Müstəqillik – milli qürur və dövlətçilik tariximiz
16 oktyabr 2026-cı il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon Təhsil sektorunun və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqilliyimiz – milli qürurumuz və dövlətçilik tariximiz” mövzusunda esse müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin Azərbaycanın müstəqillik və dövlətçilik tarixi barədə biliklərinin artırılması, milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə bağlılığın gücləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin onların yaradıcı düşüncə və yazı bacarıqlarının inkişaf etdirilməsi olub.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və idarənin əməkdaşları, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, eləcə də məktəblilər iştirak ediblər.
Müsabiqə zamanı məktəblilər Azərbaycanın müstəqillik yoluna, dövlətçilik ənənələrinə, milli qürur anlayışına və müstəqilliyin qorunmasının əhəmiyyətinə dair fikirlərini esse formasında ifadə ediblər. Şagirdlərin mövzuya yanaşmaları, müstəqillik tarixini dərk etmələri və yaradıcı düşüncələri qiymətləndirilib.
Çıxışlarda müstəqilliyin xalqımızın ən böyük milli sərvətlərindən biri olduğu, onun qorunması və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın məsuliyyəti daşıdığı vurğulanıb. Qeyd olunub ki, dövlətçilik tarixinin öyrənilməsi gənclərin milli özünüdərk hissinin formalaşmasında mühüm rol oynayır.
Müsabiqənin nəticələrinə əsasən qaliblər müəyyən edilərək təşkilat komitəsi tərəfindən müvafiq medal və diplomlarla mükafatlandırılacaqlar.
“İsmayıllı xəbərləri”

