“Səyyar Gənclər Xidməti” gəncləri bir araya gətirib
Azərbaycan Respublikasının Gənclər Fondunun həyata keçirdiyi “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində İsmayıllıda təşkil olunan proqram böyük maraqla qarşılanıb. 13-17 iyul tarixlərində keçirilən tədbirlərdə rayon gəncləri müxtəlif intellektual, maarifləndirici, idman və əyləncəli fəaliyyətlərdə fəal iştirak ediblər.
Layihə çərçivəsində keçirilən müsabiqə və yarışlarda fəallığı, istedadı, yaradıcılıq qabiliyyəti, bilik və bacarığı ilə fərqlənən gənclər mükafatlandırılıblar. Mükafatlar iştirakçılar üçün həm həvəsləndirici, həm də gələcək uğurlara stimul olub.
“Səyyar Gənclər Xidməti” layihəsinin əsas məqsədi region gənclərinin inkişafına dəstək vermək, onların asudə vaxtının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması, eləcə də yeni imkanlardan faydalanmasına şərait yaratmaqdır.
İsmayıllıda keçirilən tədbirlər bir daha göstərdi ki, rayon gəncləri öz potensialı, təşəbbüskarlığı və yaradıcılıq imkanları ilə seçilir, ölkənin gənclər siyasətinə layiqli töhfə verməyə hazırdırlar. Layihə iştirakçıların yaddaşında xoş təəssüratlarla qalan faydalı və yaddaqalan bir proqram kimi qiymətləndirilib.
Ruhəngiz Qasımova

