Maddi-mədəni irsimizi qorumağa borcluyuq
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ölkənin doqquz şəhər bələdiyyəsində görüşlər keçirib.
Layihə çərçivəsində növbəti görüş İsmayıllı bələdiyyəsinin inzibati binasında keçirilib. Görüşdə bələdiyyə əməkdaşları ilə yanaşı, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, layihə rəhbəri Vüqar Cəfərov iştirak edib.
Görüş zamanı layihənin məqsəd və vəzifələri, eləcə də onun icrası nəticəsində əldə olunacaq nəticələr barədə məlumat verilib. Maddi-mədəni irsin qorunması, öyrənilməsi və təbliğində bələdiyyələrin imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb, maraqlı təklif və tövsiyələr səsləndirilib.
İki gün davam edən səfər çərçivəsində İsmayıllı bələdiyyəsində keçirilən görüşlə yanaşı, rayonda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, “Şahdağ” tarix, mədəniyyət və təbiət qoruğu, qədim məscidlər, eləcə də dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri ziyarət olunub.
Səfər iştirakçıları Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü”ndə qeydiyyata alınmış abidələrin bir qismi ilə də tanış olublar.
Layihənin əsas məqsədi əsrlərin şahidi və yadigarı olan maddi-mədəni irs nümunələrinin qorunması, onların öyrənilməsi və təbliği istiqamətində bələdiyyələrin rolunun gücləndirilməsi, bu qiymətli irsin gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir.
Ülkər Əsədova,
İsmayıllı bələdiyyəsinin əməkdaşı

