Elin ziyalı oğlu
İnsan doğulduğu torpağın bir parçasına çevrilir. Həyatın dalğaları onu ömrünün hansı sahillərinə aparmasından asılı olmayaraq, həmişə qayıtmaq istədiyi, həsrətini çəkdiyi bir yurd yeri olur. Ora dünyaya göz açdığı, ilk addımlarını atdığı, ana qucağı qədər doğma və isti olan müqəddəs ocaqdır.
El arasında deyirlər ki, “İnsan yaşlandıqca torpaq onu özünə çəkir”. Bu hikmətli fikrin həqiqət olduğunu ömrünü doğma elinə bağlamış insanların taleyində aydın görmək mümkündür.
Bu yazıda məhz belə ziyalılardan biri – İsmayıllı rayonunun axarlı-baxarlı, Qəhliyə dağının ətəyində yerləşən qədim Tircan kəndinin yetirməsi, iqtisadçı, jurnalist, yazıçı, el ağsaqqalı Vaqif Əhməd oğlu Məmmədov haqqında söz açmaq istəyirəm.
Vaqif Məmmədov 1941-ci ildə – İkinci Dünya müharibəsinin başlandığı ağır bir dövrdə dünyaya göz açmışdı. Ata qayğısından erkən məhrum qalan balaca Vaqif anasının zəhməti və qayğısı ilə böyümüş, Tircan kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdu.
Uzun illər ixtisası üzrə çalışsa da, qələmdən heç vaxt ayrılmadı. Müxbir kimi fəaliyyət göstərdi, müxtəlif mövzularda publisistik yazılar yazdı, respublikanın dövri mətbuat orqanları ilə əməkdaşlıq etdi. Səmərəli yaradıcılıq fəaliyyətinə görə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü seçildi.
Bir neçə il əvvəl Vaqif müəllim və ömür-gün yoldaşı Həqiqət xanımla yaxından tanış olmaq mənə də qismət olmuşdu. Onların sadəliyi, səmimiyyəti və qonaqpərvərliyi ilk görüşdən insanı özünə bağlayırdı.
Vaqif müəllim doğma kəndinin tarixini, ağsaqqalların xatirələrini, şahidi olduğu hadisələri ömrü boyu böyük səbirlə toplayıb qoruyurdu. Bu zəngin materiallar sonradan “Tircan” və “İsmayıllı həqiqətləri” kitablarında öz əksini tapdı. Bu əsərlər təkcə müəllifin yaradıcılıq uğuru deyil, həm də gələcək nəsillərə qiymətli bir tarix və yaddaş ərməğanıdır.
Onun yazıları sadəcə məqalə deyildi. Hər sətirdə doğma yurda məhəbbət, tarixə hörmət, insanlara sevgi duyulurdu. O, bildiklərini sözün yaddaşına köçürərək zəngin bir irs yaratdı.
Səksən yaşını ötsə də, Vaqif müəllim fəaliyyətini dayandırmamışdı. Dövri mətbuatda və sosial şəbəkələrdə tez-tez çıxış edir, aktual mövzulara münasibət bildirir, doğma Tircanın problemlərini qaldırır, onların həlli yollarını göstərməyə çalışırdı.
O, kənddə “Tircan Xeyriyyə Cəmiyyəti”nin yaradılması təşəbbüsünü də irəli sürmüşdü. Məqsədi kəndin tarixi-mədəni irsini qorumaq, uçub-dağılmaq təhlükəsi ilə üzləşən qədim abidələrin bərpasına kömək etmək idi. Təəssüf ki, yaşı bu nəcib arzunu tam həyata keçirməsinə imkan vermədi.
Vaqif Məmmədov təkcə peşəkar iqtisadçı deyildi. O, incə ruhlu söz adamı, təcrübəli jurnalist, vətənini sevən ziyalı idi. Sözün hikməti dilinə, nur isə çöhrəsinə hopmuşdu. Doğma kəndə hər səfəri ona yeni yazılar yazmaq, yeni araşdırmalar aparmaq üçün ilham verirdi.
Ömrünün son illərində də doğma İsmayıllının və Tircan kəndinin inkişafı naminə xeyirxah işlər gördü. Gənc rejissor Babək Abbasovun 1918-ci ildə Tircan kəndində erməni daşnaklarının törətdiyi qırğınlardan bəhs edən “Nəsil yaddaşı” sənədli filminin ərsəyə gəlməsində də onun “Tircan” kitabı mühüm mənbələrdən biri oldu.
Təəssüf ki, filmin çəkilişləri başa çatmamış Vaqif müəllim əbədiyyətə qovuşdu. Lakin çəkilişlərin bir hissəsində iştirak etməyə, öz xatirələrini bölüşməyə nail oldu. Beləliklə, onun səsi və xatirələri gələcək nəsillər üçün ekran yaddaşına da köçürüldü.
Hər bir ziyalı, sənətkar, alim və yaradıcı insan öz el-obasının mənəvi simasıdır. Tircan kəndi də tarix boyu yetişdirdiyi ziyalıları ilə tanınıb. Vaqif Məmmədov həmin ziyalılar sırasında layiqli yeri olan, kəndinin adını uca tutan şəxsiyyətlərdən biri idi.
Dünya fanidir, insan ömrü əbədiyyətə qovuşmaqla tamamlanır. Lakin əsas olan arxada necə bir iz qoymağındır. Vaqif müəllim özündən sonra yalnız gözəl ad deyil, həm də vətənpərvər övladlar, qiymətli kitablar və silinməz mənəvi irs qoyub getdi.
2025-ci ilin isti avqust günlərinin birində Vaqif Əhməd oğlu Məmmədov bu dünya ilə vidalaşaraq haqq dünyasına qovuşdu.
Bu məqamda ustad Məhəmmədhüseyn Şəhriyarın misraları yada düşür:
Bir insan köçərsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda sonsuz diləklər,
Hər kiçik tabutda bir cahan gedir.
Doğrudan da, hər insan özü ilə bir ömür, bir tarix, bir dünya aparır.
İl dönümü yaxınlaşan Vaqif müəllimi dərin ehtiramla yad edir, Allahdan ona rəhmət diləyirik. Qəbri nurla dolsun. Əziz xatirəsi doğmaları, dostları və onu tanıyan hər kəsin qəlbində daim yaşayacaq.
Övladlarına və bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Gülnarə Məsum

