Ümid ünvanı: Uşaq və Ailələrə  Dəstək Mərkəzi2009-cu ilin yayında uşaqların müdafiəsini gücləndirmək və ailə problemlərinin həllinə kömək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Amerikanın Uşaqların Xilası Təşkilatı və rayon İcra hakimiyyətləri birgə əməkdaşlıq çərçivəsində 9 rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzləri yaratdılar. İsmayıllı rayonu da o 9 rayon sırasında yer aldı. 2011-ci il yanvar ayından Mərkəz AQUPDK-nin tabeçiliyində fəaliyyət göstərir.Ümid ünvanı: Uşaq və Ailələrə  Dəstək MərkəziÜmid ünvanı: Uşaq və Ailələrə  Dəstək Mərkəzi2009-cu ilin yayında uşaqların müdafiəsini gücləndirmək və ailə problemlərinin həllinə kömək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Amerikanın Uşaqların Xilası Təşkilatı və rayon İcra hakimiyyətləri birgə əməkdaşlıq çərçivəsində 9 rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzləri yaratdılar. İsmayıllı rayonu da o 9 rayon sırasında yer aldı. 2011-ci il yanvar ayından Mərkəz AQUPDK-nin tabeçiliyində fəaliyyət göstərir.
Mərkəz ailələrin asanlıqla əlaqə saxlaya biləcəkləri yerdə – şəhərin mərkəzində inzibati binada yerləşir. Ailələrlə işləyirik – ağrılı-acılı bir işdir, gün ərzində istəsən də-istəməsən də mənfi enerji ilə yüklənirsən. İnsanlara dərd ortağı olursan, amma… kiminsə qanayan yarasına məlhəm olanda, kiminsə üzünü güldürəndə, gərəkli olduğunu görəndə çəkdiyin bütün ağrı-acını unudub yeni bir qüvvə, yeni bir əzmlə açılan sabahına “mərhəba” deyirsən. Artıq çox belə “sabahlar” yola salıb uğurlu bir ili Mərkəz üçün tarix etmişik. Bu ilin yanvar ayından Mərkəzimizin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyinə keçməsi, respublikada nüfuzu ilə seçilən bir təşkilatın təmsilçisi olması imkanlarımızı birə-beş artırıb.
Elə bunun nəticəsidir ki, il ərzində Mərkəzə 266 nəfər müraciət etmişdir ki, onların da əksəriyyətinə müsbət cavab verilmişdir. Müraciətlər əsasında 157 ailəyə səfər edilmiş, qiymətləndirmə aparılmış, 20-dən çox bal toplayan 49 ailəyə “iş” açılaraq fəaliyyət planı işlənmişdir. Hazırda həmin ailələrlə iş aparılır.
Ailə problemləri də ailələrin özü kimi rəngarəngdir: ailə münaqişəsi, alkoqol, narkomaniya, işsizlik, sosial yardımdan bəhrələnə bilməmək, bəzən ən adi bir sənədə görə aylarla çəkən, problemə çevrilən süründürməçilik və s. və ilaxir. Belə problemlər barmaqla sayılasıdır, aradan qaldırmaq da asandır, ailəyə kömək etmək də. Çoxluq təşkil edən, həlli nisbətən çətin olan problem ailədə xüsusi qayğıya ehtiyaclı insanın, uşağın olmasıdır. Rayonumuzda mindən çox xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanı məhdud uşağı və ya uşaqları olan ailə var. Bu, çox ağrılı bir problemdir və bu problemi həll etmək ailə üçün də çətindir, cəmiyyət üçün də. Elə bizim Mərkəz də bu ailələrlə elə rahat işləmir. Birincisi, ona görə ki, onların qəlbi yaralıdır, kövrəkdir, bir ölçülməmiş sözdən, bir sevgisiz baxışdan, o qəlbə yeni bir xal düşə bilər, inamlı sabahına inamı azalar. Belə ailələrlə, belə uşaqlarla işləyəndə ”salamdan, sağ ola” qədər hər sözünü, hər hərəkətini gərək yüz ölçüb, bir biçəsən, bir evin insanından bir elin təəssübkeşinə çevriliə biləsən. Belədə, kiçik bir nailiyyət əldə edəndə – bir ananın, bir uşağın üzünü güldürəndə, hər şeyi unudub onlarla birlikdə sən də bayram edirsən. Mərkəzimizin təqdimatı əsasında xüsusi qayğıya ehtiyaclı Mətləb İsgəndərovun və Jalə Nağıyevanın ailələrinə yeni mənzillərin orderi təqdim olunanda onlardan çox Mərkəzimizin kiçik kollektivi sevinmişdi.
Mərkəzimiz fəaliyyət göstərdiyi bu qısa vaxt ərzində Suraxanıdakı 7 saylı internatda olan Valeh Məmmədovu ailəyə qaytarmağa da nail olmuşdur. Valehin valideynləri ayrılmışdı və məhkəmə qərarı ilə uşağın biri anaya, digəri ataya verilmişdi. Ata isə onu internata qoymuşdu. Evsiz qalan ana 9 yaşlı oğlu ilə rayondakı limonad sexinin gözətçi otağına sığınmışdı. Fəaliyyət göstərdiyimiz ilk ayda biz bu ailəni aşkarladıq, keys açaraq işə başladıq. İlk olaraq ailənin hazırda olduğu yerdə normal yaşaması üçün şərait yaratdıq- evinin damını təmir etdirdik, çarpayı, şkaf, stol, stulla təmin etdik. Ananın əgər özünə məxsus yaşayış yeri olarsa internatdakı övladını da yanına almaq istəyində olduğunu görüncə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya və alternativ qayğı Dövlət Proqramı 2006-2015-ci illər) fərmanını əsas tutaraq İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etdik. Müraciətimiz müsbət qarşılandı, ailəyə torpaq sahəsi və onu hasara almaq, yaşayışı təmin etmək məqsədilə pul vəsaiti ayrıldı. Artıq özünə məxsus bir ünvanı, yaşayış yeri olduğunu görən ana oğlunu internatdan geri gətirdi. Hər iki uşaqda əqli gerilik olduğundan onlar mərkəzdə aktiv terapiyaya cəlb olunublar. Mərkəzin təşəbbüsü ilə uşaqların cəmiyyətə inteqrasiyasına kömək məqsədilə onların fərdi təhsili yaxınlıqdakı məktəbdə keçirilir.
Xüsusi qayğıya ehtiyaclı uşaqların (XQEU) cəmiyyətə inteqrasiyası ən böyük problemlərdən biridir. Çox hallarda analar belə uşaqlara görə utanır və onları hamıdan gizlətməyə çalışır, unudurlar ki, o həmişə uşaq, həmişə atalı-analı olmayacaq. Vaxt gələcək o cəmiyyətin müstəqil, yetkinlik yaşına çatmış bir vətəndaşı olacaq və təbii ki, o günə o insan indidən hazırlanmalıdır: insanlarla, ətrafla ünsiyyət qurmağı bacarmalıdır. Bu istiqamətdə işə valideynlərdən başladıq. XQEU valideynlərindən ibarət birlik yaratdıq, onlarla psixoloji söhbətlər, treninqlər təşkil etdik. Nəticədə, az vaxtda Mərkəzə xeyli uşaq cəlb etdik, aktiv terapiya ilə məşğul olmağa başladıq, tipik uşaqların da cəlb olunduğu rəsm, tikiş, toxuma dərnəkləri yaradıldı. Mərkəzə gəlməyə imkanı olmayan uşaqlarla evdə məğul oluruq.
Avqust ayının 9-12-də rayonumuzdakı “Qızılqaya” istirahət mərkəzində təşkil etdiyimiz yay istirahət düşərgəsi də belə uşaqların cəmiyyətə inteqrasiyası məqsədini daşıyırdı, elə adı da buna uyğun idi: “Salam, dünya, biz də varıq”. Sülh Korpusunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçən bu düşərgədə 13 xüsusi qayğılı uşaq anaları ilə birlikdə cəmi 23 nəfər – dincəldi. Düşərgənin davam etdiyi günlərdə uşaqlarla aktiv terapiyaya xidmət edən çoxsaylı oyunlar təşkil olundu, yarışlar keçirildi, gəzinti təşkil olundu. “Təmiz Dünya” ictimai birliyi düşərgədə oldu, Mərkəz işçilərinə və qadınlara qadın hüquqları və zorakılıqla bağlı treninqlər keçdilər. İsmayıllı rayon mədəniyyət evinin “Niyal” xalq çalğı alətləri ansamblı düşərgə iştirakçıları üçün maraqlı konsert verdi.
Bu uğur kollektivimizi və 2010-cu ilin dekabr ayından bizimlə işləyən Sülh Korpusunun könüllüsü ABŞ vətəndaşı, Luiziana Univertsitetinin məzunu Aleksandra Solomonu bu düşərgənin davamlılığını təmin etmək üçün yeni yollar aramağa ruhlandırdı. Onu da deyək ki, Mərkəzimizdə yaradılmış ingilis danışıq dili kurslarını da A. Solomon aparır, burada 60-a yaxın uşaq və gənc təmənnasız bu dili öyrənir. Yay aylarında kursun məşğələləri “yay qrupları” şəklində davam etdirildi. 2011-ci ilin “Turizm ili” olduğunu, habelə uşaqların yay tətilini nəzərə alaraq yay aylarında kursun məşğələləri gəzintilərlə əvəzləndi. Uşaqlar rayonun tarixi abidələrinə, Lahıca, İvanovkaya, habelə Şəki şəhərinə gəzintiyə aparıldılar. Gəzinti boyu söhbətlər, məlumatlar ingilis dilində aparıldı.
Elə bunların nəticəsi oldu ki, ötən ilin may ayında Amerikanın ölkəmizdəki səfiri Metyu Brayzenin Sülh Korpusu könüllüsünün işinin nümunəvi təşkil edildiyi təşkilatlara gəzintisi bizim mərkəzdən başladı. Mərkəzimizin işi ilə, kursda oxuyan uşaqlarla yaxından tanış olan səfir məmnun qaldığını bildirdi.
Ümumiyyətlə, qeyri-hökumət təşkilatlarının imkanlarından işimizdə çox faydalanırıq. İREX-in 10 kompyuterlə, yüksək sürətli internetlə təchiz olunmuş icma informasiya Mərkəzi işlədiyimiz binada yerləşir və biz kompyuter kurslarını burada təşkil edirik. Yola saldığımız ildə 18 nəfər işləməyən xanım kompyuter kursunu uğurla başa vurmuş və onlara Mərkəzin sertifikatları verilmişdir.
Bütün bunlar barədə daha geniş məlumatı Mərkəzin internet səhifəsindən http://www.ismayilliuadm.yolasite.com – dan almaq olar.
Problem hər bir ailədə ola bilər, yetər ki, o problem vaxtında aşkarlansın, ailə dərdi, problemi ilə baş-başa buraxılmasın. Çünki belədə dərd çəkilməz olur, problem ailə çərçivəsindən çıxıb cəmiyyətə sirayət edir, həlli daha da çətinləşir. Ona görə də çalışırıq ki, ümidlə Mərkəzə üz tutanları naümid qoymayaq, rastlaşdıqları problemləri, çətinlikləri dəf etməkdə yardımçı olaq. Problemsiz ailə yekunda sağlam cəmiyyət, sağlam ölkə deməkdir. Yəqin ki, hər birimiz problemsiz ailələrin toplumu olan bir ölkədə yaşamağı arzulayarıq. Gəlin elə bu arzu, istək naminə kimsəyə problem yaratmayaq, hər hansı bir problem varsa belə onun həllində əlbirliyi, işbirliyi göstərək.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan qadınlarını həmişə yüksək qiymətləndirər, “Dünyada Azərbaycan qadını kimi gözəl və güclü qadın yoxdur”, – deyərdi. Bu, həqiqətən belədir və gəlin o gücü hər sahədə, özümüzün və ətrafımızın üzləşdiyi problemlərin həllində də göstərək. Ən azından adının qarşısında biz anaların adına yer vermiş Anamız Azərbaycan naminə.
Lətifə Əliyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir