Müasir mərhələdə təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək Azərbaycanın gələcək inkişaf modelini formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı genişlənmişdir. Təcrübə göstərmişdir ki, təbii sərvətlərin bölgüsü dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Prezident İlham Əliyevin qayğısı sayəsində təhsilin ayrı- ayrı sahələri üzrə elmi təhlillərə əsaslanmış inkişaf proqramları təsdiq olunaraq reallaşmağa başlamış, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər həyata keçirilmiş, iri miqyaslı islahatlar prosesi dönməz xarakter almışdır.
Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsi üçüncü fəslinin 42-ci maddəsinin birinci bəndinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Deməli, xüsusi qayğıya ehtiyacı olan uşaqların da təhsili dövlət tərəfindən həyata keçirilir. Onların təhsildən kənarda qalmamaları üçün tədbirlər görülür.
İsmayıllı rayon Təhsil Şöbəsinin Təhsil Şura iclasında rayonda evdə ( fərdi) təhsilin vəziyyəti barədə məsələ müzakirə olunarkən bu işi nümunəvi təşkil etdiyinə görə 2008-2009-cu dərs ilində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 saylı orta məktəbdə mərkəzləşdirilməsi qərara alındı. O vaxt 6 məktəbdə təhsil alan 116 nəfər fiziki qüsurlu şagirdin sənədlərinin şəhər 2 saylı orta məktəbinin nümayəndələrinin iştirakı ilə yeni dərs ili üçün komissiyada araşdırılması məqbul hesab edildi. Beləliklə, aparılan ciddi araşdırmalar nəticəsində 2009-2010 dərs ilində evdə fərdi təhsil alanların sayı 95 olmuş, 21 nəfər azalmış, 2010-2011-ci dərs ilində 78 nəfər olmuş, 17 nəfər azalmış, 2011-2012-ci dərs ilində 62 nəfər olmuş 16 nəfər azalmışdır. Göründüyü kimi, 2008-2009-cu dərs ili ilə müqayisədə evdə təhsilə cəlb olunanların sayı 54 nəfər azalmışdır. Bu əsasən onun nəticəsində olmuşdur ki, məktəbə gətirilməsi və sinifdə şagirdlərlə təhsil almaq imkanı olan uşaqlar məktəbə cəlb edilmişlər. Həmin şagirdlər zaman keçdikcə şəraitə uyğunlaşaraq sağlam uşaqlarla ünsiyyət yaradır, sanki, öz xəstəliklərini unudurlar. Onların həyata baxışları dəyişir, dərslərini yaxşı oxumağa, fikirlərini müstəqil bildirməyə başlayırlar.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dərsləri tədris edən müəllimlər onların peşə yönümünə də diqqət yetirirlər. Məktəbin psixoloqu ilə birlikdə şagirdin meyl və maraqları öyrənilir, valideynlərlə söhbət aparılır, lazımı məsləhətlər verilir.
Yaxşı olar ki, bölgələrdə peşə texniki mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan uşaqların peşə kursları yaradılsın. Mobil telefonların, məişət cihazlarının və ayaqqabı təmirçisi kimi peşələrin öyrədilməsi məqbul hesab edilə bilər. Bu kurslar Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi və sifarişi əsasında fəaliyyət göstərərsə, daha faydalı olar. Xüsusi qayğıya ehtiyacı olan fərdi təhsilə cəlb edilən uşaqlarla məktəbdə Yen il, Novruz bayramına həsr edilmiş tədbirlər keçirilir. Uşaqlar valideynləri ilə bərabər məktəbə dəvət olunur, onların qarşısında məktəbin bədii özfəaliyyət və dram dərnəkləri üzvlərinin çıxışları təşkil edilir. Keçirilən tədbirlərdə Uşaq və Analara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, mərkəzin könüllüləri də fəal iştirak edirlər. Məktəbin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin adından uşaqlara hədiyyələr verilir. Tədbirlərdə fərdi təhsil alan, istedadı olan şagirdlər şeir söyləyir, onların rəsm və əl işlərindən ibarət sərgi təşkil edilir. Fiziki qüsurlu şagirdlər valideynlərinin və müəllimlərinin yardımı ilə Uşaq və Ailələrə Dəstək Mərkəzində fəaliyyət göstərən müxtəlif dərnəklərə cəlb olunurlar. Onlar rəsm çəkmək, kompyuterdən istifadə etmək vərdişlərinə yiyələnirlər.
Məktəbin psixoloqu Gültəkin Abdulova evdə (fərdi) təhsilə cəlb edilmiş şagirdlərlə vaxtaşırı görüşür, müəllimlərə və valideynlərə müəyyən məsləhətlər verir. Hər rübdə bir dəfə məktəbdə evdə (fərdi) dərsləri tədris edən müəllimlərlə seminar keçirilir. Onlar burada psixoloji- pedaqoji yenilikləri öyrənir, fikir mübadiləsi aparırlar. Məktəbin direktoru Ramil Dadaşov, direktor müavini Gülxar Məmmədova, psixoloq Gültəkin Abdulova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva seminarlarda çıxış edərək, pedaqoji –pisxoloji yenilikləri müəllimlərə çatdırırlar.
Evdə (fərdi) təhsilə cəlb edilmiş şagirdlərin əksəriyyətinin valideynləri imkansız olduqlarına görə onlar kompyuter ala bilmirlər. Buna görə də internetə çıxışları yoxdur. Həmin şagirdlər öz yaşıdları ilə ünsiyyətdən məhrumdurlar.
Yaxşı olar ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin iformasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq evdə təhsilə cəlb edilmiş şagirdlərin evlərinə internet xətti çəkilsin və onlar İnformasiya Kommunikasiya Texnologiyaları ilə təmin olunsunlar. Belə olduqda onlar normal və keyfiyyətli təhsil ala biləcəklər. Bu şagirdlərin əksəriyyəti internetlə kitabxanalardan yararlanacaqlar. Onlar həm də öz həmyaşıdları ilə normal ünsiyyət yarada biləcək, sağlamlıqları və psixoloji durumları yaxşılaşacaqdır. Həmin uşaqlar internetdən faydalanmaqla, dövlətin və cəmiyyətin diqqətindən kənarda qalmadıqlarını bir daha hiss edəcəklər. Ən başlıcası isə şagirdlər kompyuter texnologiyaları vasitəsilə internetdən əlavə məlumatlar ala biləcək, evdən kənara çıxmadan dünyaya səyahət edəcək, təbiətlə, flora və fauna ilə tanış olacaq, tarixi abidələri və muzeyləri görə biləcəklər. Onlar kompyuter texnologiyalarından, proqram və resurslardan istifadə edərək keçilən dərs haqqında məlumatlar toplayıb, araşdırma aparacaq, müqayisə edəcək və nəticələr çıxaracaqlar.
Təklif edirik ki, 2012-2013-cü dərs ilindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məsafədən, yəni distant təhsil və ya inkuliziv təhsilə keçid reallaşsın.
Xatirə Orucova,
İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir