Müəllimin ən böyük uğuruXalq faşist Almaniyasının vurduğu yaraları sağaltmaq, ölkədə rahat yaşayış, ərzaq bolluğu yaratmaq uğrunda gecəli-gündüzlü zəhmətə qatıldığı bir vaxtda, gözəl diyarımızın bir güşəsi olan Talıstan kəndində, 1952-ci ilin mart ayının 2-də, halal zəhməti hesabına ailəsini dolandıran Məhəmmədəziz kişinin ocağında, arzulanan oğul övladı dünyaya gəldi. Döğmalar, əzizlər biri-birinə gözaydınlığı verdi. Ömür yolu işıqlı, gələcəyi nurlu olsun deyə, körpənin adını da elə Aydın qoydular.
Bütün yaşıdları kimi, o da dəcəllik və zəhmət içində keçən uşaqlıq illərini yaşadı, məktəbə getdi, yaxşı oxumağı ilə fərqlənərək orta təhsil aldı. 1969-cu ildə Talıstan kənd orta məktəbini bitirib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil oldu.
Ali təhsil illəri arxada qaldı. O, 1973-cü ildə ali məktəbi bitirərək, təhsil aldığı Talıstan kənd orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başladı.
Aydın Əzizova ilk etimad 1979-ci ildə göstərildi. O, Talıstan kənd orta məktəbinin tədris işləri üzrə direktor müavini təyin olundu. Bu bacarıqlı, məsuliyyətli və işgüzar pedaqoqu 1982-ci ildə İsmayıllı rayon Partiya Komitəsinə işə dəvət etdilər. Burada 4 il təlimatçı və şöbə müdiri işlədi. Özündə siyasətçidən, ideoloji işçidən daha çox pedaqoji potensialın olduğunu aydınlıqla görən Aydın müəllim yenidən məktəbə, ürəyində baş qaldıran arzulara qol-qanad verməyə qayıtdı. Bu qayıdış 26 il əvvəl oldu.
1986-cı ildən A.Əzizov İsmayıllı rayon E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışır. Bununla bərabər o, Rayon Təhsil Şurasının üzvü və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin plenum üzvü kimi rayonda təhsilin inkişafına kömək göstərir.
Aydın müəllimin rəhbərliyi altında Talıstan kənd orta məktəbi böyük uğurlar qazanaraq respublikanın qabaqcıl tədris müəssisəsi kimi tanınmışdır. 2008-ci ildə Respublikada keçirilən “Ən yaxşı məktəb” müsabiqəsində qalib gələrək, Prezidentin sərəncamı ilə pul mükafatına layiq görülmüşdür.
Ali məktəblərə qəbul olunan şagirdlərin sayına və məzunların topladığı balın yüksəkliyinə görə 12 ildir ki, məktəb dalbadal TQDK-sı tərəfindən Respublikanın ən yaxşı məktəbləri sırasına daxil olunur. Son 5 ildə məktəbin məzunlarından 8 nəfəri 600-dən yuxarı bal toplamışdır. Belə ki, 2010-cu ildə 2 nəfər 650-dən çox, 2011-ci ildə isə 1 nəfər şagird 667 bal toplamışdır.
Aydın müəllimin şəxsi səyi nəticəsində Talıstan məktəbi “Məktəb Qrant Proqramı”nda uğurla iştirak edərək, proqramın 3 mərhələsinin hər birində qalib olmuşdur. I mərhələdə ”Məktəbdə innovativ təlim üçün yeni kitabxana“, II mərhələdə “Müasir innovasiyaların kimya dərslərində tətbiqi”, III mərhələdə isə “Müasir innovasiyaların riyaziyyat dərslərində tətbiqi” mövzusundakı layihələr əsasında məktəbdə müasir tələblər səviyyəsində elektron kitabxana və kabinetlər qurulmuşdur.
Məktəbin müvəffəqiyyətləri, təhsil göstəriciləri bir neçə dəfə Respublika Təhsil Nazirliyinin Kollegiya iclaslarında qeyd edilmiş, qabaqcıl iş təcrübəsinin yayılması tövsiyə olunmuşdur.
Aydın müəllimin rəhbərlik etdiyi məktəbin iş təcrübəsi mətbuat, konfrans və seminarlar vasitəsilə respublikada yayılmışdır. Məktəb bir sıra ölkələrlərin, o cümlədən Türkiyə və Rusiyanın məktəbləri ilə əməkdaşlıq edir.
2005-ci və 2011-ci illərdə Türkiyə Təhsil Nazirliyinin dəvəti ilə məktəbin direktoru kimi Aydın müəllim 16 ölkənin nümayəndəsi ilə birlikdə Ankarada keçirilən, təhsilə həsr olunmuş tədbirlərdə iştirak və çıxış etmiş, hədiyyələrlə mükafatlandırılmışdır.
İş təcrübəsi əsasında yazdığı bir çox elmi-metodiki məqalələri dövri mətbuatda, ”Fizika və riyaziyyatın tədrisi“, “Təhsil cəmiyyəti”, “Bilgi” jurnallarında çap olunmuşdur.
Yeni Azərbaycan Partiyasının I qurultayının, Azərbaycan müəllimlərinin IX, X, XII və XIII qurultaylarının nümayəndəsi olmuşdur .
Aydın Məhəmmədəziz oğlu Əzizov 1980-ci ildə “Qabaqcıl maarif xadimi”, 2007-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanları, dəfələrlə Təhsil Nazirliyinin, İsmayıllı rayon İcra Hakimiyyətinin və RTŞ-nın fəxri fərmanları ilə təltif edilmişdir.
Yorulmadan və yaradıcılıqla çalıçan Aydın müəllimə 2008-ci ildə Respublika Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir .
Aydın müəllimin 4 övladı var. Böyük oğlu Hakim IX sinfi 1992-ci ildə Talıstan kənd orta məktəbində bitirərək dövlət xətti il imtahan vermiş, Türkiyədə liseyə qəbul olunmuşdur. Burada təhsil aldıqdan sonra, 1995-ci ildə Ankara Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. Magistratura pilləsini əla qiymətlərlə başa vuran Hakim Qazi Universitetinin doktoranturasına qəbul olunub.
Fəxr ediləsi oğul olan Hakim Aydın oğlu 2011-ci ildə doktoranturanı müvəffəqiyyətlə bitirərək, hüquq elmləri üzrə fəlsəfə doktoru adını almışdır. Atanın layiqli davamçısı ailəlidir və bir övladı var.
Müəllimin ikinci oğlu Rövşən 1981-ci il təvəllüdlüdü. 1999-cu ildə Talıstan kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunub. ADNA-nın bakalavr və magistr pilləsini əla qiymətlərlə bitirib. 2006-2008-ci illərdə Binəqədi Neft Şirkətində işləmişdir. 2009-cu ildən isə BP Neft Şirkətində mühəndis vəzifəsini müvəffəqiyyətlə icra edir.
Bu günlərdə 60 illik yubileyini qeyd edən təcrübəli pedaqoqun qızları Aytəkin və Nigar atalarının yolu ilə gedərək, ADPU-nin riyaziyyat fakültəsini bitiriblər. Aytəkin oxuduğu Talıstan kənd orta məktəbində, Nigar isə Abşeron rayonunun Güzdək qəsəbəsində riyaziyyat müəllim işləyir. Hər ikisi dəyərli övlad, çalışqan müəllim, qayğıkeş anadır.
Bu yazıda Aydin müəllimin keçdiyi ömür yolundan, bu yolda qazandığı uğurlardan söz açdıq. Məncə, onun ən böyük uğuru, ictimaiyyət arasında qazandığı hörmətdir. 60 yaşın mübarək, həmişə hörmətli olasan, Aydın müəllim!
Ş.Dağlaroğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir