Qəbullar cəmiyyətlə dövlət arasında əlaqənin göstəricisidir

İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı Nahid Bağırov növbəti vətəndaş qəbulu keçirib. Qəbulda rayonun bir sıra idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulun əsas mahiyyəti sakinlərin gündəlik həyatında qarşılaşdıqları məsələlərin birbaşa dinlənilməsi, onların həlli yollarının aidiyyəti qurumlarla birlikdə müəyyənləşdirilməsi olub. Rayon sakinləri onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini diqqətə çatdırıb, ayrı-ayrı problemlərin həlli ilə bağlı mövqelərini bildiriblər.

Vətəndaşların hər bir müraciətinə ayrıca yanaşılıb, qaldırılan məsələlərin mahiyyəti, onların həlli imkanları və aidiyyəti üzrə hansı tədbirlərin görülməsinin mümkün olduğu müzakirə edilib. Bəzi müraciətlər üzrə məsələlərin yerindəcə dəqiqləşdirilməsi, digər hallarda isə müvafiq qurumların iştirakı ilə araşdırma aparılması zərurəti müəyyənləşdirilib.

Qəbul zamanı diqqət çəkən məqamlardan biri də müraciətlərə yalnız formal cavab verilməsi ilə kifayətlənməmək, onların nəticəyə yönəldilməsi məsələsi olub. Bununla əlaqədar aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib, vətəndaşların qaldırdıqları məsələlərin qanunvericiliyin tələblərinə uyğun və mümkün qədər operativ həlli üçün müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Dövlət qurumlarına edilən müraciət və təkliflər cəmiyyətlə dövlət arasında əlaqənin mühüm göstəricilərindən biridir. Bu baxımdan vətəndaşların dinlənilməsi yalnız qəbul prosesinin deyil, həm də onların problemlərinə diqqətin, hüquq və qanuni mənafelərinə hörmətin ifadəsidir.

İsmayıllı Rayon İcra Hakimiyyətində keçirilən bu cür qəbullar sakinləri narahat edən məsələlərin birbaşa öyrənilməsinə, onların həlli üçün aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə və dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.

Ş.Soltanov

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir