AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI CƏNAB İLHAM ƏLIYEVIN YENI AZƏRBAYCAN PARTIYASININ VIII QURULTAYINDAKI NITQINDƏN IRƏLI GƏLƏN VƏZIFƏLƏRƏ DAIR MÜŞAVIRƏDƏ İSMAYILLI RAYON İCRA HAKIMIYYƏTININ BAŞÇISI NAHID BAĞIROVUN Ç I X I Ş I
Hörmətli müşavirə iştirakçıları!
Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli çıxışı həm retrospektiv, həm də gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edir, eyni zamanda milli təhlükəsizlik və inkişaf doktrinasının başlıca konturlarını və qarşıda duran əsas vəzifələri müəyyənləşdirmişdir.
Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə əsas vəzifələrimiz əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır.
I . MÜSTƏQİLLİK, TƏHLÜKƏSİZLİK VƏ İQTİSADİ İNKİŞAF
Prezident İlham Əliyev müstəqilliyi, dövlətçiliyi, güclü iqtisadi və hərbi potensialı, öz imkanlarımızdan maksimum istifadə etmək imkanlarını dövlət siyasətinin dəyişməz ana xəttinin əsas istiqamətləri kimi müəyyən etmişdir.
Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasi kursun sayəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də qarşıdan gələn uzun dövr üçün dayanıqlı inkişafın ardıcıllığına etibarlı zəmin yaratdı. Bu gün Azərbaycan regionda yeni reallığı formalaşdıran orta güc, beynəlxalq aləmin diqqət mərkəzində olan aktual məsələlərin müzakirə olunduğu mühüm platforma, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində uzlaşdırıcı və barışdırıcı missiya yerinə yetirən ölkə hesab olunur.
Müstəqilliyin dəyərini daha yaxşı anlamaq üçün 1990-cı illərin əvvəllərindəki vəziyyəti xatırlamaq kifayətdir. Həmin dövrdə 8 milyon əhalimizin 1 milyonu qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü, insanlar çadırlarda yaşayırdı, müharibə şəraitində olan ölkəmizdə iqtisadi vəziyyət dözülməz həddə çatmışdı, Azərbaycan faktiki olaraq təkbaşına qalmışdı.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın parçalanmasının qarşısı alındı, dövlətçiliyin əsasları möhkəmləndirildi və iqtisadi inkişaf üçün zəruri baza yaradıldı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəyə böyük investisiya axını başladı. Beləliklə, həm dövlət quruculuğu, həm də iqtisadi inkişaf üçün möhkəm təməl formalaşdırıldı.
Bu tarixi yol bir həqiqəti göstərir – Azərbaycanın bugünkü müstəqilliyi kənardan bəxş edilməyib. Xalqımızın iradəsi, zəhməti və fədakarlığı, şəhidlərimizin qanı bahasına əldə olunub. Buna görə də müstəqilliyimizin qorunması hər birimizin vəzifəsidir.
Bu gün ölkəmizin təhlükəsizliyi və iqtisadi imkanları əvvəlki dövrlərlə müqayisəolunmaz dərəcədə yüksəkdir. Dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və bu məqsədlər üçün təqribən 9 milyard manata yaxın vəsait nəzərdə tutulub.
İqtisadi sabitlik də Azərbaycanın müstəqilliyinin mühüm dayağıdır. Ölkəmizin xarici borcu ümumi daxili məhsulun 5,6 faizini təşkil edir. Valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb və xarici borcumuzdan təxminən 20 dəfə çoxdur.
Hazırkı dövrdə iqtisadiyyata investisiyaların cəlb edilməsi hər bir ölkənin qarşısında mühüm çağırışdır. Çünki investisiya inkişaf, yeni müəssisələr, iş yerləri deməkdir. Bu mənada son illər Azərbaycanda keçirilmiş iki Beynəlxalq İnvestisiya Forumunda imzalanmış kontraktların ümumi həcminin 20 milyard dolları ötməsini mühüm hal kimi qiymətləndirmək olar.
İqtisadi inkişaf siyasətinin konkret nəticələri İsmayıllı rayonunda da özünü göstərir. 2025-ci il mayın 26-da cənab Prezident İlham Əliyevin iştirakı ilə Topçu kəndində “Coca-Cola” istehsal müəssisəsi açılmışdır. İnvestisiya dəyəri 80 milyon manat olan layihə üzrə illik 165 milyon litr istehsal gücü yaradılmış, 100-dən çox yerli sakin daimi işlə təmin olunmuşdur.
Dövlət siyasətinin əsas istiqamətlərindən biri də əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur. Bu, dövlətin sosial siyasətinin ardıcıl xarakter daşıdığını, iqtisadi imkanların birbaşa vətəndaşların rifahına yönəldildiyini göstərir.
İqtisadi təhlükəsizliyin digər mühüm istiqamətləri enerji, nəqliyyat və kənd təsərrüfatıdır. Azərbaycan bütün növ enerji resurslarını istehsal və ixrac edən nadir ölkələrdəndir. Ölkəmizin neft məhsulları üzrə potensialı 30 milyon ton, yeni qaz kontraktı hesabına əlavə qaz imkanları 5 milyard kubmetr, bu il Azərbaycan ərazisindən keçməsi gözlənilən tranzit yüklərin həcmi isə 16 milyon ton təşkil edir. Orta müddətli hədəf bu göstəricinin 30 milyon tona çatdırılmasıdır.
Kənd təsərrüfatının inkişafı da iqtisadi və ərzaq təhlükəsizliyinin əsas şərtlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsədləri yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, fermerlərin dəstəklənməsi və kənd yerlərində gəlirli iş yerlərinin yaradılmasıdır.
Dövlət Proqramından irəli gələn vəzifələrin rayonumuzda həyata keçirilməsi istiqamətində sahibkarlar tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ümumilikdə 29 milyon 755 min manat həcmində investisiya qoyuluşu planlaşdırılmışdır. 2026-cı ilin sonunadək bu məbləğin 11 milyon manatının yatırılması nəzərdə tutulur. Planlaşdırılan investisiya qoyuluşlarının 2028-ci ilədək tam başa çatdırılması nəzərdə tutulur.
Yerli istehsalın artırılması üçün əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində İvanovka kəndində 1250 hektar əkin sahəsini əhatə edən suvarma layihəsi üzrə 2026-cı ildə təxminən 7 milyon 570 min manatlıq müqavilə bağlanmış və işlərə başlanılmışdır.
Rayonun İvanovka kəndində fəaliyyətə başlaması nəzərdə tutulan “İvanovka təbii qida məhsulları” MMC-də süd və süd məhsullarının emalı həyata keçiriləcək və geniş çeşiddə məhsulların istehsalı təşkil olunacaq.
Müəssisənin fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə ümumilikdə 10 milyon manat həcmində investisiya qoyuluşu nəzərdə tutulmuşdur. Artıq ilkin mərhələdə 3 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilmişdir. Layihə çərçivəsində nəzərdə tutulan işlərin 2028-ci ilədək yekunlaşdırılması planlaşdırılır.
Həmçinin bildirmək istərdim ki, “İvanovka Aqropark” ASC-nin bazasında 1250 hektar ərazidə pivot suvarma sisteminin yaradılması nəzərdə tutulur. Sistemin yaradılması ilə bağlı layihələndirmə işləri başa çatdırılmış, hazırda hazırlıq tədbirləri həyata keçirilir. Layihənin həyata keçirilməsi məqsədilə ümumilikdə 11 milyon 500 min manat investisiya qoyuluşu planlaşdırılmış, ilkin mərhələdə isə 500 min manat həcmində investisiya qoyuluşu həyata keçirilmişdir.
Rayonumuzda sahibkarlığın inkişafı, kənd təsərrüfatının müxtəlif sahələrinə investisiyaların cəlb edilməsi və yeni istehsal sahələrinin yaradılması üçün əlverişli şəraitin formalaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Sahibkarların təşəbbüslərinin dəstəklənməsi, onların mövcud imkanlardan səmərəli istifadə etməsi və yeni layihələrin reallaşdırılması rayonun iqtisadi potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İnvestisiya layihələrinin qısa müddət ərzində həyata keçirilməsi istehsal həcminin artırılmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun yüksəldilməsinə və yerli məhsulların rəqabət qabiliyyətinin gücləndirilməsinə imkan verəcəkdir. Xüsusilə kənd təsərrüfatının ənənəvi sahələri ilə yanaşı, müasir texnologiyaların tətbiqinə, məhsulların emalına, saxlanmasına və bazara çıxarılmasına yönəlmiş layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Sahibkarların Dövlət Proqramından irəli gələn imkanlardan daha geniş yararlanması üçün investisiya təşəbbüslərinin artırılması, perspektivli layihələrin hazırlanması, müvafiq dövlət dəstəyi və maliyyələşmə imkanları barədə məlumatlılığın yüksəldilməsi vacibdir. Eyni zamanda, istehsal və emal sahələrində müasir texnologiyaların tətbiqinə, məhsuldarlığın artırılmasına, kooperasiya əlaqələrinin genişləndirilməsinə və istehsal olunan məhsulların satış bazarlarının şaxələndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Əsas məqsədimiz rayonumuzun mövcud kənd təsərrüfatı potensialından səmərəli istifadə etməklə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, investisiyaların artırılmasına və kənd yerlərində davamlı iqtisadi inkişafın təmin olunmasına nail olmaqdır.
Bu istiqamətdə sahibkarların fəallığı, təşəbbüskarlığı və Dövlət Proqramının yaratdığı imkanlardan vaxtında istifadə etməsi qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynayacaqdır.
Cari ilin doqquz ayının istehsal göstəricilərinə görə, rayonda dənli bitkilər üzrə 93 min 233 ton məhsul istehsal olunmuşdur. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 613 ton çoxdur. Arpa istehsalında 13,7%, günəbaxan istehsalında isə 42,4% artım qeydə alınmışdır.
Hörmətli tədbir iştirakçıları!
Bu gün ölkəmizdə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də rəqəmsal inkişafın sürətləndirilməsi, dövlət xidmətlərinin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi və əhali üçün daha əlçatan olmasının təmin edilməsidir.
Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əhali üçün əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, operativ və əlçatan olmasını təmin etməkdir. Rəqəmsal texnologiyaların geniş tətbiqi insanların dövlət xidmətlərindən yararlanmaq üçün sərf etdiyi vaxtın və əlavə xərclərin azaldılmasına, eləcə də xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır.
Fəaliyyət Planında dövlət xidmətlərinin “MyGov” platforması vasitəsilə təqdim edilməsi, xidmətlərin proaktiv formada göstərilməsinin genişləndirilməsi və vətəndaşlardan dövlət qurumlarında mövcud olan məlumatların təkrar tələb edilməməsi kimi mühüm istiqamətlər nəzərdə tutulmuşdur.
Rayonumuzda da əhalinin rəqəmsal dövlət xidmətlərindən istifadəyə təşviq edilməsi, xüsusilə kənd yerlərində yaşayan vətəndaşların bu imkanlar barədə məlumatlandırılması mühüm vəzifələrdəndir. Yaşlı insanların və rəqəmsal xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşların müvafiq xidmətlərdən yararlanmasına dəstək göstərilməsi də diqqətdə saxlanılmalıdır.
Qarşımızda duran əsas vəzifələrdən biri rəqəmsallaşmanın yaratdığı imkanların hər bir vətəndaş üçün əlçatan olmasına töhfə vermək, əhalinin rəqəmsal savadlılığını artırmaq və dövlət xidmətlərindən istifadədə rahatlığı təmin etməkdir. Bu istiqamətdə aidiyyəti qurumlarla əlaqəli fəaliyyətin davam etdirilməsi dövlət-vətəndaş münasibətlərinin daha səmərəli qurulmasına xidmət edəcəkdir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası da dövlət siyasətinin əsas prioritetlərindəndir. Hazırda həmin ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb. Bu vəsait hesabına nəhəng infrastruktur layihələri gerçəkləşdirilib, yaşayış yerləri – şəhərlər, kəndlər, qəsəbələr yaradılıb. Artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub.
Bu böyük quruculuq işlərinin Azərbaycanın öz imkanları hesabına həyata keçirilməsi müstəqilliyimizin və iqtisadi gücümüzün ən mühüm göstəricilərindən biridir.
Azərbaycanın müstəqil və balanslı xarici siyasəti də dövlətimizin əldə etdiyi nəticələrin əsas amillərindəndir. Azərbaycanın xarici siyasət strategiyası elə qurulub ki, heç kim daxili işlərimizə müdaxilə edə bilməsin. Ölkəmiz heç bir siyasi düşərgəyə qoşulmur, milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, ölkəmizə olan etimad artır və beynəlxalq mövqeyimiz möhkəmlənir.
Qoşulmama Hərəkatına sədrliyimiz, D-8 təşkilatına üzvlüyümüz, növbəti il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsi, Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsinin və Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiyanın imzalanması ölkəmizin beynəlxalq mövqeyinin göstəriciləridir.
- MƏNƏVİ DƏYƏRLƏRİN QORUNMASI
Hörmətli müşavirə iştirakçıları!
Ölkənin təhlükəsizliyindən danışarkən yalnız hərbi və iqtisadi təhlükəsizliyi nəzərdə tutulmur. Müasir dövrdə ideoloji təhlükəsizlik də milli təhlükəsizliyin mühüm tərkib hissəsinə çevrilib.
İnternet, sosial şəbəkələr, kiberhücumlar və süni intellekt imkanları ideoloji təsirlərin yayılması üçün yeni imkanlar yaradır. Təəssuflər olsun ki bu imkanlardan digər məqsədlər üçün də geniş istifadə olunur.
Müstəqilliyimiz üçün ən ciddi təhlükə artıq sərhədlərimizdə deyil. Biz torpaqlarımızı döyüş meydanında azad etdik, şəhidlərimizin qanı bahasına ərazi bütövlüyümüzü bərpa etdik. Lakin Azərbaycanın gücünü və müstəqilliyini qəbul etmək istəməyən qüvvələr indi başqa yollar axtarırlar. Onlar övladlarımızın şüuruna, ailələrimizin içinə, uşaqlarımızın əlindəki telefon ekranına daxil olmağa çalışırlar.
Dövlət başçısı bu təhlükənin miqyasını aydın şəkildə göstərərək bəyan etmişdir ki, «İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir.» Prezident xəbərdarlıq etmişdir ki, Azərbaycanda daxili risk mənbələri yoxdur, bütün risklər hüdudlarımızın kənarında formalaşır. Bu risklərin hədəfi isə cəmiyyətimizin ən həssas yeri, gələcəyimiz olan uşaqlarımızdır.
Bu gün xarici mərkəzlər, idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Onlar hələ ötən əsrin əvvəllərində görkəmli ziyalılarımız, mütəfəkkirlərimiz, maarifçilərimiz tərəfindən ifşa olunan, cəmiyyətimizin inkişafı yolunda ciddi maneə kimi qiymətləndirilən dini-ideoloji təbliğat vasitəsilə xurafatı, mövhumatı azərbaycanlıların həyat tərzinə çevirməyə çalışırlar.
Bu mərkəzlər din amilindən silah kimi istifadə edərək ölkəmizi inkişaf və tərəqqi yolundan geri döndərməyi, burada bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar. Ardıcıl dini təbliğat, müxtəlif təsir və təzyiq metodlarından istifadə yolu ilə məzhəblərarası ziddiyyətlərin yaradılması, vətəndaşların radikal dini cərəyanlara cəlb edilməsi, uşaqların və gənclərin dünyagörüşünün dini ehkamlar əsasında formalaşdırılması və digər istiqamətlər üzrə fəaliyyət də bu məqsədə xidmət edir.
Bu baxımdan azyaşlı uşaqların hələ öz seçimini etmək imkanına malik olmadığı yaşda müxtəlif, o cümlədən dini təsirlərə məruz qalması xüsusi diqqət tələb edən məsələlərdəndir.
Burada məsələyə dinə və dindarlara qarşı münasibət kimi yanaşmaq düzgün deyil. Söhbət uşağın öz seçimini etmək hüququnun, təhsil və inkişaf imkanlarının qorunmasından gedir.
Azyaşlı uşağın dini xarakterli təzyiq altında müəyyən davranışa yönləndirilməsi onun sərbəst dünyagörüşünün formalaşmasına təsir göstərə bilər. Uşağın təhsil imkanlarının məhdudlaşdırılması, onun cəmiyyətdəki gələcək rolunun daraldılması ilə nəticələnə biləcək yanaşmalar isə qəbuledilməzdir.
Bu, sadəcə geyim və ya fərdi seçim məsələsi deyil. Bu, xalqımızın gələcəyi uğrunda gedən mübarizədir. Əgər bu gün bir uşağın təhsil hüququ əlindən alınırsa, əgər bu gün bir ailə xaricdən idarə olunan təsirlərin əsirinə çevrilirsə, sabah bunun bədəlini bütün cəmiyyət ödəyəcək. Müstəqilliyimizi heç bir yad təsirə təslim etməyə haqqımız yoxdur.
Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikanı qurmuş, qadınlara seçki hüququ vermiş dövlətdir. Bu, bizim tarixi inkişaf yolumuzun mühüm göstəricisidir. Ona görə də dünyəvilik prinsipi milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil etmir.
Azərbaycan dini dözümlülük və multikulturalizm ənənələri ilə seçilir. İslam xalqımızın tarixi-mədəni irsinin ayrılmaz hissəsidir və dövlət tərəfindən hörmətlə qorunur. Lakin dini hisslərdən siyasi məqsədlərlə istifadə edilməsinə, xüsusilə uşaqların bu cür təsirlərə cəlb olunmasına yol verilməməlidir.
Məktəblərdə geyim qaydaları, o cümlədən hicab məsələsi ilə bağlı dövlətimizin mövqeyi də dünyəvi təhsil mühitinin qorunmasına və dövlət ümumi təhsil müəssisələrində vahid geyim tələblərinin tətbiqinə əsaslanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair tələblərə dəyişiklik edilmiş, vahid geyim qaydalarına riayət olunması və ümumi təhsilin dünyəvilik prinsipinin qorunması ilə bağlı müddəalar müəyyənləşdirilmişdir.
Təhsil siyasətinin müəyyənləşdirilməsi Azərbaycanın daxili səlahiyyətlərinə aiddir. Dövlətlərin müstəqil qərarlarına qarşılıqlı hörmət Azərbaycan-Türkiyə münasibətlərinin də əsas prinsiplərindəndir.
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin 13 oktyabr tarixli açıqlamasında və Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatında ifadə olunan mövqe də iki müstəqil və suveren dövlətin qardaşlıq bağlarının qorunmasına xidmət edir.
“Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq və müttəfiqlik əlaqələrimiz bərabərhüquqlu əməkdaşlıq və bir-birinin daxili işlərinə müdaxilə etməmək əsasında daha da möhkəmləndirilməlidir.
Məktəblərdə geyim qaydalarının izahı zamanı məktəb və ailə arasında əməkdaşlıq gücləndirilməli, valideynlər maarifləndirilməli, uşaq hüquqları və dünyəvi təhsilin əhəmiyyəti izah edilməlidir. Uşaqlara qarşı təzyiq halları barədə məlumatlar vaxtında qiymətləndirilməli və zəruri hallarda aidiyyəti dövlət qurumları ilə birlikdə qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
Valideynlərdə aqressiya və ya dini narazılıq yaratmadan onların razılığını almaq üçün icra hakimiyyəti və məktəb tərəfindən təzyiq yox, etimad üzərində qurulmuş xüsusi yanaşma tətbiq olunmalıdır.
İcra hakimiyyəti valideynlərlə ünsiyyət prosesində “uşağın gələcəyini və təhlükəsizliyini düşünən tərəfdaş” rolunda çıxış etməlidir:
Prezident İlham Əliyev qurultaydakı çıxışında xəbərdarlıq etmişdir ki, «ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir». Dövlət başçısı bu təxribatların məqsədini də açıq şəkildə göstərərək bildirmişdir ki, bütün bunlar «bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün» edilir. Prezidentin qəti mövqeyinə görə, «bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır».
Bu tapşırığın icrası hər birimizdən ayıqlıq və məsuliyyət tələb edir. Azərbaycan cəmiyyəti olaraq biz ayıq-sayıq olmalıyıq. Kənar təsirlərin qarşısı qətiyyətlə alınmalı, ailəyə və ya onun hər hansı üzvünə yönələn müdaxilə cəhdlərinə biganə qalınmamalıdır. Bu iş insanlara hörmət, qarşılıqlı etimad və qanunun aliliyi prinsipləri əsasında aparılmalıdır.
Hörmətli müəllimlər! Siz hər gün uşaqlarımızın gözlərinə baxırsınız, onların sevincini də, narahatlığını da hamıdan əvvəl görürsünüz. Hörmətli ağsaqqallar və ziyalılar! Sizin sözünüz məhəllədə, kənddə bu gün də hörmətlə dinlənilir. Hörmətli valideynlər! Övladlarınızın gələcəyi ilk növbədə sizin əlinizdədir. Hər birinizə müraciət edirəm, bu məsələdə biganə qalmayın. Bir ailənin, bir uşağın taleyi də bizim üçün az deyil, çünki hər bir uşaq Azərbaycanın gələcəyidir.
Bu istiqamətdə görülməli tədbirlər:
– hər bir inzibati ərazi dairəsində, şəhər, qəsəbə və kənddə bütün ailələrlə birbaşa və yaxın təmas qurulmalı, bu iş icra nümayəndəlikləri və bələdiyyələr vasitəsilə həyata keçirilməlidir;
– hər bir vəzifəli şəxs öz səlahiyyəti çərçivəsində ərazilərdə ailələrlə və gənclərlə mütəmadi söhbətlər aparmalı, sakinlərin qayğılarını və ictimai əhval-ruhiyyəni yaxından öyrənməlidir;
– öyrənilən vəziyyətə uyğun olaraq maarifləndirici və profilaktik işlər aparılmalı, ehtiyacı olan ailələrə hüquqi, psixoloji və sosial dəstək göstərilməlidir;
– ailəyə və ya onun hər hansı üzvünə kənar müdaxilə və ya təsir cəhdi barədə məlumat daxil olduqda, dərhal aidiyyəti qurum və təşkilatlarla birlikdə qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
III. TƏBLİĞAT VƏ İDEOLOJİ İŞİN DÜZGÜN QURULMASI
Prezident İlham Əliyev ideoloji işin düzgün qurulması ilə yanaşı, bu sahədə şablonlardan və formal xarakter daşıyan tədbirlərdən imtina edilməsinin vacibliyini xüsusi vurğulamışdır.
Bu, bizim qarşımızda konkret vəzifə qoyur, ideoloji iş tədbir keçirmək naminə tədbirdən ibarət olmamalıdır. Əsas məsələ insanların düşüncəsinə təsir göstərmək, onları düzgün məlumatlandırmaq və cəmiyyətdə dövlətçilik, vətənpərvərlik və milli-mənəvi dəyərlərlə bağlı sağlam mövqe formalaşdırmaqdır.
İlk növbədə, ideoloji iş təhsil və maarifləndirmə üzərində qurulmalıdır. Təhsilli və məlumatlı insana yalan xəbərlərə, şayiələrə və ideoloji təxribatlara təsir göstərmək imkanı çox zəif olur.
Məktəblərdə yalnız formal tədbirlər keçirilməməli, şagirdləri və valideynləri düşündürən məsələlər müzakirə olunmalıdır. Hüquqşünaslar, psixoloqlar, müəllimlər, ziyalılar və digər mütəxəssislər bu prosesə cəlb edilməlidir.
İkinci istiqamət vətənpərvərlik və dövlətçilik təbliğatıdır. Gənclərə Azərbaycanın keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf yolu, müstəqilliyin hansı ağır sınaqlardan keçdiyi, Vətən müharibəsində əldə olunmuş Zəfərin, ərazi bütövlüyümüzün və tam suverenliyimizin bərpasının tarixi əhəmiyyəti düzgün izah edilməlidir.
Üçüncü istiqamət informasiya işidir. Bu gün insanlar məlumatı əsasən internet və sosial şəbəkələrdən əldə edirlər. Buna görə rayon və şəhərlərin rəsmi informasiya resursları yalnız tədbirlər barədə məlumat verməklə kifayətlənməməli, əhalinin gündəlik həyatına təsir edən məsələlər barədə aydın və operativ məlumatlar təqdim etməlidir.
Yanlış məlumat yayıldıqda isə cavab gecikməməlidir. Yalan xəbərə emosional münasibət göstərmək əvəzinə, faktlarla və əsaslandırılmış məlumatla cavab verilməlidir.
İdeoloji işin daha səmərəli qurulması üçün müasir kommunikasiya vasitələrindən də istifadə olunmalıdır. Qısa videolar, infoqrafikalar, müsahibələr, real nümunələr, sual-cavab formatları və maarifləndirici materiallar xüsusilə gənclərlə işdə daha effektiv nəticə verə bilər.
Ağsaqqallar, ziyalılar, müəllimlər, ictimaiyyət nümayəndələri və rəsmi dini icmaların təmsilçiləri ilə görüşlər də formal xarakter daşımamalıdır. Bu görüşlərdə cəmiyyətin qarşısında duran real məsələlər müzakirə olunmalı, insanların suallarına konkret cavablar verilməlidir.
Cənab Prezidentin qurultayda səsləndirdiyi fikirlərin cəmiyyətə çatdırılması yalnız icra hakimiyyətinin vəzifəsi deyil. Hər birimiz bu fikirləri öz kollektivimizin hər bir üzvünə çatdırmalıyıq. Bu tələb təkcə dövlət qurumlarına deyil, özəl şirkətlərə, müəssisələrə və bütün digər təşkilatlara da şamil olunur. Hər bir dövlət qurumunda, özəl şirkətdə və təşkilatda ölkə başçısının çıxışından irəli gələn vəzifələr kollektivlə müzakirə olunmalıdır. Həmçinin, kollektiv üzvlərinə yönələn kənar ideoloji təsir cəhdlərinə biganə qalınmamalı, belə hallarda aidiyyəti qurumlarla əlaqə saxlanılmalıdır.
Hörmətli sahibkarlar və müəssisə rəhbərləri! Kollektivinizdəki hər bir insanın doğru məlumatlandırılması, yad təsirlərdən qorunması sizin də vətəndaşlıq borcunuzdur. Dövlətin yaratdığı sabitlik və imkanlar sayəsində fəaliyyət göstərən hər bir müəssisə bu sabitliyin qorunmasında da yaxından iştirak etməlidir.
Beləliklə, ideoloji işin əsas meyarı keçirilmiş tədbirlərin sayı deyil, keyfiyyəti, cəmiyyətə göstərdiyi real təsir olmalıdır.
Dövlət başçısı qurultayda bəyan etmişdir ki, «risklərlə bağlı, – həm fiziki, həm ideoloji risklərlə bağlı, – ciddi tədbirlər görülür və görüləcək». Bu tapşırığın rayonumuzda (şəhərimizdə) ardıcıl və nəticəyönümlü icrasını təmin etmək üçün ardıcıl tədbirlər görülməlidir.
Bu gün burada iştirak edən hər bir qurumun rəhbərinə müraciət edərək onların üzərinə düşən vəzifələri xüsusi vurğulamaq istəyirəm.
Hörmətli həmkarlar!
Bu, adi bir tapşırıq, növbəti hesabat üçün yazılacaq tədbirlər planı deyil. Bu, müstəqilliyimizin qorunması ilə bağlı məsələdir. Burada heç kim “bu mənim işim deyil” deyərək kənarda dayana bilməz. Bu gün biganəlik ən böyük təhlükədir. Bu işə formal yanaşan hər kəs, bilərəkdən və ya bilməyərəkdən, yad təsirlərə yol açmış olur.
Qurumlar tərəfindən görülməli tədbirlər:
– hüquq-mühafizə orqanları kənar ideoloji təsir və təxribat cəhdlərinə qanunvericiliyə uyğun olaraq vaxtında və qətiyyətlə reaksiya verməlidir;
– təhsil müəssisələri şagirdlərin və valideynlərin maarifləndirilməsini, uşaqların təhsil hüququnun qorunmasını təmin etməlidir;
– səhiyyə müəssisələri ailələrlə ünsiyyətdə maarifləndirici iş aparmalı, psixoloji və sosial dəstəyə ehtiyacı olan ailələrin vaxtında müəyyən edilməsinə kömək etməlidir;
– icra nümayəndəlikləri və yerli özünüidarəetmə orqanları hər bir ailə ilə birbaşa əlaqə saxlamalı, sakinlərin müraciətlərini operativ həll etməlidir;
– xidmət qurumları vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmalı, əhalini narahat edən problemləri vaxtında aradan qaldırmalıdır;
– ziyalılar, ağsaqqallar və fəal vətəndaşlar öz nüfuzlarından istifadə edərək gənclərə nümunə olmalı, maarifləndirmə işində yaxından iştirak etməlidir;
Vətəndaş müraciətləri qanunvericiliyə uyğun qeydiyyata alınmalı, mahiyyəti üzrə araşdırılmalı və onlara müəyyən edilmiş müddətlərdə əsaslandırılmış cavab verilməlidir. Qurumlar səlahiyyətlərinə aid olmayan müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə göndərməli və bu barədə vətəndaşa məlumat verməlidirlər. Təkrar şikayətlərin səbəbləri araşdırılmalı, müraciətlər üzrə qəbul edilmiş qərarların və verilmiş tapşırıqların icrası nəzarətdə saxlanılmalıdır.
Burada qeyd olunan vəzifələr bu müşavirə ilə yekunlaşmamalıdır. Onlar gündəlik həyatımızda, iş yerlərimizdə və insanlarla hər bir ünsiyyətimizdə tətbiq olunmalıdır. Müstəqilliyimizin qorunması hər birimizin şəxsi məsuliyyətidir.
Hörmətli müşavirə iştirakçıları!
Cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin mahiyyəti əslində bir əsas məqamda birləşir – Azərbaycanın əldə etdiyi nəticələri qorumaq, müstəqilliyimizi daha da möhkəmləndirmək və bu inkişafı davamlı etməkdir.
Biz bu gün 1990-cı illərin ağır sosial-iqtisadi vəziyyətindən, məcburi köçkün düşərgələrindən, müharibə və siyasi qeyri-sabitlik şəraitindən tamamilə fərqli bir Azərbaycanda yaşayırıq. Ölkəmizin iqtisadi imkanları genişlənib, hərbi gücü artıb, beynəlxalq nüfuzu yüksəlib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi həyata keçirilir, bütün bölgələrdə quruculuq işləri davam etdirilir.
Lakin əldə edilmiş nəticələr son deyil, qarşımızda daha mühüm və daha məsuliyyətli mərhələ dayanır. Bu mərhələdə əsas vəzifə güclü dövlətin yaratdığı imkanlardan səmərəli istifadə etmək, hər bir yaşayış məntəqəsinin inkişafını təmin etmək, insan amilini dövlət siyasətinin mərkəzində saxlamaqdır.
Bununla yanaşı, ideoloji işə münasibətimizi də dəyişməliyik. Formal tədbirlərin keçirilməsi ilə kifayətlənmək olmaz. İnsanları narahat edən məsələləri bilməli, onların suallarına vaxtında və əsaslandırılmış cavab verməli, xüsusilə uşaqların və gənclərin yad ideoloji təsirlərdən qorunmasına, onların təhsilinə, dünyagörüşünün və vətənpərvərlik hissinin düzgün formalaşmasına xüsusi diqqət yetirməliyik.
Müstəqilliyimizi, dövlətçiliyimizi möhkəmləndirmək və cəmiyyətimizin sağlam mənəvi əsaslarını qorumaq eyni məqsədin – güclü Azərbaycan dövlətinin daha da inkişafına xidmət etmək deməkdir.
Hər bir rayonun və şəhərin inkişaf göstəricisi bütövlükdə Azərbaycanın inkişaf göstəricisidir. Hər bir ailənin rifahı dövlətimizin sosial siyasətinin nəticəsidir. Hər bir uşağın düzgün tərbiyəsi və təhsili isə Azərbaycanın gələcəyinə qoyulan ən mühüm sərmayədir.
Ona görə də qarşıdakı dövrdə hər birimiz öz sahəmizdə daha məsuliyyətli, daha çevik və daha nəticəyönümlü çalışmalıyıq.
Bu gün buradan ayrılarkən hər birimiz özümüzə bir sual verməliyik. Mən öz sahəmdə, öz ailəmdə, öz kollektivimdə müstəqilliyimizin qorunması üçün nə edirəm? Prezidentin qurultayda dediyi kimi, «öz taleyimiz öz əlimizdədir». Bu taleyi qorumaq da yalnız bizim əlimizdədir.
Güclü dövlət, möhkəm dövlətçilik, sağlam cəmiyyət və savadlı, vətənpərvər nəsil Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Bu dayaqları qorumaq və daha da möhkəmləndirmək isə bizim üzərimizə düşən əsas vəzifədir.
Bu məqsədlə tapşırıram:
Cənab Prezidentin müəyyən etdiyi vəzifələrin, habelə müşavirədə müzakirə olunan məsələlərdən irəli gələn tapşırıqların aidiyyəti üzrə vaxtında və tam icrası təmin edilsin. Hər bir qurum və məsul şəxs konkret tədbirlər planı müəyyənləşdirsin, hər bir tədbir üzrə məsul icraçıları və icra müddətlərini dəqiqləşdirsin, icra müddətlərinə ciddi əməl etsin və görülmüş işlər barədə konkret nəticələri əks etdirən hesabatlar təqdim etsin.
Yerli icra hakimiyyəti orqanı səlahiyyətləri çərçivəsində rayon ərazisində fəaliyyət göstərən aidiyyəti qurumların işini əlaqələndirsin, tapşırıqların icra vəziyyətini mütəmadi öyrənsin və aşkar edilmiş problemlərin aradan qaldırılması üçün gecikdirilmədən zəruri tədbirlər görsün. Həlli uzanan məsələlər diqqətdən kənarda qalmasın, onların icrası sona qədər izlənilsin.
Verilmiş tapşırıqların icrasına formal yanaşmaya qətiyyən yol verilməsin. Tapşırıqlar müəyyən edilmiş müddətlərdə və tələb olunan keyfiyyətlə yerinə yetirilsin, icra vəziyyəti daimi nəzarətdə saxlanılsın, gecikmələrin və əsassız yubanmaların qarşısı alınsın.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə operativ tədbirlər görülsün. Ümumi məlumatlarla kifayətlənilməsin, hər bir tapşırığın icrası konkret nəticələrlə qiymətləndirilsin.
Rayonun sosial-iqtisadi inkişafının, əhalinin rifahının yüksəldilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının və dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsinin təmin olunması bütün qurumların və məsul şəxslərin vəzifəsidir. Bu istiqamətdə hər bir qurumdan öz səlahiyyətləri daxilində məsuliyyətli və nəticəyönümlü fəaliyyət gözləyirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
Hər birinizdən üzərinizə düşən vəzifələrin vaxtında və keyfiyyətlə icrasını təmin etməyinizi tələb edirəm. Tapşırıqların icra vəziyyətini şəxsi nəzarətimdə saxlayacağam və görülən işlərə konkret nəticələr əsasında qiymət veriləcəkdir.




