Şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb

 

27 Sentyabr – Anım Günü İsmayıllı rayonunda da dərin ehtiram və kövrək duyğularla qeyd olunub. Rayonun idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və rayon sakinləri Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmək üçün keçirilən anım mərasimində yaxından iştirak ediblər. Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıqdan, keçdikləri şərəfli döyüş yolundan söz açılıb, ruhlarına dualar oxunub. Müqəddəs məzarları üzərinə güllər düzülüb.

İsmayıllının igid övladları şəhadətə qovuşduqları günlərdə də daim ehtiramla anılır, onların məzarları ziyarət olunur, ruhlarına dualar oxunur, ailələrində əziz xatirələri yad edilir. Şəhidlərin doğum və şəhadət günlərində keçirilən anım mərasimləri, məzarları başında və ailələrində təşkil olunan görüşlər onların adlarının yaddaşlarda yaşadıldığını göstərir. Bu davamlı ehtiram şəhid ailələri üçün mənəvi dayaq olmaqla yanaşı, gənc nəsil üçün də Vətənə sədaqət və fədakarlıq nümunəsidir. 27 Sentyabrda keçirilən anım tədbirləri də bu müqəddəs yaddaşın davamı, şəhidlərimizə olan ümumxalq ehtiramının ifadəsidir.

27 Sentyabr xalqımızın yaddaşında Vətən müharibəsinin başlandığı və tariximizin yeni səhifəsinin açıldığı gün kimi yaşayır. Həmin gün Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda böyük mübarizə başladı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgər və zabitləri misilsiz qəhrəmanlıq, döyüş əzmi və fədakarlıq nümayiş etdirdilər. Onlar doğma torpağın hər qarışı uğrunda canlarından keçərək xalqımıza Zəfər sevinci yaşatdılar.

Bu tarixi Qələbənin əldə olunmasında Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, hərbçilərimizin qəhrəmanlığı və xalqımızın birliyi ilə yanaşı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi mühüm rol oynadı. Müharibənin ən ağır günlərində nümayiş etdirilən siyasi iradə və prinsipial mövqe Azərbaycanın qarşıya qoyduğu məqsədə doğru inamla irəliləməsini təmin etdi. Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında ehtiramla dayanarkən onların döyüş meydanındakı hünərini və Zəfərlə nəticələnən bu tarixi yolun əhəmiyyətini də bir daha xatırlayırıq.

Anım Günü çərçivəsində şəhid ailələri də ziyarət edilib. Onların evlərində qorunan fotoşəkillərə, şəxsi əşyalara, sənədlərə və digər xatirə nümunələrinə baxılıb. Hər bir ailədə qorunan bu yadigarlar şəhidlərimizin həyatından, ailə mühitindən, arzularından və Vətənə bağlılığından xəbər verir. Onlar yalnız ailə üçün deyil, xalqımızın yaxın tarixinin yaşadılması baxımından da qiymətli mənəvi sərvətdir.

Ziyarət zamanı şəhidlərin ailə üzvləri ilə görüşülüb, onların xatirələri dinlənilib. Söhbətlərdə şəhidlərin uşaqlıq və gənclik illəri, ailə münasibətləri, xarakter xüsusiyyətləri, Vətənə bağlılıqları və döyüş yolu ilə bağlı xatirələr yada salınıb. Ailələrdə qorunan hər bir fotoşəkil və əşyanın arxasında bir ömür, bir ailənin yaşadığı sevinc və ayrılıq, böyük bir fədakarlıq dayanır.

Hər bir şəhidin həyat və döyüş yolu Vətənə sədaqətin, hərbi anda bağlılığın və əsl vətəndaşlıq məsuliyyətinin nümunəsidir. Ailələrində qorunan xatirələrə baxdıqca bir daha aydın olur ki, şəhidlik yalnız bir insanın deyil, bütöv bir ailənin taleyində dərin iz buraxan müqəddəs bir anlayışdır. Bu ailələr üçün övladlarının, qardaşlarının, yaxınlarının xatirəsi daim yaşayır və yaşadılır.

Şəhidlərin məzarları da ziyarət olunub, ruhlarına dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Məzarlar başında edilən dualar, ailələrdə qorunan yadigarlar və anım mərasimində bir araya gələn insanların ehtiramı bir həqiqəti ifadə edir: Vətən uğrunda canından keçənlər unudulmur. Onların adı və şərəfli ömür yolu xalqımızın yaddaşında daim yaşayır.

27 Sentyabr – Anım Günü şəhidlərimizin müqəddəs xatirəsini yaşatmaqla yanaşı, onların ailələrinə mənəvi dəstəyin, diqqət və qayğının ifadəsi kimi də mühüm əhəmiyyət daşıyır. Şəhid ailələrinin qapısını döymək, onların xatirələrinə ehtiram göstərmək, övladlarının həyat və döyüş yolunu dinləmək, qorunan yadigarlara diqqətlə yanaşmaq şəhidlərimizin ruhuna göstərilən ehtiramın davamıdır.

Şəhidlərimizin ailələrində yaşadılan xatirələr, qorunan yadigarlar və onların məzarları qarşısında edilən dualar bir daha göstərir ki, Vətən uğrunda canından keçənlərin adı və əməlləri xalqımızın yaddaşında daim yaşayacaq. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün Vətən sevgisinin, sədaqətin və fədakarlığın örnəyi olaraq qalacaq.

Şahməmməd Dağlaroğlu,

“İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir