Mənəvi dəyərlər qorunur

 

1 Oktyabr – Ahıllar Günü münasibətilə İsmayıllı Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun ictimai həyatında fəal iştirak edən ağsaqqal və ağbirçəklərlə görüş keçirilib.

Görüşdə rayonun ictimai həyatında uzun illər ərzində fəallıq göstərmiş, müxtəlif sahələrdə çalışaraq öz əməyini və həyat təcrübəsini cəmiyyətin inkişafına həsr etmiş yaşlı nəslin nümayəndələri iştirak ediblər. Onlarla səmimi söhbət aparılıb, ahıl insanların cəmiyyət həyatındakı rolu, onların zəngin həyat təcrübəsindən və müdrik məsləhətlərindən yararlanmağın əhəmiyyəti vurğulanıb.

Çıxışlarda qeyd olunub ki, yaşlı nəslə hörmət xalqımızın qədim və möhkəm mənəvi dəyərlərindən biridir. Ağsaqqal və ağbirçəklərin sözü, həyat yolu, gördükləri və yaşadıqları yalnız onların şəxsi xatirələri deyil, həm də gənc nəsil üçün mühüm həyat məktəbidir. Bu baxımdan onların təcrübəsinin öyrənilməsi və tövsiyələrinin nəzərə alınması nəsillər arasında mənəvi bağların möhkəmlənməsinə xidmət edir.

Görüşdə şəhid ailələrinin, xüsusilə şəhid valideynlərinin cəmiyyətin diqqət və qayğısına ehtiyac duyduğu xüsusi qeyd olunub. Şəhid valideynlərinin müraciət və istəkləri dinlənilib, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Vətən qarşısında ən ağır və əvəzolunmaz itki ilə üzləşmiş şəhid valideynlərinin qayğılarına həssas münasibət göstərilməsi dövlət və cəmiyyət olaraq mənəvi borcumuzdur. Onların yaşadığı ağrı və keçirdiyi hisslərə hörmətlə yanaşmaq, problemlərinin həllinə imkan daxilində dəstək göstərmək xüsusi diqqət tələb edir.

Ahıllar Gününün keçirilməsi həm də yaşlı nəslin cəmiyyət üçün dəyərini bir daha xatırlamaq baxımından əhəmiyyət daşıyır. Çünki illərin sınağından keçmiş insanların həyat təcrübəsi, hadisələrə münasibəti, ailə və cəmiyyət qarşısındakı məsuliyyət anlayışı xüsusilə sürətlə dəyişən dünyada gənc nəsil üçün mühüm mənəvi dayaqdır.

İsmayıllının ağsaqqal və ağbirçəkləri də rayonun ictimai həyatında öz fəallıqları ilə seçilirlər. Onlar müxtəlif tədbirlərdə, görüşlərdə, ictimai təşəbbüslərdə iştirak etməklə yanaşı, gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, adət-ənənələrin qorunub saxlanmasına öz töhfələrini verirlər.

Görüşdə belə tədbirlərin yaşlı nəslin nümayəndələri ilə daha sıx ünsiyyət yaratmaq, onların arzu və təkliflərini dinləmək, cəmiyyətin həyatında fəal iştiraklarını dəstəkləmək baxımından əhəmiyyətli olduğu bildirilib. Səmimi söhbət və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ahıl insanların qayğı və problemlərinin diqqətdə saxlanmasının, onların cəmiyyət həyatından kənarda qalmamalarının vacibliyi vurğulanıb.

Görüş iştirakçıları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, yaşlı nəslin nümayəndələrinin ictimai həyatdakı fəallığının bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Ahıllar Günü münasibətilə keçirilən bu görüş bir daha göstərib ki, yaşlı nəslə ehtiram yalnız bir günün deyil, milli-mənəvi dəyərlərimizdən qaynaqlanan davamlı münasibətin ifadəsidir. Ağsaqqal və ağbirçəklərin keçdiyi həyat yolu, onların sözünə və təcrübəsinə verilən qiymət nəsillərin bir-birini daha yaxşı anlamasına, mənəvi dəyərlərin qorunmasına və cəmiyyətdə həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Mövlud Ağayev,

İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir