Ümumbəşəri problemlər siyahısında mühüm yerlərdən birini də ekoloji problemlər tutur.
Ekologiya iki yunan sözündən ( “ekos”- “ev”.”yaşayış məskəni” və logiya –“elm “mənasını daşıyır) əmələ gəlmişdir. Ekologiya elmi canlı amillər mövcud olan, bizi əhatə edən təbiətin bitki və heyvanlara olan təsirini, onların əlverişli və hətta çirklənmiş ətraf mühitdə qarşılıqlı təsirini öyrənir. Ətraf mühiti çirklənmədən qorumaq, onun mühafizəsi və səmərəli istifadəsi yolları da ekologiya elminin bir sahəsidir.İnsanların təbiətə qayğısız münasibəti, tələb olunan qaydaları gözləməməsi ətraf mühitin çirklənməsinə və ekoloji təhlükənin artmasına səbəb olur. Ekoloji problemlər təkcə bir dövlətin problemi ola bilməz. Təbiətin sərhədləri olmur, bir ölkədə baş vermiş ekoloji fəlakət digər ölkələrdə də insanların yaşayışına və sağlamlığına mənfi təsir göstərir.
Təbii ehtiyatlardan səmərəsiz istifadə etmək, ətraf mühiti pozmaq və çirkləndirmək gələcəksiz inkişafın əsas səbəbləridir.
Bəşəriyyətin ən mühüm qayğılarından biri təbii ehtiyatların tükənməsi təhlükəsidir. Yerin təkindən daha çox faydalı qazıntılar çıxarılır. İnsan sanki torpağın şirəsini tamamilə çəkir, əvəzində isə ona heç nə qaytarmır. Alimlər həyacan təbili çalırlar, atmosfer təbəqəsinin nazikləşməsi nəticəsində “ozon dəliyi“ adlanan hadisə baş verir və nəticədə, yaşadığımız planet kosmik şüalanma təhlükəsinə məruz qalır. Əkin sahəsi əldə etmək üçün meşələri qırıb, ağacları kökündən çıxaran insanlar bununla da rütubətin toplandığı mərkəzləri məhv edirlər. Uzun illər neft çıxarılması zamanı Xəzərin sularına neftin qarışması öz fəlakətli təsirini göstərmişdir. Bu dəniz bir vaxtlar balığın məhsuldarlığına görə dünyada ikinci yeri tuturdu. İndi burada balıq ehtiyatları nəinki azalıb, hətta bəzi balıqların nəsli kəsilib. Doğma dənizimizin bioloji problemlərinin həll olunması, dənizin çirklənməsinin qarşısının alınması dövlətimizin daim diqqət mərkəzindədir.
Araz çayının Ermənistan ərazisindən və Kür çayının Gürcüstan ərazisindən keçən hissələri sənaye və məişət tullantıları ilə çirkləndirilir.
Coğrafi təbəqənin insan həyatı üçün zəruri olan ən mühüm komponentlərdən biri də sudur. Çox təəssüf ki, su qıtlığı da getdikcə artır. Təmiz su problemini həll etmək üçün aşağıdakı yollar var.
1. Sudan qənaətlə istifadə edilməsi.
2. Dəniz suyunun duzdan təmizlənməsi.
3. Çay sularının bir təbii bölgədən digərinə yönəldilməsi.
4. Su anbarlarının tikilməsi.
5. Əhali arasında geniş maarifləndirmə işlərinin aparılması.
Ulu öndər Heydər Əliyev ekologiyaya xüsusi diqqət yetirirdi.
2006-cı ilin sentyabrında Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı “ təsdiq edilmişdir. 2010-cu il Azərbaycanda ekologiya ili elan edilmişdir. 2010-cu il fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti ekoloji problemlərə həsr olunmuş müşavirədə ekoloji vəziyyətin sağlamlaşdırılmasını təxirəsalınmaz vəzifə kimi qarşıya qoydu.
Təbiətin qorunmasına dair bilik, bacarıq və vərdişlər sisteminə yiyələnmə prosesi ekoloji tərbiyə adlanır. Bu məqsədlə dünyada təbiəti mühafizə edən təşkilatlar və cəmiyyətlər yaranmışdır. Bunlar içərisində ən nüfuzlu təşkilat “ Qrinps” ( Greenpeace) təşkilatıdır. Bu söz tərcümədə “yaşıl məkan” mənasını verir .Təşkilatın əsası 1971-ci ilin sentyabrında Kanadada qoyulmuşdur. Onun mərkəzi Amsterdam şəhərində yerləşir. “Qrinps” təşkilatının 3 milyona yaxın üzvü var.
1991-ildə dünyaya inteqrasiya etmiş Azərbaycan Respublikası da beynəlxalq sazişlərə, o cümlədən ətraf mühitin qorunmasına yönəldilmiş konvensiyalara qoşulmuşdur. Ölkənin parlamenti olan Milli Məclis keçən illər ərzində ətraf mühitə dair bir sıra beynəlxalq konvensiyaları artıq ratifikasiya etmişdir. Bunların sırasında aşağıdakıları göstərmək olar.
Mədəni və təbii irsə aid edilə bilən abidələrin qorunmasına dair konvensiya.
Dənizlərin çirklənməsinin qarşısını alan konvensiya.
Ozon qatını parçalayan maddələr haqqında Monreal protokolu.
Ozon qatının qorunması üzrə Vyana konvensiyası.
BMT-nin iqlimin dəyişməsinə aid konvensiyası.
Bunlarla yanaşı , Azərbaycan 1995-ci ildən etibarən Beynəlxalq Dəniz Təşkilatının üzvüdür. Bu cəmiyyətin məqsədi gəmiçiliklə əlaqədar dəniz sularının çirklənməsinin qarşısının alınmasında beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.
Ölkədaxili və xarici ekoloji problemlərin həllində yaxından iştirak etmək Yer kürəsində yaşayan bütün insanların borcudur.
Gəlin ətraf mühiti qoruyaq.
Gülyanaq Əliyeva,
M.Piriyev adına Tircan kənd tam orta məktəbin tarix –coğrafiya müəlliməsi