerə girmədən hallandırmaq cəhdində bulunur. Belədə xalq deyimi yada düşür: “Adımı sənə qoyum, səni yana yana”
*Bir də görürsən ki, nadanın, şərq yaltağının, çoxüzlünün birisi durub müdiri üzünə tərifləyir. Nə qədər söz ehtiyatı var, onları yalaqlıq rənginə boyayaraq sifətinə döşəyir.
Elə ki, kabinetdən uzaqlaşır cındır qaloş tayına bənzəyən özünəoxşarı yanlayır və bayaq təriflədiyinin ünvanına çirkab yaxır. Belə canlı varlıqları görəndə vaxtilə rəhmətlik Hacıbaba Bağırovun tamaşada oxuduğu misralar yada düşür.
“Yeri, müdir, mən də gəlim dalınca,
Portfel ilə apar məni yanınca”.
Bir az uzaqlaşandan sonra valın tərs üzünü çevirir.
“Üzdə qeydinə qallam,
Dalınca zurna çallam”.
*Səhər-səhər əhval ruhiyyən bir də onda xoş olur ki, batini ilə zahiri vəhdətdə olan, şirin dilli, aydın fikirli, xeyirxah əməlli insanla rastlaşırsan.
Elə ki, yoluna deyingən, hər şeydən, hər kəsdən narazı, naşükür, qəlbi qara, mənəviyyatı yara, əqidəsi para adama rast gəlirsən, evdən çıxmağına peşman olursan. Ağır yük altında güclə özünü iş yerinə çatdırırsan və nəfəsini dərəndən sonra aşığın illər öncəsi dediyi sözlər yada düşür:
“Adam var ki, adamların naxşıdı,
Adam var ki, heyvan ondan yaxşıdı ”.
*Bir zamanlar iclaslarda eşidirdim ki, Qəşəm Aslanov aid adamlara layiq olduğu sözləri deyir: “A qeyrətini çörəyə qatıb yeyənlər”!
“A yüz qrama Vətəni satanlar”.
Sözü sahibi götürürdü, lakin etiraz etməyə cəhd belə göstərmirdi. Belədə şairin dediyi yada düşürdü: “Əlimiz ilişib düşüb kələfə, o əl gah sənindi, o əl gah mənim”.
*Bəli, çeşid-çeşid “satıcılar” hələ də qalmaqda, yalmanmaqda, xəbər talamaqda, üzdə qaloş yalamaqda, arxada qılınclamaqda davam edirlər. Fərq ondadır ki, yuxarı dairələrdə belə rəzilləri, mənəviyyatsızları, mənliyini (varsa) bir “malades”ə dəyişənləri qəbul edən yoxdur. Naəlac qalıb aşağıdakılara xəbərçilik edirlər. “Xəbərçi”yə rusca nə deyirlər siz daha yaxşı bilirsiniz. Bax həmin ifadə yada düşür.
Darıxmayın belələrinin hər birini Tanrı öz haqqına çatdıracaq, cəmiyyət isə layiq olduğu yeri tanıdacaq və nəhayətdə el qınağı onları məhv edəcək.
*İşdə birinə güzəşt edirsən, görürsən biri də böyürdən çıxdı. Yenə dinmirsən, çıxır ocaq başına. Səni küncə sıxışdırır. Başqalarına aid olan işlərə də burnunu soxur. Nədi, nədi? Buna desinlər ki, idarədə hamıdan yaxşı “filankəs” işləyir. Beləsinin qabağından qaçdıqca səni üstələyir.
Bu məqamda rəhmətlik Qəşəm Aslanovun dəyərli sözləri yada düşür: “Həyasız adam da ölüm kimi şeydir. Qabağından qaçdıqca səni üstələyir”. Ölümə bənzərlərə qarşı hamı amansız olmalıdır.
*Bir də baxırsan ki, birisi arpası artıq düşmüş ulaq kimi anqırır, böyələk götürmüş dana kimi şıllaqlayır. Quduzluğu o həddə çatır ki, hətta onu layiq olmadığı halda kişilər sırasına qatan böyüyünün də ayağının altını qazıyır. Təbii ki, üzdə riyakarcasına, yalmana-yalmana.
Göstərilən hörmətdən sui istifadə edərək arvadının, oğlunun, özünün kürəkənlərinin, dərin getmişlərinin, qızlarının və daha kimlərinin adına dədə malı kimi torpaq sahəsi, mağaza yeri götürür. Hər şeyi canlı dəyirmanından ötürür. Belədə Xalq artisti Əlağa Ağayevin “Heyvanuva şükür, Xudaya!” ifadəsi yada düşür.
V.Saleh

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir