Müəyyənləşdirilən vəzifələr real işlə həyata keçirilməlidir
Yeni Azərbaycan Partiyasının (YAP) İsmayıllı rayon təşkilatında Prezident, partiyanın sədri İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Məruzə ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov oktyabrın 2-də Bakıda keçirilən VIII Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi fikir və tapşırıqların yerli təşkilatlar qarşısında mühüm vəzifələr qoyduğunu bildirib. O, Azərbaycanın hərbi qələbələrinin, müstəqil siyasətinin və milli maraqlara əsaslanan qərarlarının ölkəmizin gücünü və suverenliyini nümayiş etdirdiyini vurğulayıb. İdeoloji işin gücləndirilməsi, əhali ilə təmasların genişləndirilməsi, düzgün və operativ məlumatlandırma, gənclərin partiya fəaliyyətinə cəlb olunması və vətəndaş müraciətlərinə həssas yanaşma qarşıda duran əsas vəzifələr kimi qeyd edilib.
YAP təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında qurultayda müəyyənləşdirilən vəzifələrin real işlə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. O, ərazi təşkilatlarında qurultay sənədlərinin geniş müzakirəsinin, vətəndaşların problemlərinin həllində fəal iştirakın və gənclərlə işin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin, Azərbaycanın regiondakı mövqeyinin Prezident İlham Əliyevin siyasətinin və xalqın dəstəyinin nəticəsi olduğunu bildirib.
Sonra qurultay nümayəndəsi olmuş İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının ərazi partiya təşkilatının sədri Vidadi Rəhimov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xudiyev çıxış ediblər.
Çıxışlarda YAP-ın ölkənin siyasi həyatındakı rolu, qurultay qərarlarının yerli səviyyədə icrası və ərazi təşkilatlarının fəaliyyətinin gücləndirilməsi məsələlərinə toxunulub.
Müşavirə qarşıda duran vəzifələrin müzakirəsi və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi ilə başa çatıb.
İlqar Əhmədli


