Qanunların aliliyi və dövlətçilik maraqları şərəflə qorunur

 

1 oktyabr Azərbaycanda Prokurorluq işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə İsmayıllı rayonunda keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Tədbirin davamında Ulu Öndərin adını daşıyan mərkəzdə prokurorluq orqanlarının keçdiyi şərəfli yolu və əməkdaşların məsuliyyətli fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı əlamətdar gün münasibətilə çıxış edərək prokurorluq əməkdaşlarını təbrik edib, onların dövlətçilik və qanunçuluğun möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirib. Xidməti fəaliyyətində fərqlənən əməkdaşlar Fəxri fərmanlarla təltif ediliblər.

Rayon prokuroru Tural Yusifov çıxışında xidməti vəzifələrin Vətənə sədaqət və sevgi hissindən qaynaqlandığını bildirib, prokurorluq peşəsinin məsuliyyətindən və şərəfindən söz açıb. O, bu sahədə çalışan hər bir əməkdaşın üzərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirməsinin vacibliyini vurğulayıb.

Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilib. Bu əlamətdar gün prokurorluq orqanlarının fəaliyyətinə göstərilən yüksək dövlət qayğısının və verilən dəyərin ifadəsidir.

Sənədli filmə baxışdan sonra tədbir iştirakçıları rayon ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Prokurorluq əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, onlara qanunların aliliyinin və dövlətçilik maraqlarının qorunması istiqamətində məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.

 “İsmayıllı xəbərləri”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir