İsmayıllıda “Açıq qapı” günü keçirilib

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Mərkəzlərin psixoloq və sosial işçilərinin, həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən görüşdə ictimaiyyət nümayəndələrinin müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı ailə münasibətləri, gənclərin ailə qurması və cəmiyyətdə bu sahədə müşahidə olunan proseslərə də toxunulub. Söhbət əsnasında erkən evliliklərlə mübarizə istiqamətində görülən işlərin nəticələri fonunda ailə qurma yaşının getdikcə gecikməsi məsələsi də diqqətə çatdırılıb.

Görüşdə belə bir sual səsləndirilib: “Erkən evliliklərlə mübarizə aparıb, dövlət səviyyəsində müəyyən nəticələr əldə etdik. Bəs gecikən evliliklər qanun keşikçilərini narahat etmirmi?”

Sual ətrafında sadəcə söhbət və fikir mübadiləsi aparılıb. Məsələ hər hansı rəsmi tələb kimi deyil, gələcəkdə daha geniş müzakirəyə ehtiyac duyula biləcək sosial problem kimi gündəmə gətirilib.

Əslində, erkən evliliklərin qarşısının alınması nə qədər vacibdirsə, gənclərin ailə qurmasının müxtəlif səbəblərdən gecikməsi də cəmiyyət üçün düşündürücü məsələdir. Təhsil, məşğulluq, mənzil, maddi imkanlar, gələcəyə inam və digər sosial amillər gənclərin ailə qurmaq qərarına təsir göstərə bilər.

Bu baxımdan, bu gün sadəcə söhbət çərçivəsində səslənən sualın gələcəkdə daha geniş müzakirələrin mövzusuna çevrilməsi mümkündür. Çünki ailə siyasətində yalnız erkən evliliklərin qarşısının alınması deyil, gənclərin sağlam və dayanıqlı ailə qurmasına təsir edən səbəblərin araşdırılması da mühüm əhəmiyyət daşıyır.

Görüşdə ictimaiyyət nümayəndələrinin suallarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Nəvai Abbasov cavablandırıb.

Rəsul Rəhimli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir