“İnklüziv səyyar DOST” İvanovka kəndində
“İnklüziv səyyar DOST” layihəsi çərçivəsində növbəti səyyar xidmət İsmayıllı rayonunun İvanovka kəndində təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialının təşəbbüsü ilə keçirilən tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi və “Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub.
Səyyar xidmət zamanı İvanovka kəndində və ətraf ərazilərdə yaşayan həssas əhali qruplarına aid vətəndaşlara DOST Evi filialının göstərdiyi xidmətlər barədə ətraflı məlumat verilib, onların müraciətləri dinlənilib. Xüsusi təchiz olunmuş səyyar avtobusda yaradılmış xidmət məntəqəsində vətəndaşlara ilkin konsultasiyalar təqdim edilib.
Tədbir çərçivəsində iştirakçılar üçün müxtəlif mövzuda master-klas da keçirilib.
Layihənin əsas məqsədi həssas əhali qruplarına aid şəxslər üçün sosial xidmətlərin əlçatanlığını artırmaq, inklüzivliyin təşviqinə dəstək vermək və vətəndaş məmnunluğunun təmin edilməsinə töhfə göstərməkdir.
“İnklüziv səyyar DOST” layihəsinin növbəti mərhələlərdə İsmayıllı rayonunun digər kəndlərində də davam etdirilməsi nəzərdə tutulur.
“İsmayıllı xəbərləri”

