Ömür keçdi, gün keçdi…
1976-cı ildə – düz 50 il bundan əvvəl Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib təyinatla İsmayıllı Rayon Partiya Komitəsinin orqanı olan “Zəhmətkeş” qəzetində işə başladım. Düzdü, o zaman qəzetdə boş ştat yox idi, amma gözəl və ağıllı bir gedişlə boş ştat yarandı – qayınatam, rəhmətlik Gülbaba Şəfaqətov həmin vaxt Qurbanəfəndi kənd məktəbinin direktoru işləyirdi və məhz həmin vaxt təqaüdə çıxırdı. “Zəhmətkeş” qəzetində işləyən, ixtisasca müəllim olan, təkcə yaxşı pedaqoq kimi yox, həm də bacarıqlı təşkilatçı kimi tanınan Hacıməmməd Məmmədovun bacarığını Rayon Təhsil Şöbəsi yetəri qədər dəyərləndirdi və o, Qurbanəfəndi kənd məktəbinə – təqaüdə gedən Gülbaba müəllimin yerinə direktor təyin edildi. Və mən təyinatla gəlmiş gənc kadr kimi gözlədilmədən işlə təmin olundum. 35 il “Zəhmətkeş”, “Cavanşir yurdu” və “Girdiman” qızetlərində müxtəlif vəzifələrdə işlədim.
2011-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan və yenicə fəaliyyətə başlayan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə direktor təyin edilərək qəzetdən ayrıldım. Bu ayrılıq sadəcə kağız üzərində oldu- “qəzetli illərim “ “İsmayıllı xəbərləri” ilə bu gün də davam edir. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində ilk gündən tanındıq, qəbul edildik. Mərkəzimiz mərkəzlər araslnda seçildi, fərqləndi, həmişə “nömrə 1” oldu. Elə bunun sayəsində illərlə Rayon Təhsil şöbəsinin binasında – bu arada o binada işlədiyimiz illərdə də, sonralar da təhsil şöbəsinin işçilərinə daim bizimlə olduqlarına görə çox təşəkkür edirəm- işlədik. 2021-ci ildə Mərkəz üçün müasir və gözəl bir bina tikildi, bu binanı yaxşı işimizlə rayona qazadırdıq, bunun üçün xüsusilə fəxr edirəm.
50 il – yarım əsr- bu illərrin 16-sı mənim üçün xüsusilə əziz və unudulmaz olub- bu Mərkəzlə keçib. Yoxdan bir Mərkəz yaratmaq, onu inkişaf etdirmək və daim ön sıralarda saxlamaq mənim üçün böyük qürur və xoşbəxtlikdir. Bu müddətdə dəfələrlə cənab Prezidentimizlə və Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyeva ilə şəxsən görüşmək nəsibim oldu. Əməyim “Tərəqqi” medalı, AQUPDK-nin Xatirə medalı, çoxsaylı Fəxri fərmanlarla qiymətləndirildi.
70 illik yubileyimin AQUPDK-də, şəxsən Komitə sədri Bahar Muradovanın iştirakı ilə yüksək səviyyədə qeyd olunması isə mənim üçün unudulmaz xatirə olaraq qalacaq. Həmin gün təqdim olunan təbrik məktubunda ömür yolumun, 50 illik ailə həyatımın və yarıməsrlik əmək fəaliyyətimin gözəl görən gözlərlə, çox dəyərli sözlərlə ifadə olunması mənim üçün ən qiymətli mükafatlardan biri oldu.
Bu gün 71 yaşın tamamında və 50 illik əmək fəaliyyətimi başa vuraraq iş həyatımla vidalaşdım, çox sevdiyim iş kollektivindən xoş xatirələrlə ayrıldım… qoyduğum izlərlə, dediyim sözlərlə xatırlanacağıma ümid edərək…
İş həyatı tamamlanır, həyat isə Allah nəsib edərsə, davam edir…




