Ana südü – körpəyə verilən ilk və ən qiymətli hədiyyədir
Ana südü dünyaya yeni göz açan körpənin anasından aldığı ilk, ən dəyərli qida, ən qiymətli hədiyyə və sağlam gələcəyə qoyulan ən mühüm sərmayədir.
Təbiətin möcüzəsi olan ana südü hər bir körpə üçün onun genetik xüsusiyyətlərinə uyğun yaradılmış bənzərsiz qidadır. Körpənin ilk qidası olan ağız südü (kolostrum) immun hüceyrələri, anticisimlər, vitaminlər və minerallarla olduqca zəngindir. Buna görə də ana südü körpənin ilk təbii peyvəndi hesab edilir və onu bir çox infeksiyalardan qorumağa kömək edir.
Elmi araşdırmalar davam etdikcə ana südünün tərkibində yeni faydalı komponentlər aşkar edilir. Bu isə bir daha sübut edir ki, ana südü körpənin sağlam böyüməsi və inkişafı üçün əvəzolunmaz təbii nemətdir. Ana südü körpənin həzm sisteminə uyğun ən ideal qidadır, onun beyin inkişafına, görmə qabiliyyətinə, immun sisteminin möhkəmlənməsinə və sağlam çəki artımına mühüm töhfə verir.
Ana südü ilə qidalanma yalnız körpənin deyil, ananın sağlamlığı üçün də olduqca faydalıdır. Əmizdirmə doğuşdan sonra orqanizmin daha tez bərpa olunmasına kömək edir, bəzi xəstəliklərin yaranma riskini azaldır, ana ilə körpə arasında ömürboyu davam edən güclü emosional bağlılığın formalaşmasına şərait yaradır. Körpənin özünü təhlükəsiz hiss etməsində, onun psixoloji inkişafında bu yaxınlığın rolu əvəzsizdir.
Ana südünün digər üstünlüyü onun həmişə təzə, steril və körpə üçün ən uyğun temperaturda olmasıdır. O, heç bir əlavə hazırlıq tələb etmir, ailə büdcəsinə qənaət edir və təbiətə zərər verməyən, tamamilə ekoloji təmiz qida mənbəyidir.
Əmizdirən ananın uğuru yalnız onun özündən asılı deyil. Ailə üzvlərinin, xüsusilə həyat yoldaşının qayğısı, mənəvi dəstəyi, rahat mühit yaratması ananın öz körpəsini inamla və davamlı şəkildə əmizdirməsinə mühüm təsir göstərir. Sağlam cəmiyyət sağlam ailədən, sağlam ailə isə sağlam körpədən başlayır.
Biz həkimlər 1–7 avqust Ümumdünya Ana Südü ilə Əmizdirmə Həftəsi çərçivəsində, eləcə də ilin bütün günlərində gənc anaları körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalandırılmasının, 2 yaşadək isə tamamlayıcı qidalarla birlikdə ana südünün davam etdirilməsinin əhəmiyyəti barədə maarifləndirməyə davam edirik. Eyni zamanda, ana südü ilə bağlı əsassız fikirlərin və yanlış təsəvvürlərin aradan qaldırılması, hər bir ananın bu sahədə düzgün məlumatlandırılması mühüm vəzifələrimizdən biridir.
Əziz analar! Körpənizə verə biləcəyiniz ən qiymətli hədiyyə sevgi dolu qucağınız və ana südünüzdür. Həyatın ilk günlərindən ona bəxş etdiyiniz bu misilsiz nemət övladınızın sağlam böyüməsinə, güclü immunitetə malik olmasına və xoşbəxt gələcəyinə xidmət edir. Unutmayaq ki, sağlam gələcəyin təməli ana südü ilə qoyulur.
Ana südü yalnız körpəni doyurmur, onun sağlamlığını, gələcəyini və həyata inamını bəsləyir.

