Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi məsuliyyətli fəaliyyət tələb edir
22 oktyabr 2026-cı il tarixində İsmayıllı Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı müşavirə keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, rayonun müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin əsas məqamlarına toxunaraq, qarşıya qoyulan vəzifələrin mahiyyəti və onların həyata keçirilməsinin əhəmiyyəti barədə danışıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən qurultay ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün qanunun aliliyinin təmin olunması, milli maraqların qorunması, dövlət-vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi və cəmiyyətin bütün sahələrində məsuliyyətli fəaliyyətin vacibliyi vurğulanıb.
Müşavirədə çıxış edən İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xudiyev, Dağlıq Şirvan Regional Təhsil İdarəsimin İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Əməkdar müəllim Şəfaqət Rəsulov, Heydər Əliyev adına İvanovka kənd tam orta ümumtəhsil məktəbinin direktoru Əfqan Soltanov və Rayon Ağsaqqallar Şurasının üzvü Əntiqə Fərmanova qurultayda səsləndirilən fikirlərin müxtəlif istiqamətləri ətrafında mülahizələrini bölüşüblər.
Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna uyğun yetişdirilməsində ağsaqqalların rolu, təhsilin keyfiyyətinin yüksəldilməsi, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı, eləcə də müəyyən edilmiş vəzifələrin yerli səviyyədə həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Müşavirənin yekununda Qurultay nitqindən və qəbul olunmuş qərarlardan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

