“Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”
Heydər Əliyev
Tarixi
Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Qarabağ tarixçilərinin verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Pənahəli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.
1751-ci ildən sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. ”Qarabağnamə” müəllifləri göstərirlər ki, XVIII əsrin 50-ci illərində Pənahəli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir aya qədər mühasirədə saxlamışdır. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə, 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi.
Pənah Əli xanın ölümündən sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə Qarabağ xanlığı daha da gücləndi. Xanlığın ərazisində Əsgəran, Ağoğlan qalaları, Şuşa qalasının hasarı və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdi. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdi. Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin ikinci yarısından başlayaraq, şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılırdı. Günbəgün abadlaşan Şuşa get-gedə gözəlləşirdi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi.
Şuşada “Bazarbaşı” deyilən yerdən “Şeytanbazara” qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi “Rastabazar” adlandırılırdı. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin “Meydan” adlanan əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi.
XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan ora gələn peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı. 1832-ci ildə Şuşa qəzasında fəaliyyət göstərən sənaye obyektlərinin sayı belə idi: 42 ipək parça istehsal edən müəssisə; 28 pambıq parça toxuyan karxana; 20 gön-dəri zavodu; 1 kərpic və 1 sabun zavodu; 3 boyaqxana sexi.
XIX əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynamışdı. Həmin vaxtdan etibarən Şuşa ticarətinə, sənətkarlığına və mədəniyyətin inkişafına, eləcə də əhalisinin sayına görə Azərbaycanda birinci şəhər sayılırdı. Şuşanın inzibati mərkəz olması onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsi, həm də şəhərin füsunkar coğrafi mövqeyi buranın Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına böyük təsir göstərmişdir.
1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə (“Andlı öhdəlik”) görə Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildikdən sonra, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilib əvəzində eyni adlı əyalət yaradıldı və 1840-cı il islahatı ilə “Qarabağ əyaləti” yerində yaradılmış və Kaspi (Xəzər) vilayətinə daxil edilən “Şuşa qəzası” 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. 1917-ci ildə Şuşa qəzası Müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil olmuşdu. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. Azərbaycan tərkibində DQMV-nin yaradılması ermənilərin Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə oldu. DQMV yaradılarkən Azərbaycanın inzibati ərazi bölgüsü kobudcasına pozuldu. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı, Xankəndi və Əsgəran bütünlüklə Şuşa qəzasından alındı. 1923-cü ildə Şuşanın Xankəndi, Xocalı, Kərkicahan, Ulubab, Pircamal, Cəmilli, Aranzəmi, Ballıca, Dəmirçilər, Sığnaq, Qarabulaq, Muxtarkənd, Dağdağan, Şuşakənd, Daşbaşı kimi onlarla kəndi alınıb Xankəndinə verilmiş, sonralar isə həmin torpaqlar hesabına Əsgəran rayonu yaradılmışdır.
Təbiəti
Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən xarı bülbül bitir. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonmuş və oradaca donub qalmışdır. Bu endemik gül həm gözəl, həm də müalicəvidir.
Bununla yanaşı, Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə, çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Tarixi abidələrlə zəngin olan bu şəhər dağlarla, sıldırım qayalarla əhatə olunmuşdur.
Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən bu mənzərəli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı Turşsu deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu.
Keçmiş SSRİ-nin ən ucqar yerlərindən dünya şöhrətli kurort şəhəri kimi məşhur olan Şuşaya gələn turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və füsunkar təbiətə malik əfsanəvi “Cıdır düzü” idi. “Cıdır düzü”nün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilmişdir. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan “Cıdır düzü”ndə hər ilin may ayında “Xarı-bülbül” beynəlxalq mahnı festivalı keçirilirdi.
Görkəmli şəxsiyyətləri
Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm və mədəniyyət xadimlərinin vətəni hesab edilir. Heç də təsadüfi deyildir ki, Xurşidbanu Natəvan, Molla Pəhah Vaqif, Mir Möhsün Nəvvab, Əbdürrəhim bəy Haqverdiyev, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Həmidə xanım Cavanşir, Bədəl bəy Bədəlbəyli, Əhməd bəy Ağayev, Ceyhun Hacıbəyli, Səməd bəy Mehmandarov, Fərəc bəy Ağayev, Yaqub Quliyev və onlarla dünya şöhrətli xadimlərin həyatında məhz Şuşa mühitinin mühüm rolu olmuşdur.
Şuşa XVIII əsrin II yarısından musiqi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Segah İslam, Zabul Qasım, Mütəllim Mütəllimov, Xan Şuşinski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Rəşid Behbudov və bir çox başqaları Şuşanın yetirdiyi eləcə də, bütün Yaxın Şərqdə məşhur olan xanəndə və sənətkarlardır.
Şuşa orada doğulmuş, şöhrətləri bütün dünyaya yayılmış bəstəkarların vətəni kimi də məşhurdur. Belə ki, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması Üzeyir bəy Hacıbəyovun adı ilə bağlıdır. Üzeyir bəy dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi olmaqla yanaşı, istedadlı publisist və ictimai-siyasi xadim kimi də tanınmışdır. Bundan əlavə, Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Mehdi Məmmədov, Süleyman Ələsgərov eləcə də, görkəmli rəssam və memarlardan Lətif Kərimov, Cəlal Qaryağdı, Nadir Əbdürrəhmanov, Toğrul Nərimanbəyov və bir çox başqa xadimlərin adı, eləcə də sənəti Azərbaycan mədəniyyəti tarixində müstəsna yer tutur.
Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı
XX əsrin sonunda Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə yuxarı Qarabağda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini bir-birinin ardınca işğal etdilər. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ zəbt olundu.
Nəticədə, 289 kvadrat kilometr ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.
İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəyovun, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş və dağıdılmışdır.
Hazırda Şuşa rayonunun 30 min 119 nəfər əhalisi Azərbaycanın 55 rayonunda müvəqqəti məskunlaşmışdır.
Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”
Toplayanı: R.Qasımov