“DOST Evi”ndə “Coffee Zone” fəaliyyətə başlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialında sosial məşğulluğun dəstəklənməsi istiqamətində növbəti addım atılıb. Filialın ərazisində “Coffee Zone” kafesi fəaliyyətə başlayıb.
Açılış mərasimində dövlət və özəl qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və bloqerlər iştirak ediblər. Çıxışlarda “Coffee Zone” ilə əməkdaşlığın filialda fəaliyyət göstərən təlimçi və benefisiarlara, eləcə də sosial həssas qruplardan olan şəxslərə güzəştli xidmət imkanları yaradacağı bildirilib. Təşəbbüsün onların cəmiyyətə inteqrasiyasına, məşğulluğunun dəstəklənməsinə və əmək prosesinə cəlb olunmasına töhfə verəcəyi vurğulanıb.
Qeyd edilib ki, 15 noyabr 2023-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən İsmayıllı “DOST Evi” həssas kateqoriyalara aid şəxslərin istedad və bacarıqlarının üzə çıxarılmasına, onların sosial adaptasiyasına və peşə vərdişləri qazanmasına dəstək göstərir.
Tədbir iştirakçıları “DOST Evi”nin fəaliyyəti, yaradıcılıq emalatxanalarında hazırlanan əl işləri və təlim prosesi ilə tanış olublar. Bu ilin fevralından İsmayıllıda fəaliyyət göstərən “Coffee Zone” kafesinin filial ərazisində də bölgə sakinlərinə və qonaqlara xidmət göstərəcəyi bildirilib.

