Muğamın adı dəyişmir…

   

Son vaxtlar informasiya məkanında tez-tez qəribə ifadələrlə rastlaşırıq. Filankəs atasının xatirəsinə “Ata muğamı” oxudu, anasına “Ana muğamı” həsr etdi, qardaşının vəfatından sonra “Qardaş Segahı” səsləndirdi…

Bu xəbərləri oxuyanda istər-istəməz sual yaranır: doğrudanmı Azərbaycan muğam sənətində belə muğamlar var? Cavab birmənalıdır: yox.

Muğam xalqımızın əsrlər boyu formalaşmış ən kamil musiqi sistemidir. Onun öz qanunları, öz məqamları, öz şöbələri, öz adları var. “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Bayatı-Şiraz”, “Çahargah”, “Humayun” və digər muğamlar yüzillərin sınağından keçmiş sənət inciləridir. Muğamın adını dəyişmək, ona qohumluq münasibətlərinə uyğun yeni adlar vermək nə musiqi elminə, nə də milli mədəniyyətimizə uyğun gəlir.

Bu cür ifadələrin meydana çıxması da təsadüfi deyil. Xatırlayanlar yaxşı bilirlər ki, ötən əsrin sonlarından başlayaraq bəzi toy və məclislərdə emosional anların təsiri ilə ifaçılardan “atam üçün bir Segah”, “anam üçün bir Segah”, “qardaşımın ruhuna bir Segah” oxunması xahiş edilirdi. Bu, insanların hisslərini ifadə etmək istəyindən doğan təbii hal idi və heç kim həmin hisslərin səmimiyyətinə kölgə sala bilməz.

Lakin zaman keçdikcə bu cür ifadələr bəzi hallarda xəbər mətnlərinə və ictimai dilə “Ata muğamı”, “Ana muğamı”, “Qardaş segahı” kimi daxil olmağa başladı. Məhz narahatlıq doğuran məqam da budur. Çünki hisslərin səmimiyyəti ilə musiqi terminologiyasını eyniləşdirmək olmaz. Muğam insanın duyğularını ifadə edə bilər, amma onun tarixi adı və elmi mahiyyəti dəyişməz qalmalıdır.

Əlbəttə, bir sənətkar qardaşını itirəndə Segah üstündə ağı deyə, yaxud Segah oxuya bilər. Ana dərdini də, ata nisgilini də, övlad həsrətini də muğamla ifadə edə bilər. Amma bu, oxunan muğamın adını dəyişmir. Segah yenə Segahdır, Şur yenə Şurdur.

Bədii ifadə ilə elmi termin arasında həmişə sərhəd olmalıdır. Əgər bu sərhədi qorumasaq, sabah “Bacı muğamı”, “Əmi muğamı”, “Xala muğamı”, “Bibi muğamı” kimi ifadələr də adi hala çevriləcək. Onda isə muğamın əsrlərlə formalaşmış terminologiyasını təsadüfi söz birləşmələri əvəz edəcək.

Media nümayəndələrinin də burada xüsusi məsuliyyəti var. Oxucunun diqqətini cəlb etmək naminə sensasiyalı başlıqlar seçmək olar, lakin milli-mədəni irsin terminlərini dəyişdirmək olmaz. Çünki bu ifadələri oxuyan gənc nəsil onları həqiqət kimi qəbul edir.

Milli mədəniyyət yalnız böyük konsert salonlarında deyil, gündəlik xəbərlərdə də qorunur. Bir sözün yanlış işlədilməsi bəzən onlarla səhifəlik kitabın verə bilmədiyi yanlış təsəvvürü yaradır.

Muğam bizim milli kimliyimizin sütunlarından biridir. Ona görə də onu yalnız sevərək deyil, həm də düzgün tanıyaraq və düzgün təqdim edərək qorumalıyıq.

Muğamın dili hisslərin dilidir. O, ata məhəbbətini də ifadə edir, ana şəfqətini də, qardaş ağrısını da. Lakin bu hisslər muğamın içində yaşayır, muğamın adında yox.

Gəlin milli irsimizi sevərkən onun əsl adlarını da qoruyaq. Çünki mədəniyyətə hörmət, hər şeydən əvvəl, onun doğru adlarını yaşatmaqdan başlayır.

Bu yazını heç kimin ünvanına irad tutmaq məqsədilə qələmə almadım. Məqsədim muğam sənətimizin saflığını və əsrlərlə formalaşmış terminologiyasını qorumağın vacibliyini bir daha xatırlatmaqdır.

Əslində bu məsələyə ilk növbədə muğamşünaslarımızın, musiqişünas alimlərimizin, konservatoriyalarımızın, təhsil müəssisələrimizin və mədəniyyət qurumlarımızın münasibət bildirməsi daha doğru olardı. Çünki milli-mənəvi sərvətlərimizin düzgün təqdim olunmasına görə məsuliyyət yalnız ifaçının deyil, bu sahəni araşdıran və öyrədən insanların da üzərinə düşür. Elmi əsaslandırılmış, aydın və prinsipial mövqe həm cəmiyyətdə yanlış təsəvvürlərin yaranmasının qarşısını alar, həm də muğam sənətimizin nüfuzunu daha da yüksəldər.

Bəzən “bir ifadənin nə fərqi var?” deyə düşünənlər tapılır. Halbuki mədəniyyət tarixində məhz belə “kiçik fərqlər” zaman keçdikcə böyük yanlışlıqlara çevrilir. Bu gün səssiz qaldığımız bir ifadə sabah həqiqət kimi qəbul oluna bilər. Buna görə də milli irsimizə münasibətdə dəqiqlik, məsuliyyət və peşəkarlıq hər birimiz üçün mənəvi borcdur.

Muğam xalqımızın ruhudur. Ruhun isə nə adı dəyişir, nə də mahiyyəti. Onu yaşadan da məhz öz adı, öz qanunları və öz əzəmətidir.

Muğam bütün dərdlərin dilidir, amma heç bir dərd muğamın adını dəyişmir.

Şahməmməd Dağlaroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir