Maarifləndirmə işi vacibdir

İsmayıllı bələdiyyəsində bir qrup rayon ziyalısının iştirakı ilə “Erkən evlilik və qohum nikahları ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliklər” mövzusunda icma görüşü keçirilib. Tədbiri giriş sözü ilə Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ülviyyə Zeynalova açıb. İştirakçılara mövzunun cəmiyyət üçün əhəmiyyətindən və bu istiqamətdə maarifləndirmə işinin vacibliyindən danışıb.

Mərkəzin sosial pedaqoqu Xatirə Bağırova erkən evlilik və qohum nikahları ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər barədə ətraflı məlumat verib. Sosial iş üzrə mütəxəssis-psixoloq Aytən Qubadova isə zorakılığın psixoloji aspektləri, onun insanın psixoloji vəziyyətinə təsiri və qarşısının alınmasından danışıb.

İsmayıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov erkən və qohum evliliklərinin, eləcə də ailədaxili zorakılığın qarşısının alınmasında icma və aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyindən söz açıb.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qiyas Abdullayev, Elı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova ailədə sağlam münasibətlərin və qarşılıqlı hörmətin əhəmiyyətini vurğulayaraq, zorakılığın bütün formalarına qarşı mübarizənin vacibliyini qeyd ediblər. Əməkdar müəllim Mirvari Musayeva, şəhid anası Aynurə Mirzəliyeva, şəhid valideynləri Fuad və Lətifə Tağıyevlər çıxışlarında erkən və qohum evliliklərinin yaratdığı sosial və ailəvi fəsadlardan, bu halların qarşısının alınmasında maarifləndirmənin əhəmiyyətindən danışıblar.

 Xatirə Bağırova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir