Kənd həyatı, yerli ənənələr, təsərrüfatçılıq vərdişləri qorunub saxlanılmalıdır
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən vətəndaşlarla keçirilən növbəti səyyar qəbul rayonun ucqar dağ kəndlərindən biri olan Həftəsov kəndində təşkil olunub.
Səyyar qəbulun keçirilməsində əsas məqsəd kənd sakinlərinin gündəlik qayğı və problemlərinin yerində öyrənilməsi, qaldırılan məsələlərin aidiyyəti üzrə müzakirə olunması və onların həlli istiqamətində müvafiq addımların müəyyənləşdirilməsi olub.
Görüşdə Həftəsov kəndinin və ümumilikdə ucqar dağ yaşayış məntəqələrinin qarşılaşdığı problemlər, sakinlərin sosial-məişət qayğıları, kənddə yaşamaq üçün zəruri şəraitin daha da yaxşılaşdırılması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrin əsas mövzularından biri kəndlərin sürətlə boşalmasının qarşısının alınması olub. Bildirilib ki, ucqar kəndlərin yaşadılması yalnız burada yaşayan insanların sosial problemlərinin həlli ilə məhdudlaşmır. Bu yaşayış məntəqələrinin qorunub saxlanılması həm də kənd həyatının, yerli ənənələrin, təsərrüfatçılıq vərdişlərinin və ərazilərin məskunlaşmasının davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səyyar qəbul zamanı kənd sakinlərinin qaldırdığı məsələlər dinlənilib, hər bir müraciət ətrafında müzakirələr aparılıb. Müvafiq məsələlərin aidiyyəti qurumlarla birlikdə araşdırılması və imkanlar daxilində həlli istiqamətində tapşırıqlar verilib.

