28 əsgərinin həyatına sipər olan mayor

 

Qurbanəfəndi kəndində 44 günlük Vətən müharibəsində şəhid olmuş mayor Sübhi Balamirzə oğlu Mürsəliyevin şəhadətə ucalmasının altıncı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhidin keçdiyi şərəfli ömür və döyüş yolu xatırlanıb, onun əziz xatirəsi ehtiramla yad edilib. Altı il ötür. Lakin şəhidlərin zamanla ölçülməyən bir ömrü var. Onların adı xatırlandıqca, həyatı və Vətən qarşısındakı xidməti haqqında danışıldıqca həmin ömür davam edir.

Sübhi Mürsəliyev 28 dekabr 1979-cu ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində hərbçi ailəsində dünyaya göz açıb. Atası Balamirzə Mürsəliyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, sonralar Qurbanəfəndi kənd tam orta məktəbində 36 il hərbi fənni tədris edib. Dörd oğul böyüdən Balamirzə müəllimin üç övladı hərbçi olub. Belə bir ailə mühitində böyüyən Sübhi üçün Vətən, torpaq və hərbi xidmət sadəcə söz deyil, həyatın öz mənası idi.

Uşaqlıqdan hərb sənətinə böyük maraq göstərən Sübhi torpaqlarımızın işğaldan azad olunacağı günün arzusunu ürəyində yaşadıb. Bakı Dövlət Universitetinin iqtisadi nəzəriyyə fakültəsini bitirdikdən sonra hərbi xidmət yolunu seçib. 30 sentyabr 2001-ci ildə leytenant rütbəsi ilə Azərbaycan Ordusunda xidmətə başlayıb və ömrünün sonrakı iyirmi ilini hərbi sahəyə həsr edib.

Onun zabitlik yolu asan və sakit xidmət illərindən keçməyib. Ağdam, Tərtər, Tovuz və Goranboy kimi cəbhə bölgələrində xidmət edən Sübhi Mürsəliyev döyüş şəraitində özünü bacarıqlı və uzaqgörən zabit kimi göstərib. Tağım komandirliyindən hərbi hissənin artilleriya rəisi vəzifəsinə qədər yüksəlib. Əsgər və zabit yoldaşları onun peşəkarlığına, tələbkarlığına və insanlara münasibətinə görə ona “Artilleriyanın atası” deyiblər.

2016-cı ilin Aprel döyüşləri onun döyüş təcrübəsində mühüm mərhələ olub. Həmin döyüşlərdə göstərdiyi igidliyə görə müxtəlif təltiflərə layiq görülüb. Vətən qarşısında xidmətini və zabit məsuliyyətini hərbi karyeranın bir pilləsi kimi deyil, üzərinə götürdüyü müqəddəs borc kimi qəbul edib.

Sübhi Mürsəliyevin ailəsi də onun xarakterinin formalaşmasında mühüm yer tutub. Atasının Birinci Qarabağ müharibəsində iştirakı, ailədə hərbçi qardaşlarının olması bu ocağın Vətənə bağlılığını göstərirdi. Qardaşı Nəsimi Mürsəliyev xatirələrində Sübhi ilə həm qardaş, həm də bir müddət komandir kimi bağlılığından danışaraq onun işğal altında olan torpaqların azad edilməsi arzusunu həmişə ürəyində daşıdığını bildirib.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda mayor Sübhi Mürsəliyev də öz bölmələri ilə döyüşlərə atıldı. Bu, onun illərlə gözlədiyi gün idi. İllər əvvəl ürəyində daşıdığı arzu artıq reallığa çevrilmişdi: Azərbaycan Ordusu işğal altında olan torpaqların azadlığı uğrunda böyük savaşa başlamışdı. Sübhi üçün isə bu savaş həm zabitlik borcunun, həm də illərdən bəri yaşatdığı Vətən arzusunun sınağı idi.

Döyüşlərin ilk günlərindən onun rəhbərlik etdiyi bölmələr düşmənə qarşı ciddi müqavimət göstərib. Lakin müharibənin başlanmasından cəmi üç gün sonra, sentyabrın 30-da Suqovuşan istiqamətində gedən ağır döyüşlər mayor Sübhi Mürsəliyevin həyatının son döyüşünə çevrilib. Həmin gün o, tabeliyində olan 28 əsgərinin həyatını xilas edərkən özü şəhid olub.

Bu hadisə onun şəhidlik tarixinin ən mühüm səhifəsidir. Çünki Sübhi Mürsəliyev son anda belə öz həyatını deyil, əsgərlərinin həyatını düşünüb. Komandir üçün bundan böyük məsuliyyət və fədakarlıq təsəvvür etmək çətindir. Onun “Artilleriyanın atası” adlandırılması da təsadüfi deyildi. Əsgərlərinin taleyinə cavabdeh olan zabit son döyüşündə də bu məsuliyyətin ağırlığını öz üzərinə götürdü.

Şəhid mayorun həyat yoldaşı İlahə Mürsəliyevanın xatirələri də Sübhi haqqında təsəvvürü tamamlayır. Onun sözlərinə görə, Sübhi Vətənə çox bağlı insan olub, övladlarını da bu ruhda böyüdüb. Müharibə başlayanda ailəsinə zəng edərək uşaqları ona tapşırması, hər şeyin ola biləcəyini söyləyib səbirli olmağı istəməsi onun bir tərəfdən ailəsini düşünən həyat yoldaşı və ata, digər tərəfdən isə hər an şəhid ola biləcəyini anlayan zabit olduğunu göstərir.

Sübhi Mürsəliyevin üç övladı qalıb. Oğlu Rüstəmin atasının yolunu davam etdirmək və gələcəkdə hərbçi olmaq istəyi şəhidin övladlarına aşıladığı Vətən sevgisinin bir göstəricisidir. Rüstəm atasının şəhidlik zirvəsinə ucaldığını və onun yoxluğunu qardaşı ilə bacısına hiss etdirməməyə çalışacağını söyləyib. Bu sözlər bir şəhid övladının atasına olan sevgisi ilə yanaşı, onun xatirəsini yaşatmaq məsuliyyətini də ifadə edir.

Sübhi Mürsəliyev şəhidliyindən sonra dövlət tərəfindən bir sıra yüksək təltiflərə layiq görülüb. O, “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu təltiflər onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi xidmət və qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsidir.

Qurbanəfəndi kəndi üçün Sübhi Mürsəliyevin adı həm böyük qürur, həm də qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsidir.

 Ş.Soltanov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir