Sağlam düşüncə və məsuliyyətli münasibət

 

Ailə, qadın və uşaq hüquqlarının qorunması, sağlam ailə münasibətlərinin təşviqi və cəmiyyətin sosial-demoqrafik problemlərlə bağlı maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) tərəfindən avqustun 13-də Talıstan kənd tam orta məktəbində icma sakinlərinin iştirakı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə uşaqların doğulmasından əvvəl cinsə görə seçimə yol verilməsinin mənfi nəticələri, selektiv abortların yaratdığı sosial və demoqrafik problemlər, eləcə də ailələrdə reproduktiv sağlamlıq məsələlərinə düzgün yanaşmanın vacibliyi barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan İsmayıllı UADM-in direktoru Ülviyyə Zeynalova iştirakçıları salamlayaraq mövzunun aktuallığından danışıb. Bildirilib ki, ailədə uşağın cinsindən asılı olmayaraq onun sağlam və təhlükəsiz mühitdə dünyaya gəlməsi və böyüməsi əsas dəyərlərdən biridir. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması cəmiyyətdə düzgün münasibətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mərkəzin sosial pedaqoqu Xatirə Bağırova çıxışında selektiv abortların sosial-demoqrafik nəticələrinə diqqət çəkib. O, uşağın cinsinə görə seçim edilməsinin yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətin demoqrafik tarazlığına təsir göstərə bilən məsələ olduğunu vurğulayıb.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Gülpəri Şahmuradova isə selektiv abortların qadın sağlamlığına mümkün təsirləri barədə məlumat verib. Həkim, həmçinin arzuolunmaz hamiləliyin qarşısının alınması üsulları, reproduktiv sağlamlığın qorunması və bu məsələlərdə tibbi məsləhətin əhəmiyyəti haqqında icma sakinlərini məlumatlandırıb.

Çıxışlarda ailə planlaşdırılması, qadınların sağlamlığının qorunması və gələcək nəslin sağlam böyüməsi ilə bağlı məsələlərə məsuliyyətli yanaşmanın vacibliyi qeyd olunub. Bildirilib ki, belə mövzularda aparılan maarifləndirici söhbətlər insanların düzgün və məlumatlı qərarlar qəbul etməsinə, mövcud problemlərin vaxtında tanınmasına və onların qarşısının alınmasına kömək edir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və xatirə şəkli çəkilib.

Belə maarifləndirici tədbirlərin keçirilməsi ailə dəyərlərinin qorunmasına, qadın və uşaq hüquqlarına hörmətin gücləndirilməsinə, həmçinin cəmiyyətdə sağlam düşüncə və məsuliyyətli münasibətin formalaşmasına xidmət edir.

Aytən Qubadova

UADM-ın əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir