İsmayıllı bələdiyyəsi altı ayın hesabatını açıqlayıb
İsmayıllı bələdiyyəsi 2026-cı ilin ilk altı ayında görülmüş işlər, yerli büdcəyə daxil olan maliyyə vəsaitləri və bələdiyyə mülkiyyətindən istifadə ilə bağlı hesabatını açıqlayıb.
Hesabat dövründə bələdiyyə büdcəsinin mədaxili 76 695,81 manat, məxarici isə 58 907,13 manat təşkil edib. Vəsaitlər əməkhaqlarının ödənilməsinə, sosial və kommunal xərclərə, aztəminatlı və həssas əhali qruplarına yardımlara, abadlıq və digər yerli əhəmiyyətli məsələlərin həllinə yönəldilib. Qeyd olunub ki, altı ay ərzində torpaq satışı və ya icarəsi həyata keçirilməyib.
Bələdiyyə ərazisində vergi və digər ödənişlərin toplanması, kommersiya obyektlərinin uçot məlumatlarının dəqiqləşdirilməsi istiqamətində tədbirlər görülüb. Tədiyyəçilərə 3 342 bildiriş çatdırılıb, 791 abonentə SMS göndərilib, borclarla bağlı 464 xəbərdarlıq məktubu təqdim olunub.
Yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində şəhərin Qəzli məhəlləsində və Füzuli küçəsində məhəllədaxili yollarda yağış və sel sularının axınının tənzimlənməsi üçün tədbirlər görülüb, qəbiristanlıqlarda təmizlik və abadlıq işləri aparılıb. İsmayıllı şəhərinin “Böyük Mərz” ərazisində avtomobil yollarının təmiri həyata keçirilib.
Hesabat dövründə bələdiyyə üzvləri ilə 13 yığıncaq keçirilib, 208 qərar qəbul edilib. Bələdiyyəyə 402 vətəndaş müraciəti daxil olub, sədr və müavinlərin qəbulunda 160 vətəndaş iştirak edib.
Hesabat İsmayıllı bələdiyyəsinin 14 iyul 2026-cı il tarixində keçirilmiş 16 saylı ümumi yığıncağında təsdiq edilib.
Elnur Nəcəfov

